Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Məktəb zəngi adətən dərsin, bilik yolunun, gələcəyə açılan qapının səsi olur. Amma ötən gün “İdrak” liseyində səslənən səs zəng deyildi. O, bir güllənin səsi idi. Və o səs təkcə bir müəllimin bədənini yox, cəmiyyətin vicdanını yaraladı.
6 fevral 2026-cı il Azərbaycan təhsil tarixində qara bir səhifə kimi açıldı. Sinif lövhəsi qarşısında dayanmalı olan müəllim, həyatını öyrətməyə həsr etmiş bir pedaqoq, qəfil bir zorakılığın hədəfinə çevrildi. Məktəb – qorumaq, tərbiyə etmək üçün mövcud olan məkan – bu dəfə təhlükənin öz ünvanı oldu.
Silahın keçdiyi yol
Bir şagird… Onun əlində isə kitab yox, silah vardı.
Bu sual cavabsız qalır: silah evdən məktəbə qədər necə rahat gəlib çatdı? Hansı mərhələdə susuldu, hansı yerdə görməməzliyə vuruldu? Bu güllə təkcə ov tüfəngindən çıxmadı — məsuliyyətsizlikdən, laqeydlikdən, vaxtında atılmayan addımlardan çıxdı.
Şagird əlinə silah aldı, özü də tapança da yox ki, cibində gizlədəydi, iri tüfəng aldı əlinə, nə evlərində, nə küçədə, nə məktəbin həyətində kimsə əlitüfəngli potensial qatili “görmədi” və o, müəllimə atəş açdı. O an sinif yoldaşlarının, müəllimlərin, valideynlərin dünyası dağıldı. Qan döşəməyə damdı, qorxu divarlara hopdu, səssizlik isə hər kəsi boğdu.
Güllənin hədəfi: müəllim
Güllə təsadüfi adama dəymədi. O, müəllimə dəydi.
Bilik verənə, yol göstərənə, cəmiyyətin sabahını formalaşdırana.
Zərərçəkən müəllimə gənc idi. İdealist idi. Sinfə girəndə uşaqların gözlərinə baxıb gələcək görənlərdən idi. Onun sinifdəki səsi indi xəstəxana palatasında nəfəs səslərinə çevrildi. Və bu mənzərə bizi utandırmalıdır. Çünki müəllimi qoruya bilməyən cəmiyyət gələcəyini də qoruya bilməz.
İndi ağzıgöyçəklər ortaya söz salırlar, guya o, cinayətkar şagirdi tez-tez danlayırmış, boğaza yığırmış… Bunlar insana cinayət törətməyə rəvacmı verir məgər? Pedaqoqun işi tərbiyələndirmək deyil məgər? Nöqsanları üzə deyib şagirdi müsbətə doğru dəyişmək istəyən pedaqoqa güllə açmağa necə bəraət qazandırmaq olar axı?
Qorxunun məktəbə köçü
Bu hadisədən sonra heç nə əvvəlki kimi olmayacaq.
Valideynlər uşaqlarını məktəbə yola salanda “oxusun” deməzdən əvvəl “sağ qayıtsın” deyə düşünəcəklər. Müəllimlər sinfə girəndə artıq yalnız dərs planını yox, təhlükəsizliklərini də ölçüb-biçəcəklər.
Məktəb divarları arasında qorxu dolaşırsa, orada təhsildən danışmaq çətindir. Təhsil etibar üzərində qurulur. Etibar sarsılanda isə cəmiyyət sarsılır.
Susqunluğun günahı
Bu hadisənin günahkarı təkcə tətik çəkən barmaq deyil.
Bu, bir sistemin susqunluğudur.
Valideyn nəzarətinin zəifliyi, məktəb təhlükəsizliyinin formal olması, yeniyetmə psixologiyasına vaxtında diqqət ayrılmaması — bütün bunlar bu faciənin səssiz iştirakçılarıdır.
Biz çox vaxt deyirik: “Belə şeylər bizdə olmaz.”
Amma oldu.
Və olduysa, demək ki, vaxtında dinləmədik, görmədik, ciddiyə almadıq.
Sumqayıtın adı hallanır
Bu hadisəni nə törədənin, nə də qurbanın haralı olmasının məsələyə əsla dəxli olmadığı halda (hamımız azərbaycanlı deyilikmi) xəbər saytları bar-bar bağırır, hadisədə “Sumqayıt izləri”nə önəm verirlər. Liseyin rəhbəri kimdir? Mönsüm Alışov. Sumqayıtlı. İlk olaraq Sumqayıtda lisey işinə başlayıb, sonra güclənib, Bakıya addımlayıb. Hadisəni törədən şagirdin atası kimdir? Sumqayıt şəhər İçra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini… Liseydə sumqayıtlı müğənni Elton Hüseynəliyevin də övladı oxuyur…
Axı nə dəxli? Liseyin rəhbəri göranboylu, şagirdin atası haclqabullu olsaydı, müğənninin də oğlu orda oxumasaydı, yəni bu hadisə baş verməyəcəkdi?
Son söz əvəzi
“İdrak” liseyində açılan atəş bir müəllimi yaraladı, amma hamımıza tuşlandı. Bu güllə məktəbə yox, cəmiyyətə dəydi. Təhsilə, etibara, sabaha dəydi.
Əgər bu hadisədən sonra da hər şey əvvəlki kimi davam edəcəksə, deməli, biz o güllənin səsini hələ də eşitməmişik.
Məktəb güllə səsi ilə yox, zəng səsi ilə xatırlanmalıdır.
Əks halda, susqunluğumuz yeni faciələrə zəmin yaradacaq.
Şəkildə: Gülləyə tuş gəlmiş Şəhla Kərimova. Onun cəmi 29 yaşı var.
“Ədəbiyyat və incəsənət”
(07.02.2026)


