ZƏFƏRİ NƏYİN BAHASINA ƏLDƏ ETDİYİMİZİ MƏDƏNİYYƏTİN DİLİ İLƏ GÖSTƏRMƏK, ONUN ƏSL DƏYƏRİNİ DAHA DƏRİNDƏN DUYMAĞA KÖMƏK EDİR
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
ADA Universitetində Anım Günü ilə bağlı “Zəfər Rəqsi” filminin təqdimatı keçirildi. Tədbir maraqlı idi, diqqətçəkən idi, ölkəmizin müxtəlif ali təhsil ocaqlarından tələbələr və müəllim heyəti, eləcə də döyüş meydanında odun-alovun içindən qələbəyə qədər getmiş qazilər, şəhid ailələrinin üzvləri bir araya gəlmişdilər.
“Zəfər Rəqsi” Azərbaycanın Qarabağ Zəfərinin beşilliyinə həsr olunmuş, 2025-ci ildə ərsəyə gətirilən qısametrajlı bədii filmdir. Ekran işi “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü, “Balakhani Operating Company” şirkətinin dəstəyi ilə ASAN TV tərəfindən istehsal edilib və bu platformanın ilk bədii filmi hesab olunur.
Bunları bilirik. Amma bilmədiklərimiz də var. Bunlar - qısa müddətdə, böyük olmayan büdcəylə bu cür gözəl bir filmin necə ərsəyə gətirilməsi təfərrüatıdır. Bəzən bir işi ərsəyə gətirmək üçün ona tam qəlbən bağlananlar bir araya gəlir, bax müvəffəqiyyətin əsl rəhni də budur.
Film iki ayağını itirmiş qazinin yaşantılarından ibarətdir. Ata, ana və oğul – məhrumiyyətləri, əzabları üçlükdə çəkirlər, sonda isə dövlətin öz qazilərinə sahib çıxması onları kədər burulğanından qoparıb sevincə sürükləyir.
Tədbir ənənəvi qaydada - Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətənimizin suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva səhnədə göründü, “Zəfər Rəqsi” filmi barədə geniş məlumat verdi. Söhbətini tarixi bir uzlaşmayla başlayaraq o, filmin çəkilməsinə maddi dəstək göstərən “Balakhani Operating Company” şirkətinin olmasını, filmin Balaxanıda çəkilməsini də bir tale işi hesab etdi. Belə ki Azərbaycanın ilk filmi məhz Balaxanıda 1898-ci ildə çəkilib, “Balaxanı mədənində neft fontanı” adlı həmin filmi Aleksandr Mişon lentə alıb.
Şəfəq xanım qeyd etdi ki, “Zəfər Rəqsi” filmi “Ədibin Evi” tərəfindən keçirilən Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsəri - Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib.
Əlbəttə ki “Ədibin Evi”nin keçirdiyi Mir Cəlal adına Hekayə Müsabiqəsinin ədəbi funksionerlər tərəfindən ölkədə keçirilən ədəbi müsabiqələr arasında ən səviyyəli hesab edilməsini bu yerdə vurğulamaq lazımdır, çünki nəticə etibarı ilə ortaya çıxan hekayələr məhz “Heyvagülü” kimi süjet baxımından dolğun, məzmun baxımından maraqlı, bədii-estetik baxımındansa mükəmməl olurlar.
Tədbirin keçirildiyi günün, yəni sentyabrın 28-inin həm də görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq Mir Cəlalın anım gününə təsadüf etməsi isə onun anlamına və əhəmiyyətinə ikiqat güc qatırdı. Və bunu xatırladan Şəfəq Mehrəliyeva təsadüfi deyil ki söylədi:
“Yazıçı Mir Cəlal Azərbaycan ədəbiyyatında hekayəçilik janrının ən parlaq nümayəndələrindən biridir. Onun irsi bizə xatırladır ki, böyük ədəbiyyat həmişə böyük həcm demək deyil. Bəzən bir neçə səhifəlik hekayə uzun bir roman qədər dərin düşüncə doğurur, kiçik bir hadisə bütöv bir dövrün mənzərəsini canlandırır. “Zəfər Rəqsi” filmi ilə biz, Mir Cəlalın məhz bu üslubunu əks etdirməyə çalışmışıq. Qısa 40 dəqiqəlik filmlə Azərbaycanın tarixi Zəfərinin çox tərəflərinə toxunmaq və onun arxasında duran nəinki keçmiş, həm də gələcəyimizə aid arzularımızı göstərməyə çalışmışıq”.
