“Maraqlı söhbətlər”də Raquf Orucov barədə xatirə Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bugünkü Maraqlı söhbətlərdə sizlərə qəhrəmanşəhidimiz Raquf Orucov barədə bir xatirəni təqdim edirəm. Müəllifi Elgün Gəncimsoydur.

 

Axşam idi. Otağın işığı yanmırdı. Çöldə elə soyuq idi ki, dodaqlar çatlayırdı. Hamımız sobanın başına yığışıb söhbət edirdik. Birdən söhbət ondan düşdü. Hər kəs bildiyi bir hadisəni xatırladı. “Varın verən utanmaz” deyərlər, kimin nə xatirəsi vardısa, dilə gətirdi.

 

Masada əyləşən kəşfiyyatçı dostum sanki danışmağa tərəddüd edirdi. Ancaq özünü saxlaya bilmədi. Çayını təzələyib bir qurtum içdi. Stəkanı ovcunda saxlayaraq arxada ikimərtəbəli əsgər çarpayısında dirsəklənib alaqaranlıq masamıza baxan yoldaşını əli ilə göstərdi və danışmağa başladı:

- Bunun da iştirak etdiyi bir döyüş tapşırığına getmişdik. Düşmən arxasına sızaraq tapşırığı uğurla yerinə yetirdik. Ancaq Ağdamın Yusifcanlı kəndi ərazisində düşmən bizi mühasirəyə aldı. Dəfələrlə döyüş manevrləri etsək də, vəziyyətdən çıxa bilmədik. Rabitə vasitəsilə çağırış etdik. Əlaqə alındı. Bizə atəş dəstəyi göstəriləcəyi bildirildi.O tərəfdə hər şey plan üzrə aparılırdı. Qarşıdurma xəttində rabitənin o başında olan komandirin göstərişləri ilə bütün proses dəqiqliklə idarə olunurdu. Artilleriya düşməni aldatmaq üçün qrupun tam əks istiqamətinə atəş açdı. Biz isə düşmənin gözləmədiyi yerdən qurdun sürüyə hücumu kimi sarsıdıcı basqı etdik və mühasirədən çıxdıq. Öz səngərlərimizə doğru hərəkət başladı. Səngərə atıldığım an qarşımdakı işıltılı gözlər birbaşa gözlərimin içinə baxdı. Palçığın içində idim. O, gözləri ilə gözümə baxıb alnını alnıma dirədi, sonra palçıqlı çiynimdən öpdü və soruşdu:

- İtkimiz yoxdur ki?

- Yox, hər şeyqaydasındadır, - dedim.

- Oğulsan. Mən sizin sağ qalmağınız üçün böyük məsuliyyətin altına girdim, - dedi və əlindəki qətifəni mənə uzatdı: - Üz-gözünü qurula, isti çay iç və dincəl.

O, bütün qrup üzvlərini eyni səmimiyyətlə, eyni doğmalıqla qarşıladı.

Sonra mən ondan kim olduğunu soruşdum. O qədər sadə və səmimi idi ki, gülümsəyərək dedi:

- Mən bu hərbi hissənin komandiriyəm, sizin də qardaşınız. Adım Raqufdur…

Bu, həmin Raquf Orucov idi.

Səmimi deyirəm, bəzən işğaldan azad olunmuş ərazilərdə ilk dəfə ayaq basdığım yerlərdə elə bilirəm onunla göz-gözə gəlirəm. O, əsl qəhrəman idi. Vətəni canından çox sevirdi. Bunu sübut etmək üçün yox, yaşadığı amalın həqiqət olduğunu dünyaya çatdırmaq üçün 2016-cı ilin Aprel döyüşlərində şəhadətə ucaldı.

Haqqı ödənilməz qəhrəman qardaşım – Raquf Orucov.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.