30 Aprel – Beynəlxalq Caz Günüdür Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Birinci Beynəlxalq Caz Günü (International Jazz Day) ilk dəfə 2012-ci ildə keçirilib. Yeni bayramın təqvimə daxil edilməsi və onun 30 aprel tarixində qeyd olunmasını YUNESKO-nun Baş konfransı 2011-ci ilin noyabrında elan etmişdir.

 

Bu bayramın əsas məqsədi kimi onun təsisçiləri “caz haqqında, sülh, birlik, insanlar arasında dialoq və əlaqələrin genişlənməsinə yardım edən qüvvə kimi beynəlxalq ictimaiyyətin məlumatlılıq dərəcəsinin artırılması”nı nəzərdə tutmuşdur. Dünyanın beş qitəsinin musiqiçiləri və caz həvəskarları artıq adət halını alan həmin günü əsl bayram əhvaliruhiyyəsi ilə qeyd edirlər. Cazın vətəni kimi tanınan Yeni Orleanda isə demək olar ki, hər gün bütün caz həvəskarları müxtəlif musiqilər səsləndirir, insanlara xoş əhvali-ruhiyyə bəxş edirlər.

Caz XIX əsrin sonu XX əsrin əvvəllərində Amerikada Afrika və Avropa mədəniyyətlərinin sintezi kimi meydana gəlsə də, musiqi aləmində irqi ayrı-seçkiliyin aradan qalxmasında böyük rol oynamışdır. Hal-hazırda bir çox ictimai təşkilatlar, təhsil müəssisələri və ayrı-ayrı şəxslər, o cümlədən dövlət orqanları cazın inkişafına yardım edirlər.

Azərbaycan cazı dünyada özünəməxsus yeri ilə seçilir. Bunu ölkəmizdə keçirilən Beynəlxalq Caz Festivallarına olan maraq bir daha sübut edir. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi isə 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulub.

Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanıb.

Vaqif Mustafazadə dövrü isə Azərbaycanda sözün əsl mənasında cazın intibah dövrü hesab edilə bilər. Belə ki, virtouz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazədə davam etdirir.

Böyük təməllər üzərində qurulan Azərbaycan cazı indi gənc ifaçıların timsalında inkişaf dövrünü yaşayır. Bir sıra tanınmış ifaçılarla yanaşı, Montreyö caz festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Caz millətləri birləşdirən və insanlar və dövlətlər arasında sərhədləri aşan unikal musiqi sənətidir.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2026)

 

                                                                          

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.