Və ən təhlükəlisi budur: artıq çoxları pis adam olmağa utanmır Featured

Fatimə Məmmədova,

Ədəbiyyat və İncəsənət portalının Xəbərlər və Təqvim şöbəsi

 

Deyirlər, “əvvəllər belə deyildi”. Sanki yüz il əvvəl yaşamış, hər şeyi öz gözləri ilə görmüş adamlardır. Hardan bilirlər? Eşitdiklərini danışırlar, xatirələri həqiqət kimi qəbul edirlər. Halbuki insan dəyişməyib. Cəmiyyətin içindəki tamah, paxıllıq, riyakarlıq, yalan, ikiüzlülük dünən də vardı, bu gün də var.

 

Məgər keçmişdə yalançı insanlar yox idi? Məgər cahillik yeni yaranıb? Əgər belə olsaydı, niyə bizim ədəbiyyatımızın böyük isimləri illərlə bu insanları tənqid edərdi? Niyə şairlərimiz rüşvətxoru, xəsisi, haramyeyəni, ikiüzlünü misralarında ifşa edərdi? Deməli, problem yeni deyil. Sadəcə indi hər şey daha açıq görünür. Sosial şəbəkələr insanın iç üzünü gizlətməyə imkan vermir.

Ədəbiyyatımızda yazıçılarımız, şairlərimiz daim belə insanları tənqid etmişdir. Mənfi cəhətlərini üzə vurmuş, camaata ibrət dərsi keçmişdir. Məhz yazıçılarımızın yazdığı ədəbi tənqid nümunələri bizə keçmişdə də belə bir cəmiyyətin olduğunu, hələ də heç dəyişmədiyini göstərir. Yalan danışanı kimdir, ikiüzlüsü kimdir, qısqancı kimdir, naqisi kimdir, pula “pul” deməyən kimdir, hətta qazandığını xərcləməyə qıymayan xəsis kimdir-  hamısı bu gün də aramızdadır. Bəzən insan özündən də şübhələnir. Yoldan keçirəm. Yaşlı qadının əlində ağır torbalar görürəm. Tələsirəm deyə kömək etmirəm. Sonra vicdanım içimdə məni sorğu-suala tutur: “Bəlkə sən də pis birisən? Niyə kömək etmədin?” İnsan özünü məhkəmə etməyi bacarmayanda cəmiyyət də düzəlmir. Avtobusda yaşlı insana yer verirəm. Çünki anlayıram. Əgər mən bu yaşımda yoruluramsa, illərin yükünü çiynində daşıyan insan necə yorulmasın? Amma hələ də yaşa yox, cinsiyyətə görə hörmət ölçənlər var. “Qadındırsa yer verim, kişidir ayaq üstə dayansın”. Bu hansı məntiqdir? Yorğunluğun cinsiyyəti olur? İnsanlığın ölçüsü qadın və kişi anlayışına sığacaq qədər kiçik deyil.

Hazıra qonan insanlar isə cəmiyyətin içində kök salmış ayrı bir problemdir. Anası mətbəxdə əziyyət çəkir, o isə uzanıb telefon vərəqləyir. Süfrə hazır olanda ilk qaşığı götürən də elə odur. Əziyyət çəkmədən qazanmağa alışmış insanlar artır. Atalar sözləri var. İnsanları ayıldan, onların güzgüsü olan. Deyilir ki, “Hazırın naziri”. Nazir onların yanında mat qalar. Çünki bu insanlar hazır nemətə elə öyrəşiblər ki, zəhmət çəkən insanı axmaq hesab edirlər.

Rüşvətlə iş həll edənlər, haqq etmədiyi maaşı alanlar, başqasının zəhməti hesabına yaşayanlar… Belələri o qədər çoxalıb ki, artıq vicdan yox, fürsət axtarılır. İnsanlar alın təri ilə yox, asan yol ilə yaşamağa can atır. Sonra da bu cəmiyyətin niyə geriyə getdiyini soruşurlar.

