Rusiyalı politoloq:"İranın itirəcək çox şeyi qalmayıb" Featured

Fatimə Məmmədova,

 "Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla məsləhətləşmələri davam etdirdiyini və iki ölkə arasında münasibətlərin normallaşacağına ümid etdiyini bəyan edib. Bu açıqlama ABŞ-İran münasibətlərinin gələcək istiqaməti ilə bağlı sualları yenidən aktuallaşdırıb. Trampın bəyanatı diplomatik nikbinliyin ifadəsi kimi dəyərləndirilsə də, prosesin real nəticələri ilə bağlı fərqli yanaşmalar mövcuddur.

 

Rusiyalı politoloq Boqdan Bezpalkonun"Ədəbiyyat və İncəsənət" portalına özəl açıqlaması

 

Rusiyalı politoloq Vaşinqtonun hazırkı siyasətini təhlil edərək, ABŞ-nin  bu qarşıdurmadan çıxış yolu ilə bağlı ciddi çətinliklərlə üzləşdiyini bildirib. Onun  fikrincə,  Donald Tramp və ümumilikdə ABŞ hazırda İranla Fars körfəzi bölgəsindəki qarşıdurmada çıxılmaz vəziyyətə düşüb:

"Tramp daim müxtəlif kompromislər təklif edir, eyni zamanda öz verdiyi vədləri pozur, İrana qarşı güc metodlarına və hədələrə əl atır. Əslində isə ABŞ-nin hazırda bu münaqişədən necə çıxacağı ilə bağlı dəqiq təsəvvürü yoxdur. Çünki Vaşinqtonda heç kim bu qarşıdurmanın bu qədər uzun sürəcəyini və İranın belə ciddi müqavimət göstərəcəyini gözləmirdi. Buna görə də hazırda ABŞ administrasiyası hədələr səsləndirmək və zərbələr endirməklə İrana kompromis təklifləri vermək arasında tərəddüd edir. Lakin İran üçün məqbul şərtlərlə bu münaqişədən çıxış yolu tapılması dünya ictimaiyyəti tərəfindən ABŞ-nin məğlubiyyəti kimi qiymətləndiriləcək. Məhz buna görə də hər iki tərəf üçün qəbul edilə biləcək şərtlərin hazırlanması faktiki olaraq mümkün görünmür".

B. Bezpalkonun sözlərinə görə, İran üçün bu məsələ onun rəhbərliyi və ümumilikdə dövlət baxımından elə bir həddə çatıb ki, artıq itirəcək çox şeyi qalmayıb:

 

"ABŞ üçün isə əsas məsələ öz nüfuzunu qorumaq və İsrailin mövqeyini nəzərə almaqdır. Əslində, İsrail ABŞ rəhbərliyinə düşünüldüyündən daha güclü təsir göstərən amillərdən biridir. Trampın bu münaqişədən çıxmasına mane olan əsas amillərdən biri də məhz İsraildir. Nəzəri cəhətdən bu vəziyyət İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasına gətirib çıxara bilər. ABŞ nüfuzunu qorumaq məqsədilə sanksiyaları formal şəkildə saxlaya bilər. Bu sanksiyalar isə daha çox simvolik xarakter daşıyacaq və İranın hərbi potensialına, eləcə də iqtisadiyyatına ciddi təsir göstərməyəcək".

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.