Montajlı səslər, saxta münasibətlər: Bizə nəyi “mədəniyyət” adıyla satırlar? Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət deyəndə ağlıma ilk olaraq sakitlik gəlir. Həzin bir musiqi, insanın içini dinləndirən sözlər, tələsmədən dinlənən, düşünülərək yazılan sənət nümunələri… Mədəniyyət mənim üçün qışqırıq deyil, nümayiş deyil. Daha çox sükutun içində deyilən söz, səssizcə ötürülən mesajdır. Amma bu gün mədəniyyət anlayışı getdikcə öz mahiyyətindən uzaqlaşır.

 

İndi səhnəyə gələn-gedən çıxır və deyir: “mən müğənniyəm”. Sanki bu ad asanlıqla əldə olunan bir tituldur. Səsin var, ya yox, önəmli deyil. Texnologiya var, montaj var, effekt var. Bir az parıltı, bir az səs-küy, bir az da sosial şəbəkə tanınmışlığı… Nəticədə mənasız sözlərlə dolu mahnılar efirləri bürüyür. Elə mahnılar var ki, dinləyirsən, amma nə demək istədiyini anlaya bilmirsən. Söz var, amma məna yoxdur. Melodiya var, amma ruh yoxdur. Halbuki musiqi insanın içinə toxunmalı, onu düşündürməli, bəzən də susdurmalıdır.

Bu mənzərə təkcə musiqidə deyil, seriallarımızda da açıq şəkildə özünü göstərir. Televizoru açırsan, kanalları dəyişirsən, amma sanki eyni serialın fərqli adlarla təkrarını izləyirsən. Eyni ssenari, eyni münasibətlər, eyni süni konfliktlər…

 Qaynana gəlinə nifrət edir, gəlin qaynanaya. Biri o birinə uzun-uzadı şillə vurur, o biri yıxılır. Bitməyən qışqırıqlar, ev içi dava-dalaş, intriqalar.

Bəs niyə ailə münasibətləri daim nifrət üzərində qurulmalıdır? Axı bu seriallara baxan təkcə vaxt keçirmək istəyən insanlar deyil. Baxan, izləyən, gördüklərini öz həyatı ilə müqayisə edən, ordan örnək götürən insanlar var. Elə ailələr var ki, ekranda göstərilənləri “bizdə də belədir” deyə qəbul edir. Hətta bəziləri üçün seriallar sadəcə süjet yox, həyat dərsinə çevrilir.

İnsan psixologiyası gördüyünə tez öyrəşir. Davamlı olaraq nifrət, dava, aqressiya göstərilirsə, bu, zamanla adi hal kimi qəbul olunur. Qaynananın gəlinə nifrəti, gəlinin qaynanaya düşmən münasibəti sanki dəyişməz bir qanun kimi təqdim edilir. Halbuki real həyatda anlayış, səbir, hörmət, bir-birini dinləmək kimi münasibətlər də var. Amma nədənsə bunlar az göstərilir.

Xüsusilə gənc ailələr, yeni evlənənlər bu cür obrazları izlədikcə düşünür ki, ailə həyatı elə budur: mütləq gərginlik olmalıdır, mütləq nifrət yaşanmalıdır. Elə insanlar var ki, seriala baxır və öz həyatını onun içində axtarır, hətta olmayan problemləri belə yaratmağa başlayır. Çünki ekranda gördüyü model ona təlqin olunur.

Hər seriyada eyni obrazlar var: aqressiv ana, məzlum gəlin, biganə oğul. Sanki cəmiyyət yalnız bundan ibarətdir. Sanki həyat yalnız qışqırıqla, şillə ilə, təhqirlə davam edir. Bu cür təqdimat zamanla normallaşır və tamaşaçı fərqinə varmadan bu davranışları qəbul etməyə başlayır. Halbuki sənətin əsas gücü tərbiyə etməkdə, düşüncə formalaşdırmaqda gizlidir.

Mədəniyyət şou-bizneslə qarışanda sənət dəyərini itirir. Reytinq naminə məna qurban verilir. Asan yol seçilir, çünki düşünmək çətindir, yazmaq çətindir, keyfiyyət yaratmaq zaman tələb edir. Amma nəticədə itirən yalnız sənət adamları yox, bütövlükdə cəmiyyət olur.

Əsl mədəniyyət sakitdir, amma təsirlidir. O, qışqırmır, amma eşidilir. Parıldamır, amma yadda qalır. 

Bəlkə də artıq özümüzə sual verməyin vaxtıdır: biz nəyi izləmək, nəyi dinləmək istəyirik? Bir günlük səs-küyümü, yoxsa illərlə unudulmayan sənət nümunələrini?

Mədəniyyət bizim güzgümüzdür. O güzgüdə nə görmək istəyiriksə, onu da yaratmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.