Minnət edən insanlar isə başqa bir dərddir. Yaxşılıq edirlər, amma ürəkdən yox. Sabah üzə vurmaq üçün edirlər. Bir yoldaş vardı. Dəstək oldu, kömək etdi. Kiçik bir anlaşılmazlıq olanda başladı saymağa: “Mən sənə dəstək olmuşam, mən səni tərifləmişəm...” Tərifləməz olaydın. Əgər etdiyin yaxşılığı sabah insanın üzünə vuracaqdınsa, deməli, o yaxşılıq deyilmiş. Sadəcə gizli alış-veriş imiş. “Pay verdi, dalınca xəbər göndərdi” misalı məhz belə adamlar üçün yaranıb.

 

Həddən aşıb bu viladə şərarət,

Hər kim bir iş görə puluna minnət.

Mu qədəri yoxdur ədlü ədalət,

Və lakin şöhrəti birayə bir bax.

(Qasım Bəy Zakir)

 

İnsanların çoxunun ağlı isə yalnız başı daşa dəyəndə başına gəlir. Səhv edər, yenə anlamaz. Bir daha edər, yenə özünü haqlı çıxarar. Ta ki həyat onu divara dirəyənə qədər. “Başı daşa dəyməyincə ağlı başına gəlməz” deyiblər. Boş yerə deməyiblər. Çünki bəzi insanlar nəsihətlə yox, zərbə ilə dəyişir.

Haram yeyənlər... Cəmiyyətin əsl məhşur gözmuncuqları. Kimisi  kibercinayətkarlıq edir, kimisi kart oğurlayır, kimisi kasıbın malına göz dikir. Bir tikə halal çörəyi ağır görən insanlar haramı asan qazanc hesab edir. Amma unudurlar ki, “Haram malın bərəkəti olmaz”. O pulun içində nə rahatlıq var, nə huzur, nə də sabah.

Birindən faydalanırsan, sonra onun qəlbini qırırsan. İşin düşəndə “əzizim”, “can dostu” deyirsən, işin bitəndən sonra tanımırsan. İnsanlıq münasibətləri də artıq istifadəyə yararlı əşya kimi görülür. Atalar sözü boş yerə demir: “Duzu yeyib, duzqabını sındırır”.

 

 

Bu cəmiyyət düzəlməz demək bəlkə ağır səslənir. Amma insan hər gün eyni mənzərəni görəndə ümidi də yorulur. Mən özümü mələk göstərmərəm. Saydığım xüsusiyyətlərin heç biri məndə yoxdur deyə bilmərəm. Çünki insanıq. Hamımızın qüsuru var. Amma fərq ondadır ki, qüsurunu qəbul edənlə, onu həyat tərzinə çevirən eyni deyil.

Bir də doğma dilindən utanıb özgə dilində danışmağı üstünlük sayanlar var. Özünü rusca danışırmış kimi göstərənlər… “Gəlirəm uje”, “kaneşna”, “vsyo” və sair. Elə bil Azərbaycan dilində danışanda dəyərdən düşəcəklər. Dilindən utanmaq insanın kökündən utanmasıdır. Sən başqa dil bilə bilərsən, bu gözəldir. Amma öz ana dilini aşağılamaq nadanlıqdır, inkişaf yox. Bəxtiyar Vahabzadə də tam olaraq belə deyir:

 

Ey öz doğma dilində danışmağı ar bilən,

Fasonlu ədəbazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,

Bunlar qoy mənim olsun,

Ancaq vətən çörəyi sizlərə qənim olsun.

 

Cəmiyyətin problemi zamana bağlı deyil. Problem insanın içindədir. Dünən də vardı, bu gün də var. Sadəcə indi insanlar pisliklərini gizlətməkdə daha peşəkarlaşıb. Vicdan zəiflədikcə, insanlıq da zəifləyir. Və ən təhlükəlisi budur: artıq çoxları pis adam olmağa utanmır.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.