Aytən Ağasıyeva, “Ədəbiyyat və incəsənət” üçün
Burda həyat var, nəfəs var, eşq var!
Böyüdür, yetişdirir, sağaldır Ordubad!
Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Məmməd Tağı Sidqi kimi ziyalılarımız, maaarifçilərimiz yetişib bu torpaqda!..
Doğma torpağımı yaşar edən, həmişə müəllimlərimin, ziyalılarımın, alimlərimin nəfəsi olub. Ordubadın ruhu ilə yaşayan kəs heç vaxt “keçmiş” olmur. Ordubadın zamanı yoxdur. Burda həyat var, nəfəs var, eşq var!
Ordubadın qoynunda qarlı dağları olan, axar çaylı Nüsnüs yaşayır. O dağlarda “çoban qaytar quzunu” mahnısı az oxunmayıb. O axan çaydan ovuc ovuc sular az içilməyib. Nüsnüs tarixi yerləri ziyarət edənlərə həmişə ev sahibliyi edib.
Mən də bu torpağın havası, suyu ilə böyüyənlərdənəm. Ordubad elə bir qucaqdır ki, orda isti nəfəs var, elə bir ocaqdır ki, orda yuva var. Elə bir yerdir ki orda inciklik, küsülülük yoxdur. Orda həmrəylik, cana yaxınlıq var. İki qonşu bir biri ilə küs qala bilməz, bir məhləni paylaşan uşaqlar yedikləri tikəni böyüyəndə unutmazlar.
Əminəm ki, hər kəsin Ordubadla bağlı xatirələri var. Mənim də xatirələrim var. Mən də yayın son aylarında təzə çırpılan tut ağacının başına yığışanda içimə çəkdiyim qoxu kimi o xatirələrin qoxusunu içimə çəkirəm. Ordubadın ruhu ölməz, xatirələri həmişə yaşardır.
Harda olmağından asılı olmayaraq, ordubadlıdan soruşsan ki haralısan? İlk cavabı “Ordubadlıyam” olar.
Ordubadlı olmaq Fəxrdir!
Ordubadlı olaraq bu gün çox xoşbəxtəm.
9–13 fevral tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyasında “Ordubad Tarix-Memarlıq Qoruğu”nun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə qərarın qəbul olunması hər birimiz üçün böyük qürur və məsuliyyətdir.
Bu qərar küçələrimizin sükutunun, insanlarımızın mənəvi zənginliyinin pıçıltısıdır.
Bu pıçıltı Ordubadın ruhunun, mədəniyyətinin səsidir, bu səsi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Səsimiz bu gün dünyaya təqdim olundu, beynəlxalq miqyasda tanındı.
Həmçinin Ordubadın ICESCO-nun İlkin Siyahısına daxil edilməsi 2026-cı ildə ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə mühim töhfədir.
Mənə görə Ordubad - maarifçilərimizin nəfəs aldığı mühit, düşünən kütləmizin, sağlam təfəükkürlü gələcək memarlarımızın kök saldığı Yerdir.
Ümumilli lider Heydər Əliyev demişdir: “Ordubad Azərbaycanın incisidir”.
İnciliyin daim olsun, Ordubad!
“Ədəbiyyat və incəsənət”
(17.02.2026)


