“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir” - Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılan bu məsələ bir çox aspektdən mühüm önəm kəsb edir:
“Ötən gün Mili Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi olduqca böyük əhəmiyyətə malikdir. Müzakirə edilən dəyişikliklər uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması, onların yad təsirlərin altına düşməsinin əngəllənməsi, milli ruhda- vətənpərvərlik ruhunda yetişdirilməsi üçün daha optimal informasiya mühitinin formalaşdırılması baxımından olduqca vacibdir.
Sözügedən qanun uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhdidlərindən - dezinformasiya, zorakılıq, eləcə də aqressiv məzmun, manipulyativ təsir və s.-dən qorunmasında mühüm rol oynayacaq, daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına bilavasitə təsir göstərəcək. Yəni qanun dəyişikliklərində əsas məqsəd uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşması, onların təhlükəsizliyinin daha etibarlı şəkildə təşkilidir. Yəni söhbət 16 yaşa qədər olan uşaqlara internet qadağasının tətbiqindən deyil, onların təhlükəsizliyinin təminindən, bu prosesə valideynlərin və dövlətin nəzarətinin artırılmasından gedir”.
Polkovnik qeyd edib ki, uşaq və yeniyetmələrlə bağlı məlum qanun dəyişikliyi beynəlxalq təcrübə də özünü doğruldub:
“Dünya təcrübəsinə, eləcə də beynəlxalq konvensiyalara nəzər salsaq görərik ki,16 yaşına qədər uşaqlarla bağlı oxşar müddəalar qabaqcıl dövlətlərin təcrübəsində də mövcuddur. Həmin ökələrdə 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdə hesab yaratmasına yol verilmir. Buna səbəb həmin yaş həddinə qədər olan uşaqların daha tez təsir altına düşməsi ilə bağlıdır. Hazırda Azərbaycanda müzakirə edilən qanun dəyişikliyi də sosial platformalarda qeydiyyatın 16 yaşından başlanmasını nəzərdə tutur. Hansı ki, bu yenilik ilk növbədə uşaqların özünün həyat və sağlamlığının qorunması baxımından son dərəcə zəruridir.
Bir məqamı da vurğulamaq lazımdır ki, uşaq və yeniyetmələrlə bağlı qanun dəyişikliyinin tətbiqi gələcəkdə gənc nəslin milli dəyərərə bağlı ruhda tərbiyəsinə də müsbət təsir göstərəcək. Xatırladım ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev yeniyetmə və gənclərin milli ruhda, xalqımızın zəngin mənəvi dəyərlərinə bağlı şəkildə tərbiyəsinə böyük önəm verib, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə mühüm önəm kəsb etdiyini bildirib.
Bu baxımdan, hesab edirəm ki, məlum qanun dəyişikliyinin qəbulu milli təhlükəsizliyimizin daha dolğun təminatı, uşaq və gənclərimizin ruhi-mənəvi sağlamlığının qorunması, uşaqların internet resurslarından istifadəsinə valideynlərin nəzarətinin artırılması baxımından olduqca zəruridir. İnanıram ki, biz yaxın gələcəkdə bu dəyişikliyin qəbuluna şahid olacaq, bununla da uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhlükəsindən qorunması baxımından ciddi yeniliyə imza atacağıq.
Mən bu zəruri, həyati dəyişikliyi gündəmə gətirdiyinə görə başda Mili Məclisin sədri hörmətli Sahibə Qafarova olmaqla, bütün millət vəkillərimizə, xüsusilə də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaya, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruca, təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayıram.
Onu da vurğulayıram ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də uşaq və yeniyetmələrin daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyəti, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyəsi, milli təhlükəsizliyimizin etibarlı şəkildə qorunması üçün əlimizdən gələni əsirgəməyəcək, bu istiqamətdə təbliğati işlər, maarifləndirici tədbirlər həyata keçirməkdə davam edəcəyik”.
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)


