İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
1953-cü ilin isti yayında, Qarabağın gözəlliklər beşiyi olan Xocalıda bir oğlan dünyaya gəlib. Onun adını Əlif qoyublar. Uşaqlıqdan cəsarəti, dik duruşu, ədalətə olan meyli ilə seçilib. Sonralar bu uşağın adı Azərbaycanın yaddaşına şərəf, igidlik və şəhidlik simvolu kimi yazılacaqdı.
Həyatı və xidmət yolu
1970-ci ildə orta məktəbi bitirdikdən sonra Xankəndidə sürücülük kursu keçib və 1971–1973-cü illərdə Sovet Ordusunda xidmət edib. Hərbi xidmətini Belarusda – Minskdə başa vurub. Hərbi nizam-intizam və ciddiyyət onun xarakterində əsas yer tutmağa başlayıb.
1974-cü ildən etibarən daxili işlər orqanlarında fəaliyyət göstərməyə başlayıb. Frunze adına Xüsusi Milis Məktəbində və daha sonra SSRİ DİN Akademiyasında təhsil alıb. Hüquq-mühafizə sahəsində peşəkarlaşdı və ciddi uğurlar qazanıb. Lakin onun bu uğurları bəzi dairələri narahat edib.
Əlif Hacıyev, Qarabağda erməni millətçi dairələrinin gizli fəaliyyətini ifşa etdiyi üçün əsassız ittihamlarla 10 il azadlıqdan məhrum edilib. Bu saxta ittihamlar onun iradəsini sındıra bilməyib. 1987-ci ildə cəzası 6 ilə endirilib və 1989-cu ildə azadlığa buraxılıb.
Lakin Əlif üçün sakit həyat yoxdur. O, yenidən vətənin çağırışına səs verib. 1990-cı ildə Daxili İşlər Nazirliyinə qayıtdı və doğma Xocalı Aeroportunun komendantı təyin olunub. Onun rəhbərliyi ilə hava limanı erməni silahlılarından geri alınıb. 1991-ci ilin sonlarında mayor rütbəsi alıb.
Ailəsi və Qalina Manko ilə tanışlığı
Əlif Hacıyev xidməti illərində Belarusda yaşadığı dövrdə Qalina Manko ilə tanış olub. Qalina ilə onların münasibəti dərin hörmət və sevgi üzərində qurulub. Milliyyət fərqi, mədəniyyət fərqi onların arasında maneə ola bilməyib – çünki onları birləşdirən ürək, insanlıq, ədalət sevgisi və mənəvi bağlılıq olub.
Onların bu sevgisi 1981-ci ildə ailə qurmaqla rəsmiyyət qazanıb. Bu evlilikdən iki qız övladları – Zərinə və İradə dünyaya gəlib. Qalina xanım, Əlifin Azərbaycan vətəninə olan bağlılığını həmişə dəstəkləmiş, onun çətin və məsuliyyətli həyat yolunda arxa olub. Bu ailə, çətin illərdə də möhkəm qalıb, vətənin taleyinə biganə qalmayıb.
Xocalı faciəsi və Qəhraman ölüm
1992-ci ilin fevralı. Qarlı, sərt və qara xəbərli gecə… 25-dən 26-na keçən gecə Xocalıya erməni silahlı qüvvələrinin amansız hücumu başladı. Dinc əhalinin üzərinə tanklar, toplar və avtomatlarla gəlirdilər. Əlif Hacıyev həmin gecə tam silahlı vəziyyətdə, başında dəbilqə, əlində avtomat – öz vəzifə borcunu yerinə yetirirdi.
O, yüzlərlə insanı Şelli kəndinə, meşələrə yönəldərək ölüm təhlükəsindən uzaqlaşdırmağa çalışıb. Silahı ilə döyüşüb, əsgərlərinə ruh verib. Lakin, düşmən çox və amansız olub. O, avtomat darağını dəyişərkən düşmənin atdığı güllə ona tuş gəlib. Əlif Hacıyev şəhid olub – amma geri çəkilməyib, qorxmayıb, əyilməyib. Onun meyiti beş gün sonra meşədən tapılaraq Bakıya gətirilib. Onun nəşini görən deyir: əgər bilinsə ki bu Əlif Hacıyevdi, onu sizə verməyəcəklər. Ona görə də onun nəşi digər meyitlərin altında gətirilib və Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri və əbədi xatirəsi
1992-ci il, 6 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlif Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. O, “Qızıl Ulduz” medalı ilə təltif edilib. Onun adı Bakının Nizami rayonunda bir küçəyə verilib. Onun haqqında sənədli filmlər çəkilib– “Xocalının Əlifi” kimi yaddaşlara yazılıb. Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində yazıçı Varis onun barəsində “Qırmızı ləçəklər” romanının yazıb.
Hər il doğum və şəhidlik günlərində anım mərasimləri keçirilir, məktəblərdə onun haqqında danışılır. Qalina xanım və övladları isə bu gün də onun adını yaşadır, onun döyüş yolunu gələcək nəsillərə çatdırmaq üçün çalışırlar.
"Əlif Hacıyev - ölümü ilə də yaşamağı öyrədən qəhrəman. Qəhrəmanlar ölməz… Vətən səni unutmayacaq, Əlif!"
O, təkcə bir mayor, bir komendant olmayıb. O, Xocalının qalası, millətin vicdanı, vəfa və igidliyin simvolu olub. Həm döyüş meydanında, həm ailəsində, həm də xalqının qarşısında o, məsuliyyətli və fədakar duruş sərgiləyib. O, bu torpağın oğluydu və bu torpaqda şəhid oldu. Onun qəlbi Xocalı üçün döyündü, son nəfəsinə qədər…
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.02.2026)


