Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Yaxın Şərqdə artan gərginlik, ABŞ-Çin münasibətlərində müşahidə olunan yeni mərhələ və Ukrayna müharibəsinin yaratdığı geosiyasi nəticələr beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərin baş verdiyini göstərir. Dünyada formalaşan yeni siyasi düzən, böyük güclər arasındakı rəqabət və qlobal iqtisadi maraqlar hazırda ən çox müzakirə olunan məsələlər sırasındadır.
Politoloq Azad Məsiyev mövzu ilə bağlı “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verib. O qeyd edib ki, ABŞ-nin bir strategiyası var:
“Kimin hakimiyyətdə olmasının fərqi olmayaraq, istər Respublikaçılar hakimiyyətdə olsun, istərsə də Demokratlar Partiyası hakimiyyətdə olsun, bu strategiyanı həyata keçirmək üçün taktiki gedişlər həyata keçirirlər. Strategiya nədən ibarətdir? ABŞ birqütblü dünya yaratmaq və həmin birqütblü dünyanı idarə etmək istəyir. Yəni ABŞ üçün təhlükə yaradacaq amillər aradan qalxmalıdır.
ABŞ-ın üç təhlükə mənbəyi var. Onlardan biri Rusiyadır -hərbi gücünü görə, ikincisi Çin - iqtisadi gücünə görə, üçüncüsü isə Avropanın pul vahidi olan avro- maliyyə gücünə görə. Bu strategiyanı qorumaq və ABŞ üçün təhlükə yaradan bu amilləri aradan qaldırmaq üçün hakimiyyətdə olan siyasi partiyalar taktiki gedişlərdə fərqli addımlar atırlar. İstər Ukrayna münaqişəsi, istərsə də İranda aparılan hərbi əməliyyatlar bu strategiyanın tərkib hissəsidir. ABŞ-nin dərin dövlətinin ortaya qoyduğu strategiyanı həyata keçirmək üçün taktiki gedişlər həyata keçirilməkdədir. Əvvəlcə Ukrayna münaqişəsi yaradıldı. Ukrayna münaqişəsini yaratmaqla Rusiyanı Avropa ilə qarşıdurmaya gətirdilər. İndi isə növbə Çindədir. Bildiyiniz kimi, Çin iqtisadi gücünə görə ABŞ üçün təhlükədir. ABŞ prezidentinin Çinə səfəri taktiki xarakter daşıyır. Yəni İranda aparılan hərbi əməliyyatın fiaskoya uğraması Tramp administrasiyasına siyasi baxımdan ciddi ziyan vurur.
Artıq Trampın ABŞ-də imici, reytinqi 30 faizə düşüb. Qarşıdan Konqresə aralıq seçkiləri gəlir. Bu seçkilərdə demokratlar mütləq qələbə qazanarlarsa, onda Trampın impiçment məsələsi gündəmə gələ bilər. Çünki Tramp İran əməliyyatında həm ABŞ-ın siyasi imicinə böyük zərbə vurub, həm də ABŞ-də iqtisadi geriləmələr var. Hörmüz boğazı ilə əlaqədar dünyada iqtisadi xaos yaranır. Enerji qaynaqlarına görə dünyada xaos yaranır. Bu xaos da bu və ya digər formada ABŞ-yə ziyan vurur. Artıq ABŞ-də yanacağın qiyməti sürətlə qalxmaqdadır. Bu baxımdan ABŞ-də Trampın reytinqi sürətlə düşür, beynəlxalq aləmdə də ABŞ-nin imicinə böyük zərbə dəyir. Çünki Trampın siyasətinin nəticəsində NATO blokunda ciddi parçalanmalar yaranır, Avropa ilə ABŞ arasında ciddi fikir ayrılığı yaranır. Bir-birlərini ittiham edirlər”.
Politoloqun sözlərinə görə, Trampın Çinə səfəri də İran əməliyyatında yeni şərait, yeni situasiya yaratmaq məqsədi daşıyır:
“Çünki ABŞ çalışır ki, İranı hansısa bir sənədə imza atdırsın və bunu da ABŞ-də qələbə kimi təqdim etsin. Çünki İranla Çin arasında strateji əməkdaşlıq var. İran öz enerjisinin, neftinin 80 faizini Çinə satır. Bu baxımdan Hörmüz boğazında baş verən hadisələr də ciddi narahatlıq yaradır. Çünki Çinin müdafiə naziri bəyan etmişdir ki, hərbi gəmilərini Hörmüz boğazına göndərəcək. Mülki gəmiləri müşahidə etmək üçün belə bir addım atılarsa, Hörmüz boğazında yeni bir gərgin ocaq yarana bilər. Ümumilikdə Tramp Çinə səfər etməklə taktiki baxımdan bir addım atır və bu, kəşfiyyat xarakterli səfərdir. Təbii ki, Rusiya Prezidentinin də Çinə səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqələri kəsilir. Rusiya iqtisadi resurslarını, xüsusilə də neft-qaz sahəsində iqtisadi əlaqələrini Çinlə gücləndirməkdədir. Rusiya ilə Çin strateji baxımdan eyni mövqedən çıxış edirlər. Çünki ABŞ həm Çini, həm də Rusiyanı düşmən elan edir. Bu, rəsmi mövqedir. Hətta xatırlatmaq yerinə düşər ki, Tramp hakimiyyətə gələn ərəfədə bəyan etmişdi ki, Çin məhsullarına əlavə dəyər vergisi tətbiq ediləcək. Hətta Avropa dövlətlərinə, Avropa Birliyinə də müraciət etmişdi ki, Çinə qarşı bu cür aqressiv davranışlar etsinlər. Məqsəd odur ki, Rusiya ilə Çin ABŞ-yə qarşı müttəfiqdirlər və eyni mövqedən çıxış edirlər.
