Bütün diqqətlər futbol üzrə dünya çempionatına Featured

Fatimə Məmmədova, 

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Futbol üzrə 2026-cı il Dünya çempionatı azarkeşlərə həyəcanlı anlar yaşatmağa davam edir. A qrupunda keçirilən Meksika -CAR oyunundan sonra (2:0) Cənubi Koreya – Çexiya qarşılaşması da gərgin mübarizə şəraitində keçib.

 

Qvadalaxarada oynanılan matçın ilk 45 dəqiqəsində komandalar hesabı dəyişə bilməyiblər. Hər iki tərəf hücumlara üstünlük versə də, qapılara qol vurulmayıb və ilk hissə qolsuz bərabərliklə başa çatıb.

Fasilədən sonra Çexiya daha fəal görünərək 59-cu dəqiqədə Ladislav Kreyçinin qolu ilə hesabda irəli çıxıb. Buraxılan top Cənubi Koreyanın oyun planını dəyişməyib. Asiya təmsilçisi təşəbbüsü ələ alaraq 67-ci dəqiqədə Hvan İn Bomun dəqiq zərbəsi ilə bərabərliyi bərpa edib.

Matçın sonlarına yaxın təzyiqini artıran koreyalılar 80-ci dəqiqədə O İn Qyunun vurduğu qolla üstünlüyü ələ keçiriblər və qalib gəliblər.

 

Mundialda gözləntilər barədə portalımıza fikirlərini bildirən AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri  Aslan Kərimov hesab edir ki, bu Dünya Çempionatı əvvəlkilərdən müəyyən mənada fərqlənir. Əsas fərqlərdən biri yeni qaydaların tətbiq olunmasıdır:

 

“Ən böyük dəyişiklik komanda sayının artırılmasıdır. Belə ki, komandalar final da daxil olmaqla 8 və ya 9 oyun keçirməli olacaqlar. Bu isə kifayət qədər ağır qrafik deməkdir. Bir ay ərzində 8 oyun keçirmək komandalar üçün ciddi fiziki yük yaradır. Bu səbəbdən xüsusilə çempionluq uğrunda mübarizə aparan favorit millilər- İspaniya, Fransa, İngiltərə, Argentina, Braziliya və Niderland daha balanslı oyun nümayiş etdirməyə çalışacaqlar. Bəzi görüşlərdə ehtiyatlı davranacaq, futbolçularını və resurslarını qorumağa üstünlük verəcəklər.

Maraq doğuran məqamlardan biri də yeni qaydaların praktiki təsiridir. Məsələn, qapıçının topu əlində normadan artıq saxlaması halında rəqib komandaya künc zərbəsinin verilməsi qaydasının nə dərəcədə effektiv olacağını görəcəyik. Qrup mərhələsinin ilk oyunlarında dominant komandalar hücum futboluna üstünlük verəcək, zəif komandalar isə daha çox müdafiəyə çəkiləcəklər. Nisbətən zəif komandaların çoxluğu onların əsas məqsədini qol buraxmamaq üzərində quracaq. Müdafiəyə qapanmaq və riskdən yayınmaq isə oyunun tempini, xüsusilə ilkin mərhələlərdə, müəyyən qədər azalda bilər".

Müsahib həmçinin qrup mərhələsinin sonlarına doğru vəziyyətin dəyişə biləcəyini də vurğulayıb:

 

 

“Komandalar nəticəyə ehtiyac duyduqca daha riskli futbol oynamağa məcbur qalacaqlar. Güc baxımından yaxın komandaların qarşılaşmalarında isə daha maraqlı və açıq oyunlar izləmək mümkün olacaq. Favoritlərə gəlincə, konkret ad çəkmək çətindir, lakin heyət keyfiyyəti və potensial baxımından Fransa və İspaniya milliləri daha üstün görünür.

Azərbaycan azarkeşlərinin dəstək verdiyi Türkiyə millisi barədə də danışmaq lazımdır. Onların düşdüyü qrupun keçilməsi mümkündür və bu qrup “ölüm qrupu” sayılmır. Türkiyə millisi ən azı üçüncü yeri tutmaq potensialına malikdir. İştirakçı sayının artması ilə ən yaxşı üçüncü yerlər hesabına pley-offa yüksəlmək imkanı da var ki, bu da əlavə üstünlük yaradır. Hətta onların qrupda ikinci yeri tutması da istisna deyil. Sonrakı mərhələlərdə isə hər şey rəqibdən asılı olacaq. Pley-offda qarşılaşacaqları rəqiblər onların turnirdə nə qədər irəliləyəcəyini müəyyən edəcək. Güclü rəqiblərlə qarşılaşma halında Türkiyə millisinin dörddəbir final və ya yarımfinala qədər irəliləməsi çətin görünür. Buna baxmayaraq, qrupdan çıxmaq və müəyyən mərhələyə qədər irəliləmək üçün kifayət qədər şansları var”.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.