Fərhad Mədətov,
Azərbaycan Universiteti, filologiya üzrə fəlsəfə doktoru, dosent.
Bu araşdırmada Səməd Vurğunun Hüseyn Cavid həbs olandan sonra yazdığı və ədəbi tənqiddə böyük müzakirələrə meydan açan “Səadət düşmənləri” şerinin dərin qatlarına işıq salınmışdır.
Cavid Əfəndi və onun kimi sovet ideologiyasının amansız təzyiqlərinə boyun əyməyən sənətkarlara görə birbaşa Yazıçılar İttifaqını suçladılar. Sədr həbs olundu, məsul katib Səməd Vurğunun isə “əzrayılın pəncəsindən xilas olmasında” bu şeirin də təsiri oldu. Sovet senzurası yanılmışdı. Çünki şeirin tənqid hədəfi H.Cavid yox, əksinə, ona və xalqın səadətinə düşmən kəsilənlərə ünvanlanmışdır. Belə bir dəhşətli dovrdə bu cür cəsarətli şeir yazmaq böyük sənətkarlıq və qəhrəmanlıq tələb edirdi. S. Vürğun bu şərəfli işi ləyaqətlə və cəsarətlə yerinə yetirə bildi.
Onu da xatırladım ki, Vurğun artıq “26-lar” (“Ölməz qəhrəmanlar”) poemasında bu yolu keçmişdi. Şair simvolik qatlarda Bakı komissarlarını tənqid, Xalq Cümhuriyyətinin qurucuları isə vəsf etməyə nail olmuşdur. (bax: F.Mədətov. “Qalın buludlara soxulmuşdur ay”, “Azərbaycan” jurnalı, 2015, №2).
“Səadət düşmənləri” şeiri H.Cavid həbs olunandan sonra ona xitabən yazılmışdı: “Xalq düşməni H.Cavidə”. Bütün repressiyaya uğrayanların adı qarşısında“xalq düşməni” sözlərini yazmamaq qəti qadağan idi.
Günümüzə qədər şeirə olan soyuq münasibətin yaranmasında yüxarıdakı sözlərin də təsiri az olmamışdır.(H.Cavidin ailəsi S.Vürğunun rəğbətini dərk etmiş və ailəvi dostluğu davam etdirmişdirlər). Əsərin dərin qatlarında yer almış Cavidin nurlu obrazı ilə təzad yaradan “xalq düşməni” sözü “yaradıcı subyekt” olan oxucuya həvalə olunur, mətnin mənası müəllifdən yox, onlardan asılı olur.
.
***
S. Vurğunun tənqid obyekti, əsərin adından da göründüyü kimi, səadət düşmənləridir. H. Cavid isə ömrünü xalqın səadətinə həsr etmişdir. Əsər Xalq Cümhuriyyətinin xalqımıza gətirdiyi səadət və azadlıq baharının vəsfi ilə başlayır. Şair əsərdə başdan-başa postmodernizmin əlamətlərindən olan ikili kodlaşmadan istifadə edərək üzünü həm də ikinci auditoriyaya tutaraq fikirlərini bəyan edir:
Bizim yerdə bəzənmiş günəş yüzlü bir bahar
Səadətin bu yerdə yaşamağa haqqı var.
Ayılmış insan oğlu, səfalət yuxusundan
Onun böyük gücünə baş əymişdir asiman.
Romanovlar sülaləsinin süqutu və müstəqilliyimizin bərqərar olması şairi vəcdə gətirir və onun eşqi ilə yaşayır:
Ağ atını sürərək gözdən itdi qara qış...
Bizdə könül hicranı, çörək dərdi qalmamış.
Budur: mən seyr edirəm bu dağları, düzləri
Şəfəq saçmış yurduma qurtuluş gündüzləri.
Xalqımızın tükənməz maddi və mənəvi sərvətlərinə sahib çıxması, “qurtuluş gündüzləri”nə qovuşması; hər bir insanın qəlbini fərəh hissi ilə doldurur. Xalqın azadlığa qovuşması “səhraları oyadır”, başqa sözlə desək, müstəmləkə zülmü altənda inləyən bütün azadlığını itirmis ölkələr yuxudan ayılaraq bizim seçdiyimiz yoldan yararlanmağa çalışırlar.
Tarix təkrar olunur; bu gün imperialistlərin əsarəti altında inləyən, onların yarım müstəmləkəsinə çevrilmiş ölkələrin zavallı, azadlıqsevər insanları dünyada haqq-ədalətin himayədarı kimi tanınan dünya şöhrətli siyasi xadim cənab İlham Əliyevə sığınmaları şairin arzuları ilə bir asossiasiya yaradır və “insan xəyalı çinar kibi boy atır”:
Asta-asta göz yaşı tökən şamlar qaralmış
Elektrik lampalar gün kibi şölə salmış.
Qüdrətimiz yuxudan səhraları oyadır.
Burda insan xiyalı çinar kibi boy atır.
