İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Jurnalistikamızın inkişaf yolunda əlbəttə ki Sovet dönəmindən sonrakı ilk müstəqil qəzetlərin və agentliklərin yaranması epoxası əsaslı rol oynayır. Həmin dövrdə parlayan adlar sırasında Fazil Güneyin də adı vardır. 20 avqust günü onun doğum günüdür, bu münasibətlə Azərbaycan Jurnalistlər Birliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb Fazil Güney barədə bilgilər əldə etdik.
Fazil Güney 20 avqust 1945-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində doğulub. 1963–1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsində ali təhsil alıb. 1967–1968-ci illərdə Əlcazair Universitetində təcrübəçi, 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunun müdavimi, 1985-ci ildə MEA Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin dissertantı olub. Ərəb filologiyası üzrə fəlsəfə doktorudur.
1961–1963-cü illərdə Cəbrayıl rayonlararası regional "Kolxozçu" (indiki Xudəfərin) qəzetinin və 1964–1966-cı illərdə isə Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetinin əməkdaşı olub. 1968–1970-ci illərdə Sovet Ordusunda və 1970–1973-cü illərdə Suriya Ərəb Respublikasında hərbi tərcüməçi işləyib.
1975–1977-ci illərdə "İnşaatçı" qəzeti və "Kirpi" satirik jurnalının əməkdaşı kimi fəaliyyət göstərib. 1977–1978-ci illərdə İraq Respublikasında SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi, 1979–1985-ci və 1987–1990-cı illərdə "Kirpi" satirik jurnalının əməkdaşı olub. 1986–1987-ci illərdə Liviya Cəməhiriyyəsində SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi işləyib.
1991–ci ildə Azərbaycanda ilk müstəqil informasiya agentliyinin yaradılması da onun adı ilə bağlıdır. Ta ki 2023-cü ilədək Fazil Güney AssA-İradə adlandırdığı bu informasiya agentliyinin təsisçisi və baş direktoru ampluasında qalmışdır.
1997–2012-ci illərdə Azərbaycanın mətbuat tarixində ilk ingilisdilli qəzetin təsisçisi və baş redaktoru da o olmuşdur. Söhbət "Azernews" qəzetindən gedir. 2013-cü ildən Fazil Güney ingilisdilli "Azeri Observer" jurnalının baş direktoru, 2014-cü ildən isə İƏT üzv Dövlətləri Jurnalistləri Assosiasiyası İB-nin sədridir. 2003–2013-cü illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının üzvü olub.
Misir, Səudiyyə Ərəbistanı, Livan, Türkiyə və Şimali Kiprə səfər etmiş Azərbaycan jurnalistlərinin nümayəndə heyətinə başçılıq edib. Azərbaycan Respublikasının sabiq Prezidenti, Ümummilli lider Heydər Əliyevin Türkiyə və İrana rəsmi səfərlərində jurnalist heyətinin tərkibində olub.
Sudanda (1995) keçirilmiş İslam ölkələri qurultayında, Mərakeşdə (2015) keçirilmiş İslam Ölkələri Gəncləri Forumunda Azərbaycanı təmsil edib.
Jurnalistikadakı uğurları ilə yanaşı Fazil Güney bədii ədəbiyyatla da məşğul olmuş, kitablar yazmışdır. O, "Ulduz sövdəsi" pamfletlər toplusunun (1989), Qarabağ Müharibəsindən bəhs edən 3 hissəli "Qara Qan" tarixi roman-trilogiyasının (2002–2022), "Yalanın gerçəkliyi" (2014), hekayə, povest və esselər toplusunun, ABŞ-da ingiliscə nəşr olunmuş "Reality in Lie" (2013) povest və hekayələr kitabının müəllifidir.
"Müasir Suriya romanı" (2005) və "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası" (2011) elmi monoqrafiyalarının, "Dilmanc" bədii-publisistik memuar əsərinin, publisistik, elmi və digər janrlarda yazılmış yüzlərlə məqalələrin, hekayə və esselərin müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox yaradıcılıq müsabiqələrinin qalibidir.
21 iyul 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
O ki qaldı təbrikə, ömrünün 81-ci ildönümünə qədəm qoyan Fazil müəllimi Azərbaycan Jurnalistlər Birliyi səmimi qəlbdən təbrik edir, ona cansağlığı, tükənməz həyat eşqi və səmərəli fəaliyyətinə davam arzulayır. “Ədəbiyyat və incəsənət” portalı adından biz də bu səmimi təbrikə qoşuluruq.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)