Ümumilikdə ABŞ-nin istəyindən asılı olmayaraq dünya yenidən qütbləşir, çoxqütblü sistemə keçir. ABŞ bunu qəbul etməsə də, belə olacaq. Çünki birqütblü dünya dünyada xaos yaradır, beynəlxalq hüququ ikinci plana keçirir və açıq şəkildə ABŞ öz jandarm rolunu oynayır. Hansı dövlət xoşuna gəlmirsə, ona sanksiya tətbiq edir. Hansı dövlət xoşuna gəlmirsə, oranı işğal edir”.
A.Məsiyev həmçinin qeyd edib ki, Venesuelaya günün-günorta çağı müdaxilə edildi, İraqda aparılan əməliyyatlar, “Ərəb baharı” adı altında ayrı-ayrı dövlətlər işğal edildi, Ukraynada demokratiya ideyası altında müdaxilə olundu:
“İranda uranın zənginləşdirilməsini bəhanə edərək hərbi əməliyyat həyata keçirildi. İndi də Tayvanla Çini qarşı-qarşıya gətirmək istəyirlər. Yəni Amerika öz məqsədlərinə çatmaq üçün dünyada xaos yaradır.
Bu xaosun fonunda da istəklərini diktə edir. Buna qarşı çıxmaq, dünyada bu cür ədalətsizliyin qarşısını almaq üçün mütləq şəkildə dünya yenidən qütbləşməli, yeni güc mərkəzləri formalaşmalıdır. Çin və Rusiya bu proseslərdə fərqli rol oynayacaq. Çünki artıq istər Şanxay Əməkdaşlıq Təşkilatında, istərsə də BRICS təşkilatında ciddi əməkdaşlıq var. Ümumiyyətlə, Birləşmiş Ştatların aqressiv siyasətinin qarşısını almaq üçün mütləq şəkildə iki məsələ həyata keçirilməlidir. Birinci, alternativ dünya valyutası buraxmaqdır. Yəni istər BRICS təşkilatı çərçivəsində, istər Şanxay Təşkilatı fonunda alternativ yeni dünya valyutası meydana gəlməlidir. Eyni zamanda həmin təşkilatların nəzarətində beynəlxalq maliyyə ödəniş sistemi yaratmaq lazımdır. Çünki Amerikanın gücü öz valyutası və eyni zamanda beynəlxalq ödəniş sistemi- SWIFT deyilən sistemdir. Ona nəzarət etməklə ayrı-ayrı dövlətlərə sanksiyalar tətbiq edir, ayrı-ayrı şirkətlərə sanksiyalar tətbiq edir, hətta ayrı-ayrı şəxslərə belə sanksiyalar tətbiq etmək gücünə malikdir.
Bu baxımdan Amerikanın həm dollarının təsirindən uzaqlaşmaq, həm də bu cür ödəniş sisteminin qarşısını almaq üçün mütləq şəkildə Rusiya və Çin yeni bir sistem yaratmalıdır. Yeni alternativ dünya valyutasını dövriyyəyə buraxmalıdırlar. Eyni zamanda beynəlxalq ödəniş sistemi qurulmalıdır. Əgər bu iki məsələni həyata keçirə bilsələr, onda Amerika imperatorluğu çökə bilər, Amerika imperatorluğuna qarşı güc nümayiş etdirilə bilər.
Bunu da ABŞ yaxşı anlayır. Ona görə də dollara rəqib olan dünya valyutasının qarşısını almaq üçün addımlar atır. Hətta Avropanın pul vahidi olan avro da Amerika imperatorluğu üçün təhlükədir. Bu baxımdan Avropanın pul vahidi olan avronu dünya valyutası kimi dövriyyədən çıxarmaq üçün mütləq şəkildə Avropa iqtisadiyyatı çökməlidir. Avropa iqtisadiyyatının çökməsi üçün isə mütləq şəkildə onu Rusiya ilə hərbi münaqişəyə cəlb etmək lazımdır ki, bu gün Ukrayna müstəvisində Avropa ilə Rusiya arasında savaş gedir. Bu savaş uzunmüddətli fazaya keçməlidir ki, Avropa iqtisadiyyatı çöksün. Avropa iqtisadiyyatı çökərsə, onun pul vahidi olan avro dünya valyutası kimi dəyərdən düşə bilər və dollara təhlükə yarada bilməz.
Çünki Amerikanın gücü tankda, topda, raketdə deyil. Amerikanın gücü onun pul vahidi olan dollardadır. Dollara alternativ valyuta dövriyyəyə girərsə, onda Amerika imperatorluğu zəifləyə və çökə bilər.
Bu baxımdan Rusiya və Çin strateji məqsədlərini, əməkdaşlıqlarını bunun üzərində quracaqlar. Yəni ortaq valyuta buraxmaq, ortaq ödəniş sistemi yaratmaq. Bunu da birlik təşkilatı çərçivəsində, hansısa yeni ittifaq, yeni güc mərkəzi formalaşdırmaqla həyata keçirmək olar”.
Müsahibimiz hesab edir ki, Rusiya və Çin yaxşı anlayır ki, Birləşmiş Ştatlar öz imperatorluğunu gücləndirmək üçün bu iki dövləti zəiflətmək istəyir.Bu baxımdan onların tarixi əməkdaşlığına tarixi zərurət yaranır. Ona görə də Rusiya Prezidentinin bu səfəri iki dövlət arasında iqtisadi, siyasi və hərbi münasibətlərin gücləndirilməsinə hesablanıb.
“Ədəbiyyat və incəsənət”
(21.05.2026)