Filmin nümayişindən sonra yaradıcı heyət tələbələrlə müzakirə apardı. Ssenari müəllifi və rejissor Gəray Həsən, baş rolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Vüsalə Ağamalıyeva Ağayeva, eləcə də ASAN TV-nın direktoru və filmin prodüsseri Emin Musəvi bu layihənin onların hər biri üçün xüsusi əhəmiyyət kəsb etdiyini, şanlı tariximizi yaşadıb gənc nəslə ötürməkdə mədəniyyət sahəsinin üzərinə də vəzifələr düşdüyünü bildirdilər.
Filmdə baş qəhrəmanı - qazini canlandıran tanınmış aktyor Azər Aydəmir bu layihə haqqında öz fikirlərini bölüşərkən qeyd etdi ki, öz karyerasında ilk dəfə qazi obrazını canlandırırdı və bu rol onun üçün həm son dərəcə məsuliyyətli, həm çətin, həm də çox qürurvericidir. O, kinomatoqrafiya sahəsində çalışanların bu mövzulara toxunmasını qələbəmizə bədii bir töhfə kimi dəyərləndirdi və tamaşaçıların bu filmi sevərək daha çox insanla paylaşmasını arzuladı.
Çəkiliş prosesi və bəzi maraqlı faktları da sadalayaq.
Filmin ən təsirli və dəyərli tərəflərindən biri odur ki, çəkilişlərin bəzi səhnələrində layihəyə dəstək verən hasilat şirkətində çalışan real Vətən müharibəsi qaziləri də rol alıblar.
Ekran əsərinin ümumi hazırlığı təxminən iki ay ərzində ərsəyə gəlib, əsas çəkiliş prosesi isə iki həftə davam edib.
Müharibə sonrakı psixoloji və fiziki reabilitasiya mövzularının dürüst və həssas şəkildə çatdırılması üçün çəkiliş prosesində YAŞAT Fondu ekspert qismində yaxından iştirak edib.
Təəssüratlarını bölüşən Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn müharibə iştirakçıları və onların ailə üzvlərinin təcrübələrini yaradıcı şəkildə olsa da, dəqiqliklə və təsirli şəkildə canlandıran bu milli kino nümunəsinə görə təşəkkürünü bildirdi.
Tədbiri yekunlaşdıran ADA Universitetinin rektoru Hafiz Paşayev “Zəfər Rəqsi” filmi heyətinə uğurlu layihəyə görə təbriklərini çatdırdı, bu qəbildən işlərin beynəlxalq səviyyədə də tanınmasına ehtiyac olduğunu söylədi. Hafiz Paşayevin rejissorla və aktyorlarla dialoqu da maraqlı oldu. O, qeyd etdi ki, bu heyət işin ən mükəmməlini yerinə yetiribdir, bu səbəbdən də bütün digər işlər üçün bir örnək rolunu oynayacaq. Hafiz Paşayev filmin beynəlxalq müstəviyə çıxmasını isə qısametrajlı filmlərə dünya çapında olan maraqla bağladı, məhz bu formatda yeni filmlərin çəkilməsini Azərbaycan kinosunun beynəlxalq arenaya çıxa bilməsini şərtləndirən amil kimi göstərdi.
Qeyd edək ki, “Zəfər Rəqsi” bədii filmi 2026-cı ildə Rusiya, Kanada, Hindistan, İsveç, Almaniya, Niderland Krallığı və Bolqarıstanda keçirilən Beynəlxalq Film Festivallarında münsiflər heyətinin rəğbətini qazanıb, Türkiyədə TURAN Film festivalında TÜRKSOY təşkilatının xüsusi mükafatına layiq görülüb.
“Zəfər rəqsi” filmi premyeradan dərhal sonra İctimai Televiziyanın (İTV) efirində geniş tamaşaçı auditoriyasına təqdim edilib. Ekran işinin rəsmi videosunu və fraqmentlərini, eləcə də layihənin gedişatını ASAN Radio Facebook Video Səhifəsi və müvafiq rəsmi media platformaları üzərindən izləmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(29.09.2026)


