Varis,
“Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru
Bizim kino cameəsinin də, kinosevərlərin də başı qarışıbdır Kinematoqrafçılar İttifaqındakı 11 sentyabr seçkisinə, 81 yaşlı Şəfiqə Məmmədovanın sədr seçilməsinə. Nyu-Yorkda 25 il əvvəl baş vermiş 11 sentyabr teraktı heç bu 11 sentyabr seçkisi qədər səs-səda qoparmamış kimi görünür. Amma dünyanın kino ictimaiyyətinin diqqəti əlbəttə ki Bakının Bülbül küçəsi 30 ünvanında deyil, diqqətlər İtaliyanın Venesiya şəhərinə yönəlibdir, şənbə gecəsi orada 58-ci Venesiya Film Festivalı başa çatıb.
Mən bu yazımda Venesiyada kimlərin “Qızıl və Gümüş Şirlərə” - festivalın əsas mükafatlarına layiq görüldüyündən bəhs etməyəcəyəm, bu barədə mənbələrdə, elə bizim “Ədəbiyyat və incəsənət” portalında kifayət qədər məlumat var. Mən Venesiyada səslənən “Bakı” kəlməsindən söz açacağam. Bəli, 2026-cı il Venesiya Film Festivalının ən diqqətçəkən nəticələrindən biri rusiyalı rejissor İlya Xrjanovskinin “DAU” filminə görə ən yaxşı rejissor mükafatına – “Gümüş Şir”ə layiq görülməsi oldu. Xrjanovskinin təxminən iyirmi il əvvəl başladığı nəhəng kino layihəsinin mühüm yekunu olan bu möhtəşəm filmdə mərkəzdə Lev Landau obrazı dayanır, Lev Landau da kimdir, bakılıdır.
Filmə keçməzdən öncə Landaunun özünə keçək. Mən əmin deyiləm ki çox adam bu dünyaşöhrətli alim barədə məlumatlıdır.
Lev Davidoviç Landau milliyyətcə yəhudidir, 22 yanvar 1908-ci ildə Bakıda, o dövrdə Rusiya imperiyasının tərkibində olan beynəlmiləl şəhərdə anadan olub. Cəmi 60 il yaşayıb, 1 aprel 1968-ci ildə isə Moskvada vəfat edib.
Landaunun uşaqlıq illərinin Bakısı neft sənayesinin sürətlə inkişaf etdiyi, çoxmillətli və elmi-mədəni mühitin formalaşdığı şəhər idi. Lev uşaqlıqdan qeyri-adi riyazi qabiliyyəti ilə seçilirmiş. Belə uşaqlara vunderkind deyilir. O, 13 yaşında gimnaziyanı bitirib, universitetə yaşı çatmadığından, Baki İqtisadiyyat Texnukumuna oxumalı olub. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul olunub, burada eyni zamanda iki fakültədə - Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil alıb. 1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilərək oranı da 1927-ci ildə bitirib. Daha sonra Leninqrad Fizika-Texniki İnstitutunda aspirant təhsilini davam etdirib və cəmi 21 yaşında doktor dərəcəsini alıb. Mükəmməl nəticədir, deyilmi?
Mənbələrə baxıram və məəttəl qalıram. Onun elmi maraq dairəsi son dərəcə geniş olub. O, kvant mexanikası, bərk cisimlər və plazma fizikası, kvant mayeləri, superkeçiricilik və başqa sahələrdə fundamental nəzəriyyələr yaradıb, adı dillərdə gəzib. Və ən əsası - maye heliumun superaxıcılığı ilə bağlı nəzəriyyəsinə görə 1962-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb, beləliklə də, Bakıda dünyaya gələn bir alim XX əsrin dünya fizikasının ən böyük simalarından birinə çevrilib. Onun tərcümeyi-halı, nailiyyətləri, dünya elminə qatqıları barədə milyonlarla mənbələr vardır, hamısında da “Bakı” kəlməsi dominantlıq təşkil edir. Dahiləri tək genlər deyil, həm də yaşadıqları mühit, aldıqları təhsil və çevrələri yetişdirdiyindən, Landau kəlməsini də Bakı kəlməsi olmadan işlətmək mümkünsüzdür.
İndi də qayıdaq filmə. Razılaşın ki ekşn, fantastika, kriminal və qorxu filmlərinin cövlan edib meydan suladığı bir zamanda bu cür tarixi, sənədli dramların uğur qazanması tam istisnadır və bu istisnanın da baş verməsi Lev Landau şəxsiyyətinin yenilməz gücündədir. Rejissorun fədakarlığını da bura əlavə edərdim.
