Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Dünən- 20 yanvar 2026-cı il tarixində Gəncədə görkəmli nasir, şair, publisist və dramaturq Qərib Mehdiyev dünyasını dəyişdi. 89 yaşında vəfat edən sənətkar Azərbaycan ədəbiyyatının dəyərli simalarından biri olaraq xatırlanacaq.
Qərib Qasım oğlu Mehdiyev 1936-cı ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuş, uşaq yaşlarından ədəbiyyata böyük maraq göstərmişdir. Ailəsi ilə Gəncəyə köçdükdən sonra həyatının böyük hissəsini bu şəhərdə keçirmiş, 3 saylı fəhlə-gənclər axşam məktəbini bitirmişdir. Əmək fəaliyyətinə müxtəlif sahələrdə başlamış, həm sənətkar, həm müəllim, həm də jurnalist kimi Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermişdir. 1971-ci ildən “Yüksəliş” qəzetinin redaktoru vəzifəsində çalışmışdır.
Mehdiyev yaradıcılığa 1958-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi “İşığın qəzəbi” adlı satirik hekayəsi ilə başlamış, sonralar əsərlərini öz adı ilə oxuculara təqdim etmişdir. O, həm hekayəçi, həm şair, həm publisist, həm də dramaturq kimi fəaliyyət göstərmiş, 1989-cu ildə yazdığı “Oxşarlar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
Qərib Mehdiyevin əsərləri çoxşaxəlidir. Onun yaradıcılığına “İşıq”, “Təmiz hava”, “Səndən sonra”, “Çinar günü”, “Gül əvəzinə söz”, “Kim yatmış, kim oyaq?” və digər əsərlər daxildir. Əsərlərində Mehdiyev həyatın içindən real obrazlarla işləməyi, insan duyğularını dərinliyi ilə əks etdirməyi bacarırdı. Satirik povestlərində isə cəmiyyətin müasir problemlərinə diqqət çəkir, oxucunu düşünməyə sövq edirdi.
O, həmçinin ədəbi birliklərin fəal üzvü və rəhbəri olmuş, “İlham” ədəbi birliyinə rəhbərlik edərək gənc istedadların yetişməsinə böyük dəstək göstərmişdir.
Sənətkar “Əməkdar jurnalist”, Həsən bəy Zərdabi adına mükafat, Məmməd Araz ali ədəbi mükafatı və “Cəsarətli jurnalist” mükafatına layiq görülmüşdür.
Azərbaycan ədəbiyyatı Qərib Mehdiyevin vəfatı ilə böyük bir ziyalıdan, doğma sözün ustadından məhrum oldu. Lakin onun əsərləri və ədəbi irsi gələcək nəsillər üçün əbədi olaraq yaşayacaq.
“Ədəbiyyat və incəsənət”
(21.01.2026)


