Şəhid övladları Fransanın füsünkar Kolmar şəhərində

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə iştirakı ilə Fransanın Kolmar şəhərində VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsinə start verilib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Düşərgə Fransa təbiətinin füsunkar guşələrindən birində, Kolmar şəhərinin meşə mənzərələri ilə əhatə olunmuş xüsusi düşərgə ərazisində baş tutur. Düşərgənin proqramına maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər və digər proqramlar daxildir.

Düşərgədə Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə bir araya gəliblər.

Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov, təlimçi Lalə Hüseynzadə və Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının nümayəndəsi Əsbənd Fətəliyeva çıxış ediblər. Çıxışlarda uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu baxımdan layihənin əhəmiyyətindən danışılıb.

Şəhid övladları ilə  xaricdə yaşayan azərbaycanlı uşaqların birlikdə düşərgədə iştirakı gələcəkdə Azərbaycanın yeni diasporunun formalaşması və Ana Vətənlə əlaqələrin möhkəmlənməsinə, eyni zamanda xaricdə yaşayan azyaşlıların Azərbaycan həqiqətlərini dərindən öyrənmələrinə və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin qəhrəmanlıqları haqqında ətraflı məlumat əldə etmələrinə xidmət edəcəkdir.

İyulun 17-də başlayan VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi ayın 23-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.