Xalq Cümhuriyyəti işğala məruz qalması, sovet dönəmindəki repressiyalar xalqı dərd-kədərə qərq edir ki, bunlar da şeirdə verilmiş bir bayatıda belə ümumiləşdirilmişdir:
“Ağlaram ağlar kibi
Dərdim var dağlar kibi
Xəzəl olub töküldüm
Virana bağlar kibi”
Lakin S.Vurğun gələcəyə nikbin gözlə baxır və bu qənaətə gəlirdi ki, indi matəm tutmağa ehtiyac yoxdur. İmperiyanın vəhşiliyi və qəddarlığı H.Cavid kimi saysız-hesabsız qeyrətli oğulların polad iradələri qarşısındakı acizliyinin nəticəsidir:
Söyləməyir analar indi beşik başında,
Şair ölüm duymayır onların göz yaşında.
Bu dil deyib ağlayan bayatını bu gün mən,
Elin sirfarişiylə dəyişirəm kökündən:
Şair şübhə etmirdi ki, xalqı hər cür məhrumiyyətlərə və işgəncələrə məruz qoyanlar onların mübariz ruhunu və azadlıq həsrətini boğa bilməyəcəklər. Bu torpaq xalqın xilaskarlarının meydana çıxmasına böyük imkanlar yaradacaqdır. Polad iradəli insanların istiqlaliyyət mübarizəsi şairə yuxarıdakı bayatını yeni məzmunda təqdim etməyə əsas verdi:
Ağlaram ağlar kibi.
Gücüm var dağlar kibi.
Gündə min gül yetirirəm
Bülbüllü bağlar kibi.
“Bülbüllü bağlar”ın “gündə min gül yetir”məsinin canlı şahidi olan S.Vurğun o mənfur zəmanəni payızla, H.Cavid kimi sənətkarları isə gülə bənzədir:
Gül açmışdır bağların sarı solğun xəzəli
Çadrasını yırtaraq Azərbaycan gözəli
Ağ buludlar qoynuna sürür təyyarəsini,
Mən sevirəm yurdumun qalib çıxan səsini.
Şair heç vaxt ümidini itirmir, Cavidləri “yurdun qalib çıxan səsi” kimi qəbul edir və bu günkü müstəqilliyimizin gecə-gündüz həsrətini çəkir:
Ay belə göy üzündə xumar-xumar axanda,
Yerdəki təntənəyə bir dost kibi baxanda,
Açıram pəncərəmi günəş doğana qədər,
Mənimlə qardaş kibi qucaqlaşır bu səhər.
Sovet dönəmində öz həyatını milli azadlıqdan ayrı təsəvvür edə bilməyən sənətkarlarla bərabər, xalqın müstəqillik ruhunu boğmağ çalışan, “böyük günlərə (AXC-yə) böhtan atan”lar “xalqına xain çıxan”lar S. Vürğun tənqidindən yan keçə bilməzdi:
Sən ey böyük günlərin adına böhtan atan
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik aşiqiyəm” deyən deyilmidin sən?
Ömründə bir yaxşılıq gəlməmişdir əlindən?
H. Cavid sözün həqiqi mənasında “gözəllik aşiqi” idi. Vurğunun tənqid hədəfinə çevirdiyi “şarlatan”lar da özlərini “gözəllik aşiqi” hesab etmələrini şair istehza ilə qarşılayır.
Xalq Cümhuriyyətinə qarşı xəyanətkar cəbhəni dəstəkləyən, öz original fikirləri olmadığı üçün “hərədən bir tük çəkib kosaya saqqal edən”, mənfur imperiyaya yaltaqlanaraq, onların “sinisini yalayan” şərəfsiz şairlərə S. Vurğun öldürücü zərbələr vurur. Murdar adı “Azərbaycan şairi” olan bu yurd satqınları təkcə Cavidi yox, onun inkişafında müstəsna rol oynayan “Hamidi” vurub çilməyə getməkdən” (yolundan döndərməkdən) utanıb çəkmirlər. Başqalarının “süfrəsinin qırıntıları ilə” özünü “sənətkar” kimi qələmə verməyə çalışan bu səadət düşmənləri Cavid kimi qüdrətli sənətkarların kölgəsində itib-batmaqdan lərzəyə gəlir, onları ləkələməyi özlərinin ucalmasının yeganə yolu hesab edirdilər:
Adına millətçilər dedi “Böyük sənətkar”
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən gecələr “Hamidi” vurub çilməyə getdin
Hərədən bir tük çəkib kosaya saqqal etdin.
“Azərbaycan şairi” olsa da murdar adın,
Soltanların, şahların sinisini yaladın.
Verilmiş parçadakı altı misralıq şeirin birinci misrasında H. Cavidə xalq məhəbbəti ehtiva olunur, qalanları isə səadət düşmənlərinə ünvanlanmışdır. Birnci misranın əvvəlinə “onun” sözünü əlavə etsək, S.Vurğunun fikirləri məntiqə uyğunluğu görünər. Çünki o biri misralar Cavidin parlaq əməlləri ilə uyuşmur; Cavid heç zaman nə Hamidi yolundan döndərməmiş, nə də sovet ideologiyasına xidmət etmişdir.
