Nail Zeyniyev,
“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi
Baharın gəlişi təbiətin sadəcə fəsil dəyişməsi deyil, həm də ruhun yenidən doğulmasıdır. Göy üzündən süzülən ilk yağış damlaları torpağı bərəkətlə islatdıqca, ağacların tumurcuqlayıb yenidən yaşıla bürünməsi insanın daxili aləmində qəribə bir fərəh yaradır. Quşların cəh-cəhi, çiçəklərin ətri ilə bəzənən bu möhtəşəm mənzərə, sanki təbiətin öz əlləri ilə yazdığı ən gözəl, ən xoşbəxt şeirdir.
Hər bir yaradıcı insanın yaddaşında xüsusi yeri olan, zaman keçsə də təravətini itirməyən misralar olur. Mənim üçün də 2017-ci ildə qələmə aldığım bu şeir həmin o unudulmaz duyğuların yadigarıdır. Qəribədir ki, o vaxtdan bəri hər il Novruz gələndə, bahar qapını döyəndə bu misralar qeyri-ixtiyari olaraq dilimdə təkrarlanır, qəlbimdə eyni səmimiyyətlə əks-səda verir.
İllər keçsə də dəyişməyən o bayram sevincini, tonqal istisini və bahar təravətini bu il də siz əziz oxucularla bölüşmək istədim. Bayramınız mübarək, süfrəniz bərəkətli, könlünüz həmişə bahar olsun!
Xəbər aldım mən ilk bahar yazından,
Nəğmə qoşur aşığından, sazından.
İlk bahar gəlibdir mənim könlümə,
Bu gözəl yurdumun xoş avazından.
Novruzun gəlişi açdı könlümü,
Oxutdu çəməndə Xarı bülbülü.
Məni heyran edib yaman özünə,
Yazıram fərəhlə şeir, sözümü.
Musiqimin dastan olmuş tarı var,
Torpağımın şöhrət olmuş barı var.
Hər bu yaz gələndə ömrü bəzəyən,
Dillərin əzbəri bir bayramı var.
Tonqalının üstündən tullanan,
Məhlə-məhlə papaq atıb dolanan..
Dörd çərşənbə öz yoluyla yol alan,
Novruz Bayramınız mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(20.03.2026)