Filmin adı – “DAU” – təsadüfi seçilməyib. Lev Landau yaxınları və həmkarları arasında “Dau” təxəllüsü ilə tanınırdı. Xrjanovskinin layihəsinin adı da məhz bu təxəllüsdən götürülüb. Filmdə baş rolu yunan-rus dirijor və musiqiçi Teodor Kurentzis canlandırıb. “DAU” Landaunun həyatını sənədli dəqiqliklə təkrarlayan bioqrafik film olmaqdan daha çox, onun obrazı vasitəsilə Stalin dövrünün Sovet cəmiyyətini, totalitar hakimiyyətin insan psixologiyasına təsirini və dahinin belə bir sistemdə yaşamaq məcburiyyətini araşdıran bədii əsərdir.
Lakin rejissor üçün Landau yalnız Nobel mükafatı almış böyük fizik deyil. O, eyni zamanda dahiliklə insan zəifliklərinin bir bədəndə birləşdiyi mürəkkəb şəxsiyyətdir. Filmin əsas məqsədlərindən biri də bu ziddiyyəti göstərməkdir.
Hadisələr Sovet İttifaqının Stalin dövrünün ağır atmosferi fonunda cərəyan edir. Landau elmi istedadı sayəsində sistem üçün son dərəcə qiymətli insandır. Dövlət onun biliyinə ehtiyac duyur. Lakin eyni dövlət onun üzərində hakimiyyət də qurur. Və burada filmin əsas qarşıdurması yaranır: dahi insan dövlət üçün nə qədər qiymətlidir və dövlət həmin dahidən nə tələb edə bilər?
Əlbəttə ki sovet adamı bu sualın cavabını yaxşı bilir. 37-ci il repressiyasında minlərlə işıqlı adamımızı məhv edən qırmızı terrorun azadfikirliliyə necə tabu qoyduğunu biz cavidlərin, müşfiqlərin, yusif vəzirlərin timsalında gözəl bilirik. Landau da azad düşünmək istəyən alim idi. Sovet sistemi isə insanın, o cümlədən alimin, dövlət məqsədlərinə tabe olmasını tələb edir. Bu məqsədlər isə bütün fərqlilik və üstünlüklərini axtalamaqla səni broylerdə hamı ilə eyniləşdirməkdə iddialıdır.
Və təbii ki, Landau da qırmızı terrora məruz qalanlardan olub, 1938-ci ildə rejim onu da zindana atıbdır. Orada içgəncələrə məruz qoyulub, iki qabırğası sındırılıb, dişlərini töküblər. Landau– dövlət qarşıdurması xüsusilə Landaunun elmi fəaliyyətinin hərbi məqsədlərlə əlaqələndirilməsi məsələsində kəskinləşir. Film onun elm, vicdan və dövlət qarşısında məsuliyyət arasında qaldığı mənəvi dilemmanı ön plana çıxarır.
Filmə baxarkən Landaunun necə bir elm sahəsi nəhəngi olduğu dərhal sezilir. O, XX əsr nəzəri fizikasının ən universal alimlərindən biri sayılır, yalnız Sovet fizikasının deyil, XX əsr dünya nəzəri fizikasının əsas simalarından biri hesab olunur. Amma XX əsrin ortalarında axı fizika yalnız fundamental elm deyildi. Atom enerjisi, nüvə silahı və hərbi texnologiyalar uğrunda yarış alimləri birbaşa dövlət siyasətinin mərkəzinə gətirmişdi. Landau kimi fiziklər özlərini belə bir vəziyyətdə tapırdılar: yaratdıqları və ya izah etdikləri elmi biliklər insanlığın inkişafına xidmət də edə bilərdi, amma eyni biliklər kütləvi məhvetmə silahlarının yaradılmasına da çevrilə bilərdi.
“DAU” məhz bu mənəvi dilemmanı Landau obrazı üzərindən göstərir.
Film daha çox Landaunun ətrafında qurulmuş qapalı dünyanın portretidir. Burada alimlər, dövlət məmurları, təhlükəsizlik strukturları, qadınlar və müxtəlif sosial qruplar eyni sistemin içində yaşayırlar. Hər kəsin üzərində görünən və görünməyən nəzarət var. Landau isə bu dünyanın içində həm dahi, həm də ziddiyyətli insandır.
O, qeyri-adi intellektə malikdir, lakin şəxsi münasibətlərində məsuliyyətsiz və bəzən qəddar davrana bilir. Film onun emosional soyuqluğunu, qadınlarla münasibətlərini, xəyanətlərini və şəxsi həyatda yaratdığı dağıntıları da göstərir. Tənqidçilərin yazdığı kimi, ekran əsərində Landau yalnız qəhrəman alim kimi deyil, həm də mənəvi cəhətdən mürəkkəb və ziddiyyətli insan kimi təqdim olunur. Bu xüsusiyyət də filmi adi “böyük alim haqqında bioqrafik film”dən fərqləndirir.