Xəyanət yolunu tutmuş bu səadət düşmənləri ədəbiyyatımızda orijinal iz buraxmış Füzuli, Vaqif, Sabir kimi sənətkarlar qarşısında nə qədər aciz və miskin görünürlər. “Ay satıram” şeirindən nəticə çıxarmayanların iç üzü şeirdə böyük bir sənətkarlıqla açılır. Bu imperiya nökərlərinin xalqda nifrət oyadan cızma-qaraları sözsüz ki, tarixdə yaşaya bilməzdi:
O murdar arzuların torpaqlara gömüldü.
Sənin yaratdıqların özündən əvvəl öldü.
O dəhşətli illərdə şair sətiraltı mənalardan məharətlə istifadə edərək həm sovet senzurasının təqiblərindən yaxa qurtarmış, həm də şeirin xəlqiliyini qoruya bilmişdir Leninin adını çəkməklə, necə deyərlər, sovet senzurasının “başının altına yasdıq qoymuşdur”, onları əsərdəki əsas mətləblərdən yayındırmağa çalışmışdır. Ən əsası isə AXC-nin yaranması, birmənalı şəkildə, “Leninin bayrağı”ndan, yəni bolşeviklərin qələbəsindən sonra mümkün ola bildi. “Ölüm-qan” üzərində bərqərar olan sovet totalitar rejimindən fərqli olaraq Xalq Cümhuriyyəti beynəlmiləlçilik bəyannaməsini qəbul edən ilk ölkələrdən idi:
Könlüm ilham alır Leninin bayrağından,
Bu qardaş dünyasında nə ölüm var, nə də qan.
Ölüm sizin əməldir, həyat bizim əməldir.
Bizim böyük nəğməmiz, böyük beynəlmiləldir.
Totalitar rejim onun bəd əməllərini ifşa edən sənərkarlara qarşı şiddətli təqiblərlə fəaliyyətə başladı. Onlar incəsənət adamlarına bədbin ruhlu əsərlər yazmağı yasaq etmişdilər. Bunu hamıdan erkən hiss edən H.Cavid “İblis” faciəsinin sonunda buna kəskin etirazını bildirmək üçün “ölülərin rəqs etməsini” səhnələşdirərək kommunist rejiminin gülünc qərarlarını qırmanclamışır. S. Vürğun Cavidin cəsarət və qəhrəmanlığını dəstəkləyir və sənətkarların belə buxovlardan azad olmasını arzulayır:
Qəbirdən baş qaldırıb oynamasın ölülər,
Bu bir məşhur məsəldir: “İt hürər karvan keçər”
Hər günümüz bir böyük gələcəkdir dünyada,
Qarşıya od da çıxsa, atılaraq biz oda
Cəsarət var bu yurdun torpağında, daşında
Patlayacaq bombamız faşistlərin başında.
Uzaqgörən şair inanırdı ki, ümumi mənafe uğrunda özünü oda atan Cavidlər yurdunu məğlub etmək mümkün deyildir. Gec –tez xalqın xilaskarı tapılacaq və sovet faşistləri darmadağın olacaqlar.
“İnsan” pyesində bir ömrün buna yetməyəcəyini hiss edən şair Şahbaz və oğlu Kiçik Şahbaz vasitəsilə xalqımızın müstəqilliyə qovuşacağına böyük ümidlər bəsləyirdi. Bu gün Ata-Oğul birliyi nəticəsində ölkəmizin dünyanın aparıcı dövlətləri sırasında yer alması deyilənləri təsdiq edir:
Əmr olsa paytaxtımız o qızıl Moskvadan,
Düşmənimin başına od yağacaq havadan
O gün mənim də şeirim bir əsgər paltarında,
Özünün hər zamankı bolşevik vüqarında
Çapacaqdır atını döyüşlər meydanında.
Üzümüz ağ çıxacaq Stalinin yanında.
Stalinin yanında “üzümüzün ağ çıxması”ifadəsi postmodernist kodlaşmanın ironik konteksdə əks edilməsidir. Eyni zamanda insan bəzən düşməni də heyran qoya bilir; Birinci dünya müharibəsində igid təyyarəçi Fərrux ağa Qayıbovun, 44 günlük müharibədə Azərbaycan əsgərlərinin misilsiz qəhrəmanlığının düşmənləri mütəəssir etmələri kimi faktları da buraya əlavə etmək olar.
Repressiyanın hər bir kəsi sarsıtdığı, ümidsizliyə sürüklədiyi bir zamanda S.Vurğun gələcəyə olan inamını itirmir:
Ölsün bizim zəfərə inanmayan alçaqlar.
Səadətin bu yerdə yaşamağa haqqı var!
Şair imperiyanın azğınlaşmasını əsarətdə olan xalqların milli azadlıq hərəkatı qarşısındakı acizliyi və gücsüzlüyünun məntiqi nəticəsi kimi dəyələndirə bilmiş və belə qəhrəman övladları olan xalqın gələcəyi ilə fəxr etmişdir.
Ədəbiyyat:
1. “Ədəbiyyat qəzeti” 1937-ci il (11.VI yazılıb) 16 iyun № 326 (111) sayı
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)


