Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Birləşmiş Millətlər Təşkilatı (BMT)… – Adındakı “birləşmiş” sözü özü böyük bir bəşəri idealıdır. Millətlər fərqli ola, maraqlar toqquşa bilər, dövlətlərin gücü, ərazisi, iqtisadiyyatı eyni olmaz; lakin heç olmasa hüquq qarşısında birləşmək, sülhün, ədalətin, insan ləyaqətinin qorunmasında ortaq iradə göstərmək mümkündür – BMT fəlsəfəsinin təməlində duran ümid də bu olmalı.
Amma dünya bu gün getdikcə daha sərt bir sualla üz-üzə qalır:
Birləşmiş Millətlər, yoxsa Birləşməmiş Millətlər?..
BMT Baş Assambleyasının zalına baxırsan: bir ölkənin lideri danışır, özünü “qarşı tərəf” sayan ölkənin nümayəndələri zalı tərk edir. Bir az sonra başqa dövlətin rəhbəri tribunaya çıxır, bu dəfə o birilər ayağa qalxıb gedir.
Beləcə, dünya diplomatiyasının ən böyük salonunda qarşılıqlı boşaldılan stullar “dinləyir”, stullar “danışır”.
Halbuki diplomatiyanın anlamı danışmaqdan daha çox dinləməkdir.
Səni təsdiqləyəni dinləmək asandır. Sənin diplomatiya mədəniyyətin məhz səni rahatsız edən sözü eşidə bildiyin yerdə sınanır.
Əlbəttə, etiraz da siyasi mövqedir. Zalı tərk etmək də bir etiraz formasıdır; lakin burada daha dərin bir sual yaranır - əgər dünya bir-birini yalnız razı olduğu zaman dinləyəcəksə, onda BMT nəyə yarar?
Bir-birimizi dinləməmək üçün ayrıca dünya təşkilatına ehtiyac yoxdur.
Bəşəriyyət BMT-ni məhz bir-birini dinləyə bilməyənlərin danışa biləcəyi son böyük masa kimi qurmamışdımı?..
Bəlkə, beynəlxalq diplomatiyanın etik kodeksində yazılmamış, amma çox önəmli bir prinsip də olmalıdır:
Sözə dolu başla cavab ver, boş stulla yox…
Çün haqq sözə qarşı zalı tərk etmək haqq sözü qətiyyən yox etmir. Haqsız sözə qarşı zalı tərk etmək də haqsızlığı sübut etmir, təbii.
Sözün cavabı yenə söz, dəlilin cavabı dəlil, tarixin cavabı sənəd, hüququn cavabı hüquqdur.
Yoxsa ədaləti necə təmin edəcəyik?
Necə təbliğ edəcəyik ədaləti?
Adilliyi necə tərənnüm edəcək, bəs necə təcəlli etdirəcəyik?
Mən bu sualları uzaq bir ölkənin müşahidəçi vətəndaşı kimi vermirəm.
Mən BMT Təhlükəsizlik Şurasının ölkəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin onilliklər boyu icrasını gözləmiş bir dövlətin vətəndaşıyam.
822, 853, 874, 884… – Bunlar məgər dörd rəqəmdirmi, sadəcə?.. – Bir xalqın beynəlxalq hüquqdan cavab gözlədiyi uzun illərin dörd sənəd sayıdır bunlar – uzun, üzücü illərin sayı, sayalağı, “tutalğacı”...
Bəli, qətnamələr, konkret tələblər vardı, beynəlxalq hüquq vardı; amma bəs icra?.. – Bax, burada beynəlxalq sistemin ən böyük paradokslarından biri üzə çıxır: ədalətin bəlgələşdirilməsi hələ ədalətin təmin edilməsi sayılmır.
Kağız üzərində hüquqla gerçək həyatda hüquq arasında böyük məsafə yarananda, həmin boşluqda yalnız bir dövlətin problemi yaranmır – bütövlükdə beynəlxalq hüququn nüfuzu aşınır.
Əgər qətnamə qəbul edilir, amma onun icrası onilliklərlə təmin olunmursa, sadə insanın beynində çox təhlükəli bir sual doğulmazdımı? – Qərarın arxasında onu gerçəyə çevirəcək iradə yoxdursa, qərarın xalis çəkisi nə qədərdir?
Azərbaycan həmin tarixi paradoksu yaşadı.
Üstəlik, “münaqişə”nin – əsl adı ilə Ermənistanın öz havadarlarının tam dəstəyi ilə sürdürdüyü işğalın çözümü üçün yaradılmış ATƏT-in Minsk Qrupunun üç həmsədri – ABŞ, Fransa və Rusiya – eyni zamanda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü idi.
