Livanın türkman gəncləri 20 Yanvar faciəsi barədə məlumatlandırılıb

Livanın Akkar vilayətinin türkmanlar yaşayan Kavaşra kəndindəki Azərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan maarifləndirici tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Tədbirdə gənclərə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, günahsız insanların qətlə yetirilməsi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə barədə ətraflı məlumat verilib. Bu tarixin Azərbaycan xalqının yaddaşında təkcə faciə kimi deyil, eyni zamanda milli iradə, birlik və qəhrəmanlıq simvolu kimi qaldığı qeyd olunub.

Tədbir Azərbaycan həqiqətlərinin təbliği, tariximizin türkman gənclərə öyrədilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Qeyd edək ki, Kavaşra kəndində fəaliyyət göstərən Azərbaycan Evi 2025-ci ilin may ayında fəaliyyətə başlayıb. Burada türkman gənclərə və uşaqlara Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti tədris olunur. Milli bayramlara və tarixi günlərə həsr edilən tədbirlər keçirilir. Eyni zamanda diasporla əlaqələrin gücləndirilməsi məqsədilə müxtəlif layihələr gerçəkləşdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.