6 fevral, 7.7 bal və 38000 insan itkisi Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün, 6 fevral, qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələnin ildönümüdür. 2023-cü il fevralın 6-da səhər saat 04:17 və günorta 13:24-də Kahramanmaraş və ətraf 10 vilayəti güclü zəlzələlər silkələdi: səhər 7.7, günorta isə 7.6 maqnitudalı bu təbii fəlakət insan həyatına, şəhərlərə və bölgənin iqtisadiyyatına ağır zərbə vurdu. Zəlzələ yalnız binaları dağıtmadı, eyni zamanda insanların həyatında dərin sosial, psixoloji və insani travmalar yaratdı.

 

Kahramanmaraş zəlzələsi nəticəsində 38 mindən çox insan həyatını itirdi, yüz minlərlə insan yaralandı və 47 min bina ya tamamilə dağıldı, ya da ciddi şəkildə zədələndi. Həmin gün insanların yaşadığı ümid və qorxu qarışığı heç vaxt unudulmayacaq. Ailələrinin dağıntılar altında qalmasını izləyən, sevdiklərinin taleyini gözləyən insanlar Kahramanmaraş küçələrində bir işıq, bir ümid gözləyirdilər: hər xilas edilən həyat onlar üçün bir fürsət demək idi. İnsanlar düşünürdü: “Bəlkə xilas edilən mənim ailəmdəndir…”

Qışın sərt soyuğunda minlərlə insan çadırlarda qalmaq məcburiyyətində idi ki, bu da humanitar böhranı daha da dərinləşdirdi. Bölgədə təcili yardım üçün 35 min arama-qurtarma işçisi, 250 min dövlət işçisi və minlərlə könüllü səfərbər edildi. Türkiyə hökuməti dərhal fövqəladə hallar elan etdi və 10 vilayət üçün xüsusi yardım planları hazırladı. Jurnalist Fülya Öztürk isə xilasetmə proseslərini anbaan izləyicilərə çatdıraraq faciənin böyüklüyünü əyani göstərirdi.

Prezident Recep Tayyip Erdoğan qısa və uzun müddətli yardım paketlərini açıqladı:

"Zəlzələdən zərər çəkənlərə ilkin olaraq ailə başına 10 min TL, həyatını itirənlərin yaxınlarına 100 min TL maddi dəstək, bölgədən köçmək istəyənlər üçün 15 min TL daşınma və 5 min TL kira yardımı, bir il ərzində isə bütün yaşayış ehtiyaclarının qarşılanması planlanmışdır".

 

Faciə günlərindən etibarən Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında oldu. Azərbaycanın yardımı həm mənəvi, həm də maddi baxımdan böyük əhəmiyyət daşıyırdı. Kahramanmaraşda Azərbaycan Caddesi yaxınlığında “Azərbaycan Məhəlləsi” layihəsi reallaşdırıldı. Layihə çərçivəsində 1000 mənzilli müasir yaşayış kompleksi, Heydər Əliyev Mədəniyyət Mərkəzi, parklar, məktəb və digər sosial infrastrukturlar inşa edildi. Layihənin ümumi dəyəri 100 milyon dollar təşkil edir. Bu kompleks həm qardaşlıq simvolu, həm də depremzədələr üçün uzunmüddətli həyat şəraitini təmin edən bir nümunədir.

Azərbaycan Diaspora Nazirliyinin müavini Valeh Hacıyev bildirdi ki, Azərbaycan xalqı Türkiyəyə yardım üçün bir araya gəldi. Faciədən dərhal sonra Kahramanmaraş və Hatay bölgələrinə humanitar yük göndərildi. Xüsusilə soyuq qış günlərində çadırlarda qalan zərərçəkənlər üçün:

İstilik cihazları, qışlıq yorgan, elektrikli ocaklar və gündəlik ehtiyac əşyaları göndərildi.

Azərbaycan Prezidenti İlham Əliyev Kahramanmaraş zəlzələsinin 3-cü ildönümü ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bildirdi:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım. Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.    

Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.  

Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.  

Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.  

Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada "Azərbaycan" məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.  

  

Əminəm ki, "Bir millət iki dövlət" fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.  

Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm". 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026) 

  

  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.