Xalq artisti Afaq Bəşirqızının “Ədəbiyyat və incəsənət”ə açıqlaması
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən gün mədəniyyət naziri Adil Kərimlinin “süni intellekt heç vaxt sənət adamlarını tam əvəz edə bilməz” fikri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Xüsusilə son illərdə süni intellektin musiqi, rəssamlıq, kino və mətn sahəsində sürətli inkişafı bu mövzuda fərqli yanaşmaları daha da artırıb. Bəziləri hesab edir ki, yaxın gələcəkdə pianolar robotlar vasitəsilə çalınacaq, filmlər və seriallar insan müdaxiləsi olmadan hazırlanacaq, hətta ədəbiyyat sahəsində belə süni intellekt müəlliflərin yerini almağa başlayacaq.
Digər tərəfdən isə sənətin yalnız texniki bacarıq deyil, həm də duyğu, yaşam təcrübəsi və insan ruhunun ifadəsi olduğunu düşünənlər bu fikirlərlə razılaşmırlar.
Mövzunu bir də xalq artistimiz Afaq Bəşirqızının dilindən eşitmək istədik. O "Ədəbiyyat və İncəsənət" portalına bu barədə fikirlərini bildirdi:
"Cənab nazir tamamilə doğru vurğulayıb. Süni intellekt heç vaxt canlı aktyorları, sənət adamlarını tam şəkildə əvəz edə bilməz. Açığı, mən də əvvəllər süni intellektlə ilk tanış olanda bir qədər təlaşlandım, fikirləşdim ki, bəlkə də gələcəkdə bir çox sahələrdə insan faktorunu arxa plana keçirəcək. Amma zaman keçdikcə gördüm ki, bunun həm gənclərə, həm yaşlılara, həm də ümumiyyətlə insanlara müəyyən mənada faydası da var. Hazırkı dövrdə, dünyada baş verən hadisələri, insanların gündəlik çətinliklərini nəzərə alsaq, hər kəsin çox iş görmək, hər məsələyə vaxt ayırmaq imkanı olmur. Bu baxımdan texnologiya insanlara müəyyən qədər dəstək verir".
A.Bəşirqızı sonda söylədi: “Bugünkü gənclər bəzən yaşlı nəslin ürəyindən tikan çıxarır. Amma eyni zamanda gənclərin özünün də böyüklərin təcrübəsinə, həyat görmüş insanların sözünə ehtiyacı var. Çünki nə qədər texnologiya inkişaf etsə də, insanın yerini, onun hissini, düşüncəsini və həyat təcrübəsini heç nə tam əvəz edə bilmir.”
“Ədəbiyyat və incəsənət”
(18.05.2026)


