Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Hər gün işlədiyim sayta xəbərlər yazıram.
“Bu oldu”, “o oldu”.
Maduro tutuldu.
Venesuelada partlayış baş verdi.
Müharibə davam edir.
Türkiyədə qar fırtınası həyatı iflic etdi.
ABŞ-li siyasətçi Azərbaycanı hədələdi və sair, və sair…
Bu, mənim işimdir. Yazıram. Paylaşıram. Növbəti xəbərə keçirəm. Amma etiraf edim, artıq yoruluram. Yorulmaq azdır, artıq insan daralır. İçində bir sıxıntı yığılır, insan eyni hadisələri təkrar-təkrar oxumaqdan sıxılır.
2026-cı ilə girəndə yenə eyni cümlələri dedik: “Bu il gözəl olsun”. Bəlkə mənim üçün gözəl olar. Bəlkə şəxsi həyatımda hər şey qaydasında gedər. Amma bir anlıq dünyaya baxıram. Öz ölkəmdən kənara. Və sual yaranır: dünyaya nə olub? Yeni ilin ilk günündən nə qədər ölüm halları oldu? Dünyada, kimisi yeni il partlayıcısı yandırarkən yaralandı, kimisi qar fırtınasında yaralandı..
Azərbaycanda artıq sülhdür. Müharibə bitib. İnsanlar normal yaşamağa çalışır. Bəs dünya niyə bacarmır? Niyə bir ölkə rahat nəfəs alanda, digərində insanlar gecəni partlayış səsi ilə açır? Niyə biri sabaha ümidlə oyanır, digəri sağ qalacağına şübhə ilə?
Bir gün biri öldürülür. Bir gün biri bıçaqlanır. Bir gün şəhər bombalanır. Bir gün küçələr etirazçılarla dolur.
İnsan insanı yaralayır. İnsan insanın canına qəsd edir.
İnsan insan qatili olmaq üçünmü yaradılıb? Yoxsa aldığı havanı rahatlıqla udmaq üçün? Yoxsa gecələr partlayış səsinə oyanmaq üçün? Yoxsa İranda etirazçılarla birlikdə küçəyə çıxıb haqqını tələb etmək üçün? Yoxsa sadəcə susub ölmək üçün?
Bu sualların cavabı yoxdur. Adlar dəyişir. Ölkələr dəyişir. Hakimiyyətlər dəyişir.Amma nifrət dəyişmir. İnsan oğlu sanki dağıtmağı daha çox sevir. Qan xəbərləri daha tez yayılır. Ölüm daha tez diqqət çəkir. Sülh darıxdırıcı gəlir, müharibə maraqlı.
Ən acı həqiqət də budur ki, bu, yeni deyil. Bu həmişə olub. Və bəlkə də həmişə olacaq. Çünki insan oğlu bunu sevir. Qarşıdurmanı, üstün gəlməyi, məhv etməyi, sensasiyanı. Gücü haqlı saymağı. Silahı sözdən üstün tutmağı. Biz hər il “bu il fərqli olsun” deyirik. Amma fərqli olmur. Sadəcə xəbərlərin tarixləri dəyişir. Hər gün xəbər tərcumə edərkən, bu dünyanın qaranlıq tərəfini yazıram. Və bəzən düşünürəm ki, ən ağır xəbər partlayış deyil, ölüm sayı deyil, insanın buna alışmasıdır, bunu normal hal olaraq görməsidir. Artıq oxuyuruq, keçirik, unuduruq. Mən də hətta oxuyuram, bu gün görəsən nə olacaq?
İl dəyişir, təqvim dəyişir.
Amma dünya dəyişmir.
Və mən hər gün klaviaturanı açıb eyni hisslə yazıram:
İsrail təyyarələri Livanda bir kəndə beş zərbə endirib.
İsrail İrandakı etirazları açıq şəkildə istifadə edir.
ABŞ İrana kütləvi hava hücumları planlaşdırır.
Bəlkə problem illərdə yox, insanların özündədir?
“Ədəbiyyat və incəsənət”
(13.01.2026)


