Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Cənubi Azərbaycan Demokratik Türkdilli Birliyi (GADTB) Avropa Parlamentinin Prezidenti Roberta Metsolaya məktub göndərərək, İranda Cənubi Azərbaycanlılara qarşı davam edən insan hüquqları pozuntularına diqqət çəkib.
Avstraliya azərbaycanlıları Assosiasiyasının sədri Mikayil Oytanın verdiyi məlumata əsasən, məktubda bildirilir ki, İranda 40 milyondan çox Cənubi azərbaycanlı yaşayır və onlar əsrlərdir siyasi təzyiq, ayrı-seçkilik və mədəni məhdudiyyətlərlə üzləşir. Cənubi Azərbaycanlılar ana dilində təhsil ala bilmir, mədəni və akademik fəaliyyətləri məhdudlaşdırılıb.
Eyni zamanda, bölgədə ekoloji böhran da yaşanır. Urmiya Gölü tamamilə quruma təhlükəsi ilə üzləşib, mineral və qızıl çıxarılması yerli icmalara ciddi ziyan vurub. Məktubda həmçinin İranda son illərdəki etirazlar zamanı zorakılıq halları vurğulanır. İslam İnqilab Keşikçiləri Korpusu (IRGC) tərəfindən nümayişlər zorakılıqla yatırılıb, vətəndaşlara canlı güllə ilə atəş açılıb, xəstəxana və universitetlərə hücumlar baş verib, bir çox insan isə həbs edilib və işgəncələrə məruz qalıb.
GADTB Avropa Parlamentini Cənubi Azərbaycanlıların öz müqəddəratını təyin etmə haqqını tanımağa, zorakılığı pisləməyə və insan hüquqları pozuntularına görə məsul şəxsləri beynəlxalq səviyyədə cəzalandırmaq mexanizmlərini dəstəkləməyə çağırıb.
“Ədəbiyyat və incəsənət”
(13.01.2026)
Fatimə Məmmədova


