Təhsilə “açılan” atəş- ADNA terrorunun ildönümü və sonrası Featured

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət” portalının İncəsənət şöbəsi

 

Məktəb nə üçündür? Təhsil almaq üçün, gələcəyini qurmaq üçün, sabahın savadlı övladı olmaq üçün. Bəs universitet nə üçündür? Daha gözəl biliklərə yiyələnmək üçün, bundan sonrakı həyatının təməlini möhkəm qurmaq üçün...

 

Əvvəllər hərşey fərqli idi. Şagird nəinki müəllimin üzünə qayıtmazdı, başını qaldırıb gözünün içinə belə baxmazdı. Sabahkı mövzuya daha yaxşı hazırlaşardı ki, həm özü danlanmasın, həmdə müəllimə valideyninə şikayət etməsin. Bu gün isə qarşılaşdığımız mənzərə tamamilə fərqli və acınacaqlıdır. Bu gün ADNA-da baş verən qanlı terror hadisəsinin 17-ci ildönümü tamam olur. Gəlin qayıdaq o günə. ADNA-nın tələbələri 30 Aprel günü səhəri fərqli açmışdı. Hamısının üzündə gülümsəmə, qrup yoldaşları ilə söhbətləşən kim, dərsinə tələsən kim... az sonra baş verəcəklərdən hamısı xəbərsiz şəkildə addımlayırdılar. Fərda Qədirov adlı əliqanlı qatil  “Makarov”  tipli tapancası ilə  universitetə daxil olaraq əvvəlcə mühafizəçini, daha sonra isə xadiməyə atəş açaraq yoluna davam elədi. Sonrası isə zatən məlumdu. 13 tələbənin yerdə yatan cansız bədəni... gözyaşını saxlayan bilməyən tələbələr, yaralıları xəstəxanaya çatdırmağa tələsən həkimlər. 13 nəfərin canına qəsd edən Fərda Qədirov  ortalığı qana buladıqdan sonra öz canınada qəsd etdi. Ötən bu 17 il ərzində həyatdan, qura biləcəyi gələcəkdən qoparılan 13 gənc daim qəlbimizdə yaşayacaq. Bəlkə bu səfər hərşey yoluna girər, birdaha təhsil ocağına atəş açılmaz deyə düşündük və ümid etdik deyilmi? Bu 17 illik səssizlik  2026-cı ilin Fevral ayında “İdrak” liseyində gənc müəllimə olan Şəhla Kamilovanın şagirdi tərəfindən ov tüfəngi ilə vurulması ilə pozuldu. Sadəcə təhsilə deyil, müəllimlərimizin, şagirdlərimizin təhlükəsizliyinə atəş açılmışdı. Gələcəyini düzgün qurmağa çalışan övladlarımızın xəyallarına atəş açılmışdı. Şəhla Kamilovanın aldığı güllə yarası hər nə qədər ağır olsa belə o geri addım atmadı və yaşam mübarizəsinə davam etdi.  Müsbət düşüncələri, anlayışları qavramaqda çətinlik çəkən bəzi “gənclərimiz”  öldürməyi, birilərinin canına qənim kəsilməyi əzbər bilirmiş. Atəş səsinin, barıt qoxusunun, şagird qorxusunun, valideyn ah-naləsinin göylərə ucaldığı növbəti ünvan Türkiyə oldu. Mərmilərin növbəti hədəfi  Şanlıurfa və Kahramanmaraş şəhərlərində olan məktəblər və şagirdləri idi. Övladlarını təbəssümlə məktəbə yola salan valideynlər axşama onların cansız bədəni ilə qarşılaşdı. 9 şagird canından, xəyallarından, gələcəyindən məhrum edildi. Uşaqlar məktəbin koridorunda rahat gəzməkdən,  sağlam təhsildən, təhlükəsizlikdən məhrum edildi. Artıq üzlərində təbəssümə, saf sevgilərinə alışdığımız uşaqlar məktəbə canlarında qorxu ilə gedəcəkdilər. Bir gözləri qapı-pəncərədə olacaq və “görəsən bu gün evimizə gedə biləcəyəmmi”  düşüncəsi ruhlarını öz ahuşuna alacaq. Gəlin, uşaqlarımızın gələcəyinə, xəyallarına atəş açmayaq!

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.