Bu faktın özü ayrıca siyasi-fəlsəfi sualdır.
Dünyanın ən böyük siyasi və hərbi güc mərkəzlərindən üçü bir problemin həllində vasitəçidirsə, üstəlik, beynəlxalq sülh və təhlükəsizlik üçün özəl məsuliyyət daşıyan Təhlükəsizlik Şurasının daimi üzvləridirsə, sonucsuz uzanan onillikləri yalnız “mürəkkəb münaqişə”, “təmas axtarma”, “status-kvo”-mvo ifadə və ifadəsizlikləri ilə izah etmək yetərlidirmi?
Tarix bu suala öz hökmünü verəcək, əlbət.
Azərbaycan isə gözləməklə yetinmədi.
6 il bundan öncə – 2020-ci ilin 27 sentyabrında bütün cəbhə boyu başlayan əks-hücumla bölgənin hərbi-siyasi gerçəkliyi kökündən dəyişdi; Dəmir Yumruq sayəsində proseslər Azərbaycanın öz ərazisi üzərində nəzarətini bərpa etməsi ilə sonuclandı. İllərlə kağız üzərində qalmış beynəlxalq hüquq müddəaları ilə meydandakı yeni gerçəklik arasındakı uçurum aradan qalxdı.
Burada məsələ məgər təkcə Azərbaycandırmı?
Məsələ “beynəlxalq hüququ kim qoruyacaq?” sualınca böyükdür.
Əgər beynəlxalq təşkilatların qərarlarının icrası yalnız dövlətlərin gücündən, siyasi imkanından və tarixi məqamdan asılı qalacaqsa, onda kiçik dövlətlərin beynəlxalq hüquqa inamını nə qoruyacaq?
BMT-nin böhranı, məncə, qətnamə qəbul edə bilməməsi ilə bitmir.
BMT qətnamə qəbul edir, açıqlama verir, çağırış edir, müzakirə aparır.
Budur, əsas böhran sözlə sonuc arasındakı məsafədədir.
Dişsiz hüquq bir müddət sonra hüquq olmaqdan çıxıb arxiv bəlgəsinə çevrilə bilər.
Ədalət isə arxiv üçün yaradılmayıb axı.
Ədalət yaşamaq üçün deyilmi? –
İnsanı qorumaq üçün, dövləti qorumaq, sülhü qorumaq üçün deyilmi ədalət?..
BMT-nin tribunası dünyanın ən uca tribunalarından biri, formal olaraq birincisidir; lakin tribunanın ucalığı binanın mərtəbəsi və digər fiziki parametrlərlə ölçülmür – ölçü-ülgü orada deyilən sözün dünyada nə qədər qarşılığı olmasına bağlıdır.
Ona görə də BMT-yə qarşı ən böyük tələb onu öz adına, “Birləşmiş” sözünün anlamına qaytarmaqdır!
Elə bir BMT ki, orada böyük dövlətin hüququ ilə kiçik dövlətin hüququnun çəkisi ayrı olmasın.
Elə bir BMT ki, qətnamə yalnız qəbul edilməsin – icrası da beynəlxalq məsuliyyət sayılsın.
Elə bir BMT ki, dövlətlər bir-birini eşitmək istəmədikləri zaman belə eyni zalda oturmağın məsuliyyətini daşısınlar.
Çün dünya eyni fikirdə olanların birliyi olmasa da, fərqli olanların bir yerdə yaşamaq zorunluluğudur.
BMT də bax, bu zorunluluğu mədəniyyətə, hüquqa və ədalətə çevirmək üçün yaradılıb.
Yoxsa…
sabah-birisigün yenə bir dövlət başçısı danışanda o birilər çıxacaq,
o biri danışanda bunlar çıxacaq;
bir qətnamə qəbul ediləcək – icrası gəlməyəcək, ikinci qəbul ediləcək – yenə gəlməyəcək… və bir gün insanlıq təşkilatın adındakı bircə anlayışa ilişib qalacaq – Birləşmişmi?..
Biz istərdik, BMT yenə və həmişə birincisi olsun, adı doğrulsun.
Bəşəriyyətin ədalət çevrəsində birləşə bilən millətlərə ehtiyacı var.
“QALİB GƏLƏCƏKMİ CAHANDA KAMAL?”… – Vurğunca sualdır.
Ədalətə vurğunlara salam olsun!
Dövlətimiz zaval görməsin!
“Ədəbiyyat və incəsənət”
(25.09.2026)


