Robot həsrətdən danışa bilər, amma heç kimi gözləmədən Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Son vaxtlar bir sual getdikcə daha çox səslənir: “Süni zəka yazırsa, yazıçıya nə ehtiyac var?” Bu sual qorxuludur, amma eyni zamanda düşündürücüdür. Çünki texnologiya inkişaf etdikcə incəsənət də öz yerini yenidən axtarmağa başlayır.

 

Bəzən müəllimlərimiz dərsdə deyir ki, bir gün jurnalistika insan sahəsi olmayacaq. Jurnalistləri robotlar, süni zəka əvəz edəcək. Xəbərləri onlar yazacaq, reportajları onlar hazırlayacaq. Bu fikri tez-tez eşidirik. Amma mən belə düşünmürəm.

Süni zəka şeir yaza, hekayə qura, hətta tablo yarada bilir. Amma onun yazdığı mətnlərdə bir çatışmazlıq var - yaşanmışlıq. Süni zəka ağrını təsvir edə bilər, amma onu hiss etmir. Həsrətdən danışa bilər, amma heç kimi gözləmədın. Məhz bu nöqtədə insanla maşın arasındakı sərhəd aydınlaşır.

Robot yazmağı bacara bilər, amma yaşamağı bacarmır. O, bir qəsəbədə nələrin baş verdiyini həqiqətən bilə bilməz. Çünki robot o qəsəbənin içində yaşamır. Bu küçədə kimin kimi niyə öldürdüyünü, bu evdən kimin niyə qaçdığını, bir insanın niyə gecəyarısı arxasına baxmadan evini tərk etdiyini anlaya bilməz. O, yalnız rəsmi məlumatı görər, statistikaya baxar. Amma hadisənin arxasındakı qorxunu, ağrını, susqunluğu görə bilməz.

Ədəbiyyat və jurnalistika təkcə söz oyunu deyil. Bu sahələr insanın iç dünyasının kağıza köçürülmüş halıdır. Bir müəllif yazarkən öz qorxularını, xatirələrini, itkilərini də yazır. Jurnalist isə hadisəni yox, insanı anlatmağa çalışır. Süni zəka isə yalnız ona öyrədilən məlumatların kombinasiyasını təqdim edir. Orada vicdan yoxdur, peşmanlıq yoxdur, gecə yarısı edilən etiraflar yoxdur.

İncəsənət tarix boyu dəyişib, amma bir şeyi heç vaxt itirməyib insanı. Fırça dəyişib, texnika dəyişib, mövzular dəyişib. Amma əsərin mərkəzində həmişə insan dayanıb. Bu gün də elədir. Süni zəka bir alət ola bilər, amma yaradan ola bilməz.

Bəlkə də qorxmalı deyilik. Əksinə, bu dövr yazıçı və jurnalist üçün yeni bir sınaqdır: daha səmimi olmaq, daha cəsarətli yazmaq, daha “insan” qalmaq. Çünki gələcəkdə bizi texnologiyadan yox, ruhsuzluqdan qoruyan məhz incəsənət və söz

 olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.