26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür Featured

 

Tarixi varislik və müstəqil dövlətçiliyin etibarlı dayağı

 

Güldanə Haqverdiyeva,

Naxçıvan Dövlət Universitetinin Texnologiya Müəllimliyi ixtisası üzrə II kurs tələbəsi. Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyəti üzrə sədrinin müavini.

 

     

 Hər bir müstəqil dövlətin varlığının, ərazi bütövlüyünün və xalqının azadlığının başlıca təminatçısı onun silahlı qüvvələridir. Azərbaycan Respublikası üçün 26 iyun – Silahlı Qüvvələr Günü sadəcə təqvimdə yer alan rəsmi bayram tarixi deyil, eyni zamanda milli ordumuzun yaranma gününü, onun keçdiyi şərəfli yolu və müasir Azərbaycanın hərbi qüdrətini özündə əks etdirən əlamətdar bir tarixdir.

 

Milli silahlı qüvvələrimizin təşəkkül tarixi XX əsrin əvvəllərinə – Şərqdə ilk demokratik respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrə təsadüf edir. 1918-ci il mayın 28-də qəbul olunmuş «İstiqlal Bəyannaməsi»ndə açıq şəkildə vurğulanırdı ki, gənc respublika özünü xarici müdaxilələrdən qorumaq və daxili təhlükələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalıdır. Məhz bu zərurətdən irəli gələrək, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə mövcud Müsəlman korpusunun əsasında ilk müntəzəm hərbi birləşmə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman dünyasında ilk demokratik hökumətin öz milli ordusunu qurması istiqamətində atılmış mühüm və tarixi addım idi.

Ordu quruculuğu işinə dövrünün ən istedadlı hərbi xadimləri cəlb edildi. Cümhuriyyətin ilk hökumətinin tərkibində hərbi nazir vəzifəsi tanınmış dövlət xadimi Xosrov bəy Sultanova həvalə olundu. 1918-ci il dekabrın 25-də isə bu vəzifəyə çar ordusunun təcrübəli generalı, görkəmli sərkərdə Səməd bəy Mehmandarov təyin edildi, general-leytenant Əliağa Şıxlinski isə onun müavini oldu. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birgə Bakını və ətraf bölgələri işğaldan azad etməyə müvəffəq oldu. Təəssüf ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə müstəqil ordu quruculuğu prosesi də müvəqqəti olaraq dayandırıldı.

Bununla belə, milli hərbi kadr potensialının formalaşdırılması ideyası tamamilə unudulmadı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təsis edildi. Bu addım azərbaycanlı gənclərin hərb sənətinə marağını artırmaqla yanaşı, gələcək müstəqil dövlətin milli zabit kadrlarının yetişdirilməsi üçün möhkəm zəmin yaratdı.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra milli ordunun yenidən qurulması dövlət quruculuğunun ən mühüm istiqamətlərindən birinə çevrildi və 1992-ci il oktyabrın 9-da paytaxt Bakıda silahlı qüvvələrimizin ilk hərbi paradı keçirildi. Silahlı Qüvvələr Gününün qeyd olunma tarixi isə müəyyən təkamül yolu keçmişdir: ilk olaraq bu bayram 9 oktyabr tarixinə təsadüf etdirilmişdi. Lakin tarixi varislik ənənəsinə sadiqlik nümayiş etdirilərək, Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və həmin vaxtdan etibarən bu tarix hər il rəsmi dövlət bayramı kimi təntənə ilə qeyd edilir.

Müstəqillik illərində, xüsusən də son onillikdə Azərbaycan Ordusu çağdaş tələblərə cavab verən, texnoloji baxımdan təchiz olunmuş, peşəkar bir quruma çevrildi. Bu inkişafın ən bariz təzahürü 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi oldu: Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında qalmış əraziləri – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, eləcə də Qarabağın tacı sayılan Şuşanı düşməndən azad etdi və müharibə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat ilə Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı.

Bu tarixi qələbənin məntiqi davamı isə 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri oldu. Bir gündən az təxminən 23 saat davam edən bu əməliyyat nəticəsində Qarabağda qanunsuz separatçı qurumun mövcudluğuna birdəfəlik son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa edildi. Əməliyyat zamanı Azərbaycan dövləti beynəlxalq humanitar hüquqa sadiqliyini bir daha nümayiş etdirərək mülki əhalinin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirdi.

26 iyun – Silahlı Qüvvələr Günü tarixi yaddaşla müasir qürurun qovuşduğu, keçmiş nəsillərin azadlıq amalı ilə bugünkü Azərbaycanın hərbi qüdrətinin vəhdət təşkil etdiyi bir gündür. 1918-ci ildə əsası qoyulan, müstəqillik dövründə yenidən dirçələn və Vətən müharibəsində öz gücünü bütün dünyaya nümayiş etdirən Azərbaycan Ordusu bu gün dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın dinc gələcəyinin etibarlı təminatçısıdır. Bu əlamətdar gün həm milli ordumuzun şəhidlərinin əziz xatirəsini ehtiramla yad etmək, həm də müzəffər hərbçilərimizin şərəfli xidmətini layiqincə qiymətləndirmək üçün hər birimizə fürsət yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.