Kasıb məhəllədən hakimiyyət zirvəsinə: Azərbaycana səfər edən Meloni kimdir? Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Giorgia Meloni uzun illərdir Avropa siyasətində tanınan fiqurlardan biridir, amma onun hekayəsi sadəcə “İtaliyanın ilk qadın baş naziri” olmaqdan daha mürəkkəb və bəzən də ziddiyyətlidir. Roma şəhərində doğulan Meloninin uşaqlığı heç də rahat keçməyib. Atası ailəni erkən yaşda tərk edib, o isə anası ilə birlikdə daha kasıb məhəllədə böyüyüb. Öz sözlərinə görə, məhz bu çətinliklər onun dünyagörüşünü və siyasətə baxışını formalaşdırıb.

 

Meloni siyasətə çox erkən – cəmi 15 yaşında qoşulub. Onun ilk addımları isə kifayət qədər mübahisəli olub. O, fəaliyyətinə İtalyan Sosial Hərəkatı ilə bağlı gənclər təşkilatında başlayıb. Bu fakt bu günə qədər onun haqqında gedən əsas müzakirələrin mərkəzindədir. Sonrakı illərdə isə Milli Alyans kimi daha “yumşaldılmış” sağ partiyalarda fəaliyyət göstərərək siyasi pillələri sürətlə qalxıb.

Maraqlı məqamlardan biri də budur ki, Meloni gənclik illərində siyasətlə yanaşı adi işlərdə də çalışıb- Romada məşhur gecə klublarından birində ofisiant və barmen işləyib. Bu detal onun bioqrafiyasına daha “real həyat” çaları qatır və onu klassik elit siyasətçilərdən fərqləndirir.

Onun siyasi yüksəlişi isə həqiqətən sürətli olub. 31 yaşında İtaliyanın ən gənc nazirlərindən birinə çevrilib və Silvio Berlusconi hökumətində Gənclər naziri kimi fəaliyyət göstərib. 2012-ci ildə isə öz siyasi yolunu daha da sərtləşdirərək İtaliya Qardaşları partiyasının qurucularından biri olub və qısa müddətdə onun liderinə çevrilib.

Meloninin siyasəti isə onu digər Avropa liderlərindən kəskin şəkildə fərqləndirir. O, açıq şəkildə “Tanrı, vətən və ailə” prinsipini müdafiə edir, eyni cinsli nikahlara qarşı çıxır və miqrasiyanın sərt şəkildə məhdudlaşdırılmasını dəstəkləyir. Bu səbəbdən o, tez-tez həm “mühafizəkar lider”, həm də “aşırı sağçı siyasətçi” kimi təqdim olunur. Maraqlıdır ki, özü bu etiketləri qəbul etmir və özünü sadəcə vətənpərvər və ənənəvi dəyərləri qoruyan siyasətçi kimi göstərir.

Onun bioqrafiyasında ən çox müzakirə olunan məqamlardan biri də keçmişlə bağlı açıqlamalarıdır. Meloni bir neçə dəfə faşizm dövrü ilə əlaqəli fiqurları müsbət tonla xatırladığı üçün tənqid olunub. Buna baxmayaraq, o, müasir İtaliyada faşizmin artıq keçmişdə qaldığını iddia edir və öz siyasətini daha çox milli maraqlar üzərində qurduğunu deyir.

2022-ci ildə baş verən hadisələr isə onun karyerasında dönüş nöqtəsi oldu. Hökumət böhranından sonra keçirilən seçkilərdə onun partiyası qalib gəldi və Meloni İtaliya tarixində ilk qadın baş nazir oldu. Bu, bir tərəfdən qadın liderlik baxımından mühüm addım kimi qiymətləndirildi, digər tərəfdən isə onun sərt siyasi mövqeləri səbəbindən Avropada narahatlıqla qarşılandı.

 Meloni həm də paradoksal biri kimi qəbul olunur: bir tərəfdən kasıb məhəllədən çıxmış, öz zəhməti ilə yüksəlmiş qadın lider, digər tərəfdən isə sərt ritorikası və mübahisəli baxışları ilə tez-tez tənqid olunan siyasətçi. Bəlkə də onu maraqlı edən məhz bu ziddiyyətlərdir - Meloni sadəcə bir siyasətçi deyil, eyni zamanda müasir Avropada dəyişən siyasi xəttin simvollarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.