CƏLİL XƏLİLOV: “Ordumuzun qüdrətinin artırılması və türk dövlətləri ilə hərbi əməkdaşlıq zamanın tələbidir” Featured

 Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması, eləcə də türk dövlətləri ilə hərbi əməkdaşlığın daha da genişləndirilməsi günün tələbi, zamanın diktəsidir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər sadəcə dövlətimizin deyil, bütün Türk dünyasının gələcək təhlükəsizliyi baxımından mühüm amil və istiqamətləri əhatə edir: “Dövlətimizin başçısı yerli televiziyalara müsahibəsində daha güclü olmağın, ordunun döyüş hazırlığını, peşəkarlığını artırmağın son dərəcə zəruri olduğunu vurğuladı. Prezident qeyd etdi ki, dünyada baş verən proseslər güc faktorunun həlledici rol oynadığını, dövlətlərarası münasibətlərin “kim güclüdürsə, o da haqlıdır” prinsipi ilə idarə edildiyini göstərir. Həqiqətən də, bu gün müasir dünyada baş verən proseslər sübut edir ki, artıq beynəlxalq hüquq heç bir dövlətin təhlükəsizliyini təmin etməyə, hər hansı təcavüzün qarşısını almağa, yaxud təcavüzkarı cəzalandırmağa qadir deyil. Bu gün təhlükəsizliyin yeganə təminatçısı hərbi gücdür. Məhz buna görə də, dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin gücünü mütəmadi şəkildə artırmağa, Ordumuzun texniki təchizatını, peşəkarlığını yüksəltməyə xüsusi diqqət göstərir”.

Cəlil Xəlilov vurğulayıb ki, bu il ölkəmizdə təhlükəsizlik və müdafiə xərcləri ötən illə müqayisədə 4 faiz artırılıb. “Bu, xalqımızın və dövlətimizin təhlükəsizliyinə necə böyük diqqət və məsuliyyətlə yanaşıldığını, ölkəmizin gələcək təhdid və təhlükələrdən qorunması üçün atılan addımların uzaqgörənliyini göstərir. Dövlətimizin başçısının çıxışında əksini tapan mühüm məsələlərdən biri də milli hərbi sənayenin inkişafı, eləcə də müştərək hərbi müəssisələrin yaradılması oldu. Çünki yerli hərbi sənayenin inkişafı təhlükəsizliyin təminatının mühüm şərtlərindən biridir və ölkəmiz bu sahədə də prinsipial addımlar atır”, - deyə o vurğulayıb.

Təşkilat sədri Prezident İlham Əliyevin verdiyi müsahibədə Azərbaycanın digər türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirmək istəyinə diqqət çəkərək deyib: “Müsahibədə türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməyin vacibliyi çox düzgün olaraq qeyd edildi. Dövlətimizin başçısı bunun Türk dünyasının təhlükəsizliyinin təmini baxımından vacib olduğunu vurğulayaraq bildirdi ki, əgər bütün tərəflərin razılığı olarsa, elə bu il birgə hərbi təlimlərin keçirilməsi baş tutacaq. Bir məqamı da qeyd edək ki, türk dövlətlərinin birgə hərbi təlimlər keçirməsi, hərbi əməkdaşlığı genişləndirməsi yalnız Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının marağına uyğundur. Bu, Türk dünyasının təhlükəsizliklə bağlı problemlərə vahid strategiyadan yanaşmasına və bir-birlərinin təhlükəsizliyi ilə bağlı təhdidlərə biganə qalmayacağına əsas verir. Bu baxımdan, türk dövlətləri arasında hərbi əməkdaşlığın genişləndirilməsi bütün Türk dünyasının təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir. Ümid etməyə dəyər ki, türk dövlətləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü həmin təklifi dəstəkləyəcək və bu sahədə əməli addımlar atmaqla dünyaya Türk dünyasının hərbi əməkdaşlıq məsələsində də həmrəy olduğunu nümayiş etdirəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.