Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz ifadələrdən biri belədir: “Bizim yanımıza xəstə insanlar gəlmir. Xəstə etdikləri gəlir”. Bu cümlə qısa, dramatik və düşündürücüdür. Tez yayılan, çoxları tərəfindən bəyənilən və paylaşılan sözlər sırasında yer alır. Lakin burada əsas problem odur ki, bu cümlənin mənşəyi məlum deyil və heç kim bilmir ki, hansı psixoloq tərəfindən deyilib, hansı kontekstdə işlənib.
Bu tip ifadələr sosial mediada “mütəxəssis fikri” kimi təqdim edilir, lakin əslində onların çoxu yoxlanmamış, kontekstsiz və bəzən yanlış yönləndirici olur. İnsanlar bu sözlərə inanır, onları gündəlik həyatına tətbiq etməyə çalışır, amma bir çox halda bu sadəcə səthi təsir yaradır, həqiqi psixoloji məsləhət və ya mütəxəssis analizini əvəz edə bilmir.
Psixoloqlar bu tendensiyanı narahatlıqla izləyir. Onların fikrincə, hər hansı bir ifadənin dəyəri onun qısa və cəlbedici olması ilə deyil, onun təcrübəyə, elmi əsaslara və praktiki faydaya söykənməsi ilə ölçülür. Bir sözün məşhur olması, onun həqiqətə uyğun olduğu anlamına gəlmir. Əksinə, sosial mediada bu cür sözlər çox vaxt yanlış yönləndirici bir trendə çevrilir, insanların psixoloji problemlərinə səthi yanaşmalar yaratmağa, hətta zərər verəcək qərarlar qəbul etməyə səbəb ola bilər.
Bu cür ifadələr həm də məsuliyyətsiz paylaşım mədəniyyətini əks etdirir. İnsanlar tez bir zamanda maraqlı, dramatik və ya qıcıqlandırıcı ifadələri “ibrətamiz” kimi paylaşır, amma onların mənbəyini yoxlayır, kontekstini araşdırır, həqiqi mənasını başa düşmür. Nəticədə, təkcə sosial media deyil, cəmiyyətin gündəlik düşüncə tərzi də yanlış təsir altında qala bilir.
Əslində psixoloqların vurğuladığı budur ki, insanlara faydalı olmaq üçün yalnız söz kifayət etmir. Tövsiyələr, ifadələr və ya qısa sitatlar yalnız ona qulaq asan insanın davranışına, seçimlərinə və həyatına tətbiq edildikdə əhəmiyyət daşıyır. Sosial mediada viral olan sözlər əksər hallarda bunun əksini edir – onlar diqqət çəkir, amma insanı həqiqi dəyişiklik və ya həll yoluna yönəltmir.
Beləliklə, bu cümlənin cazibəsi və populyarlığı əslində səthi maraq və qısa təsir effekti yaradır, lakin onun dərinliyinə və həqiqi mənasına baxmadıqda, insanların psixoloji rifahına heç bir töhfə vermir. Əsl məsələ odur ki, biz kimdən öyrəndiyimizi, kimin sözünü analiz etdiyimizi və onu necə həyata keçirdiyimizi düşünək. Çünki ifadələr, tövsiyələr və “ibrətamiz” sözlər yalnız onların arxasında duran məna, kontekst və praktik təsir olduqda dəyərlidir.
Bu barədə “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən klinik psixoloq Gülşən Rüstəmova qeyd edib ki, sosial şəbəkələrdə ixtisası bəlli olmayan və haradansa eşitdiklərini təkrar edib gündəm yaradan bəzi insanlar var:
"Belə ki onlar hər hansısa bir cümləni işlədirlərdə, və yaxud da hər hansı bir mütəxxəsis tərəfindən işlədilmiş cümləni öz formatlarında göstərməy, işlətməyə çalışırlarsa bu o demək deyil həqiqətə uyğundur".
G.Rüstəmovanın sözlərinə görə, psixoloqa müraciət bir mərhələdir:
"Psixoloqa müraciət edən insan müstəqil surətdə bunu edirsə demək ki, bu insan özünü seçən və özü ilə məşğul olmaq istəyən, insandır. O problemin, onu incidən məsələnin basqısının fərqindədir və bunu həll etmək istəyir, çözüm, yol və çarə axtarır. Biz həmin insanları alqışlamalıyıq və alqışlamalıyıq da... Zatən insan bir mərhələyə çatdıqdan sonra müstəqil şəkildə psixoloqa müraciət edir. İnsan psixoloqa müraciət edibsə, məsələni 50% həll etmiş olur. İnsan buna inanır və seçirsə, demək bunu bacaracaq. Qeyd edim ki, sizə hər hansı bir insan tövsiyə verirsə, yaxud ibrətamiz ifadə işlədirsl, və ya "ibrətamiz" hesab etdiyimiz "ifadə" işlədirsə bu insanın həqiqətən də gəldiyi yola, keçdiyi cığırlara, həyat tərzinə, tutduğu mövqeyə baxaq. Çünki mümkün deyildir ki, insan bir tövsiyə versin və o tövsiyələrə özü faydalanmasın. Buna görə də, bu bizdən daha çox aslıdır ki, kimi dinləyir, kimi eşidir, kimə qulaq asır, kimin sözünü analiz edirik".
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)