“DAU” layihəsinin özünün yaranma üsulu da qeyri-adidir. Xrjanovski bu layihə üçün Ukraynanın Xarkov şəhərində nəhəng qapalı çəkiliş məkanı yaradıb və burada sovet institutunun atmosferini mümkün qədər real şəkildə canlandırmağa çalışıb. Niyə Xarkov? Çünki alim əsas fəaliyyətini məhz o vaxt Ukraynanın paytaxtı olan bu şəhərdə aparıbdır.
Layihəyə yüzlərlə iştirakçı cəlb olunub, sovet dövrünün geyimləri, interyerləri, gündəlik həyatı və davranış qaydaları bərpa edilib. Çəkilişlər illərlə davam edib. Bu səbəbdən “DAU” ənənəvi film istehsalından daha böyük bir kino eksperimenti kimi formalaşıb. “DAU”ya qədər bir neçə bədii, sənədli film çəkilib.
Venesiyada kino ekspertləri film barədə danışanda qeyd etdilər ki, filmdə iştirakçılar sadəcə dekorasiya qarşısında rol oynamırdılar, onlar müəyyən mənada yaradılmış sovet dünyasının içində yaşayır və həmin mühitdə davranırdılar, nəticədə də ortaya çıxan materialdan tək bu film yox, müxtəlif filmlər, seriallar və digər multimedia layihələri meydana gəlib.
“DAU” layihəsinin ideyası təxminən iyirmi il əvvəl başlayıb. Xrjanovski uzun illər ərzində böyük miqdarda material çəkib, “DAU” isə bu uzunmüddətli layihənin ən mühüm yekunlarından biri kimi qiymətləndirilir. Bu baxımdan Venesiyada alınan “Gümüş Şir” təkcə bir filmin rejissoruna verilən mükafat deyil. O, ənənəvi kino sərhədlərini genişləndirməyə çalışan böyük bir sənət layihəsinin tanınması kimi də qiymətləndirilə bilər.
Filmin uğur qazanmasında, məncə, əsas meyar filmin mahiyyətində yalnız “Lev Landau haqqında film” ifadəsinin dayanmamasıdır. “DAU” əslində üç mövzunun kəsişməsində qərarlaşıb: dahi insan – totalitar dövlət – mənəvi seçim. Landau elm qarşısında azad olmaq istəyir. Dövlət isə ondan öz məqsədlərinə xidmət etməsini gözləyir. Bu iki tərəfin arasında isə real insan – öz ehtirasları, qorxuları, sevgiləri, xəyanətləri və zəiflikləri ilə Landau dayanır. Məhz buna görə Xrjanovski onu ideal qəhrəman kimi göstərmir. “DAU”nun Landausu nə müqəddəs alimdir, nə də sadəcə sistemin qurbanı. O, dahiliyi ilə əxlaqi ziddiyyətləri eyni anda daşıyan insandır.
Xrjanovski böyük alimin həyatını sadəcə danışmır, tamaşaçını onun yaşadığı dünyanın içinə salmağa və dahiliklə hakimiyyət, elm ilə vicdan, azadlıqla qorxu arasındakı sərhədləri özünün müəyyənləşdirməsinə imkan verir.
Və sonda bir məsələyə də toxunmaq istəyirəm. Bu illərlə davam edən layihə zamanı İlya Xrjanovski tənqidlərə, hücumlara, hətta məhkəmə çəkişmələrinə məruz qalıbdır. Bir başqası bezərdi, usanardı, qorxardı, çəkinərdi. Amma o, sonadək duruş gətiribdir, “Gümüş Şir” ona bu dözümünə görə Tanrıdan gələn bir mükafat sayıla bilər.
Bəli, “DAU” layihəsi yalnız kino tarixinin ən iddialı eksperimentlərindən biri kimi deyil, həm də çəkiliş metodları ətrafında yaranmış ciddi etik mübahisələrlə yadda qalıb. Bu mübahisələrin ən kəskini 2020-ci ildə Ukraynada – Xarkovda “DAU. Degeneratsiya” filminin çəkilişləri zamanı uşaq evinin körpələrindən istifadə olunması ilə bağlı baş verib. Ukraynanın Uşaq Ombudsmanı Mıkola Kuleba “DAU. Degeneratsiya” filmindən internetdə yayılan kadrlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Söhbət Xarkovdakı uşaq evinin körpələrinin filmin çəkilişlərinə cəlb edilməsindən gedirdi. Kuleba həmin görüntülərin uşaqlar üçün potensial travmatik xarakter daşıdığını və onların belə səhnələrdə istifadəsinə kimin icazə verdiyinin araşdırılmasını tələb etmişdi. Bundan sonra məsələ hüquqi müstəviyə keçdi. İddiaların mərkəzində xüsusilə filmdə zorakılıq və qəddarlıq elementlərinin olduğu səhnələrdə körpələrdən istifadə edilməsi dayanırdı. Bu isə dərhal əsas sualı ortaya çıxardı: Kino sənəti naminə real uşaqları belə bir mühitə gətirmək nə dərəcədə etik və hüquqidir?
Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanlarında cinayət icraatı başlanmışdı. İş üzrə istintaq Xarkov vilayətinin Milli Polisinə həvalə edilmiş, prosesə isə yetkinlik yaşına çatmayanlarla bağlı işlər üzrə prokurorlar nəzarət etmişdilər.
Bu mərhələdə beynəlxalq mətbuatda hadisə daha sərt ifadələrlə də təqdim edildi və bəzi materiallarda “uşaqların işgəncəyə məruz qoyulması” barədə iddialar səsləndi.
Amma sonluq həppi-endlə bitdi: 2021-ci il fevralın 4-də Xarkov vilayəti Milli Polisinin Kommunikasiya şöbəsi açıqlama yayaraq bildirdi ki, aparılan istintaq nəticəsində çəkilişləri təşkil edən şəxslərin hərəkətlərində cinayət hüquqpozmasının əlamətləri müəyyən edilməyib.
Bu faktı xüsusilə vurğulamaq lazımdır: uşaqların çəkilişdə iştirakı ilə bağlı qalmaqal real idi, cinayət araşdırması da real idi, amma Ukrayna istintaqı nəticədə filmin yaradıcılarına qarşı cinayət törədildiyini təsdiqləmədi. Niyə?
Səbəb “DAU”nun ümumi çəkiliş fəlsəfəsi idi. Xrjanovski adi film çəkilişindən fərqli üsul seçmişdi. O, sovet institutunun və Stalin dövrünün atmosferini mümkün qədər real şəkildə yenidən yaratmaq istəyirdi.
Xarkovda nəhəng dekorasiya qurulmuş, aktyorlarla yanaşı müxtəlif sahələrdən insanlar layihəyə cəlb edilmişdi. Layihə illər ərzində böyüyərək adi bioqrafik filmdən çox daha geniş immersiv sənət eksperimentinə çevrilmişdi. Bu üsul filmin güclü tərəfi olmaqla yanaşı, onun ən böyük etik probleminə də çevrildi. Çünki rejissorun məqsədi “rol oynamaq” ilə “real davranış” arasındakı sərhədi mümkün qədər zəiflətmək idi.
Xrjanovski sovet totalitarizmini sadəcə dekorasiya və aktyor oyunu ilə göstərmək istəmirdi. O, iştirakçıları həmin atmosferin içinə salmaq istəyirdi.
Layihə sovet elmi institutunun tədricən xaosa, zorakılığa və mənəvi deqradasiyaya sürüklənməsini göstərir. Burada elm, ideologiya, hakimiyyət, seksuallıq və zorakılıq bir-birinə qarışır. Layihənin məqsədi yalnız Stalin dövrünün siyasi sistemini göstərmək deyil. Rejissor daha geniş sual verir: İnsan totalitar sistemin içində nə qədər tez öz mənəvi sərhədlərini itirə bilər? Elə sözügedən filmin adı – “Degeneratsiya” – da bu mənəvi və ictimai çürüməyə işarə edir.
Ukrayna dövləti layihənin mahiyyətini və dəyərini anlayaraq (belə ki, Stalin totalitarizmindən Ukrayna özü də çox tutarlı zərbə almışdı) güzəştə getməli oldu və layihə davam etdirildi. Sonradan başlayan Rusiya-Ukrayna müharibəsinə Rusiya vətəndaşı olan rus Xrjanovskinin münasibəti də duyulan idi. Totalitarizmi, hakim insanın tabeliyində olan insana qarşı zorakılıq kultunu tənqid edən bir rejissor Putin hökumətinə qarşı sərt mövqe sərgiləyərək Rusiya vətəndaşlığından imtina etdi.
Görürsünüzmü, kino sənətində “sərhəd haradadır?” sualına ən doğru cavab indi bizə aydınca göründü – bu sərhəd yoxdur.
Bizim kino cameəsinin də, kinosevərlərin də başı qarışıbdır Kinematoqrafçılar İttifaqındakı 11 sentyabr seçkisinə, 81 yaşlı Şəfiqə Məmmədovanın sədr seçilməsinə. Amma dünyanın kino ictimaiyyətinin diqqəti əlbəttə ki Bakının Bülbül küçəsi 30 ünvanında deyil, diqqətlər İtaliyanın Venesiya şəhərinə yönəlibdir.
Şənbə gecəsi orada 58-ci Venesiya Film Festivalı başa çatdı. Və bu festivalda bakılı Lev Landau barədəki film festivalın baş mükafatlarından birini qazandı.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)


