Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bugünkü müsahibim portalımızın redaktoru, tanınmış şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalıdır. Onunla söhbətimiz bazar günü baş tutur. Soyuqdur, suluqar yağır, ilk gündür ki qış özünü göstərir. Cəmi müsbət 3 dərəcədir. Amma Əkbər bəy o qədər hərarətlə, isti-isti danışır ki, soyuq əsla hiss edilmir.
-Əkbər bəy, daha bir təqvim ili başa çatır, sizcə bu il daha çox nələrlə yadda qalacaq?
-Yaxşı dediz - təqvim ili başa çatır; bununla belə, kiminçünsə il başa çatmır, uzanır, yaxud bəlkə, daha yeni başlayır... Məncə, rəsmi təqvimdən savayı hər kəsin öz könül təqvimi də vardır. Bir də, axı hər son bir başlanğıcdır, gərək özündə olasan, sözündə olasan, lap elə kiminsə gözündə olasan və gözün üstündə olduqların ola… - Onda gün günə, il ilə sığmaz… Bu anlamda, bizim dəyərləndirməmiz daha çox təqvim ilinə ictimai-siyasi, ədəbi-mədəni baxımdan yanaşma məzmununda ola bilər.
Bu il ölkəmiz çox önəmli beynəlxalq tədbirlərə evyiyəliyi etdi; başqa ölkələrdəki çox önəmli tədbirlərdə yüksək səviyyədə iştirak etdik. ABŞ-Azərbaycan yüksək sənədinin imzalanması, ABŞ Prezidentinin şahidliyi ilə imzalanan Ermənistan-Azərbaycan sənədləri, o cümlədən barış sənədinin paraflanması, bundan çıxan sonuclardan biri kimi ATƏT-in vecsiz Minsk qrupunun nəhayət bu günlərdə rəsmən buraxılması və s. - bax, bütün bunlar 2025-ci ilə Azərbaycan üçün dərin məzmun və yeni üfüq qazandırdı. Əlbəttə, Zəfərimizin 5-ci ildönümü, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə keçirilən, hər üç ölkə liderinin tarixi nitq söylədiyi paradını, bütün bunların məhz “Konstitusiya və Suverenlik İli”nə təvafüq etməsini vurğulamalıyıq.
İqtisadi sahədə isə daha çox, düşmən işğalından qurtulmuş şəhər-kəndlərimizin yenidən qurulması, böyük təmir-bərpa işləri, Laçın Beynəlxalq Hava Limanı, Murovdağ tuneli və digər böyük infrastruktur layihələri, “Böyük Qayıdış” proqramına uyğun geridönüşlər vurğulanmalıdır - bunlar bütövlükdə də, ayrılıqda da ölçüyəgəlməz işlərdir, əlbəttə.
Mənə qismət oldu bu yay Xankəndini və daha öncə olmadığım bəzi şəhər-kəndlərimizi ziyarət etdim; “Böyük Qayıdış” üçün görülən böyük işləri bilavasitə gördüm, sevindim, qürurlandım. Üç on illik boyu işğalın canımıza hopmuş kir-pasından qurtulmaqçün o torpaqları, dağları, bulaqları ziyarət etməyin ayrı bir zövq-səfası vardır. Alxışımız, şükranlığımız, rəhmətimiz də dilimizdən heç düşməz: Şəhidlər ölmədi, Vətən bölünmədi! Dövlətimiz zaval görməsin!
Ədəbi-mədəni planda isə fövqəladə işlər olmasa da, hər halda ölgünlük də olmadı. Müəyyən əsərlər, kitablar, tanıtımlar, səfərlər, qəbullar və s. oldu. - Necə deyərlər, təsərrüfat işlədi, qurumlar dayanmadı, qələmlər yerə qoyulmadı; başqa sözlə, layihələr icra edildi, kitablar çıxdı, tanıtımlar oldu… Ancaq “siyasi, diplomatik və infrastruktur layihələri miqyasında, nəhəng fəaliyyət oldu” deyəməm… Bəlkə, ədəbiyyat, mədəniyyət coğrafiyamızda da özünəxas “Böyük Qayıdış” lazımdır. O cümlədən Borçalı, Dərbənd, Kərkük, Güney Azərbaycan gözü yolda qalmamalıdır. Fiziki olaraq gərəyincə gediş-gəliş mümkün olmayanda belə, heç olmazsa, çağdaş İKT-nin, TV və radionun imkanlarından gərəyincə yararlanmaq mənəvi öhdəliyimizdir.
-İndicə dediyiniz “Şəhidlər ölmədi, Vətən bölünmədi”, habelə daha çox, “Dövlətimiz zaval görməsin!” deyimi, sizin siyasi publisistikanızda davamlı oxuduğumuz möhür sözlərdir… Bu möhürlüyə bir şərhiniz varmı?
-Şəhidlər ölməz, Vətən bölünməz - bu deyim Anadoluda yayğın idi, bizə də keçmişdi və biz 44 günlük savaşdan sonra o deyimi gələcəkyönümlülükdən tam müəyyənliyə yetmiş, təsdiq olunmuş, özünü doğrultmuş söz kimi ifadə etməyə başladıq; sağ olsunlar, yenilənmiş ifadə xeyli önəmli imza yiyələrincə də qəbul gördü və demək olar, artıq sabitləşməkdıdir.
Dövlətimiz zaval görməsin - doğru deyirsiz, mən öz siyasi yazılarımı hardasa, 6-7 ildir belə bir alxışla bağlayıram; bu alxışın da ümumişlək alxışa çevrilməkdə olduğunu görmək çox xoşdur.
Bilirsiz, Vətənin taleyi ömrümüzə çöküb, ruhumuza köçüb; hansı işdə olursuz olun, nə sənətin, peşənin yiyəsi olursuzsa olun - Vətən vətəndir. Baxın, şəxsimizə ədalətsizlik olanda necə qarşılayırıq? Bəs bütövlükdə Vətənimiz, ulusumuz ədalətsizlikdən illər uzunu əzab çəkincə və təhdidlər heç də tam aradan qalxmayıbsa kimsə özünü Pinti Dadaşlığa, Key Balaxanımlığa, qanmazlığa vura bilərmi?.. Biz cinqırmızı şalvar geyən, qulağı sırğalı, “şanapipik priçoskalı” yaxud nəfsi ağlını, qısqanclığı ruhunu yeyib-bitirən oğlancıqları, dodağı ovsanatdan, bədəni şəkildən şəkilə düşməkdən böysan olmuş qızcıqları demirəm - onların cəhənnəmə yolu açıq olsun - özləri bilər; mən adam kimi adamlardan danışıram, sözüm də onlaradır.
Savaş bitib, respublikanın ərazi bütövlüyü, suverenliyi tamamlanıb; lakin könül coğrafiyamızın bütövlüyü, mədəniyyətimizin suverenliyi tam bərpa olunubmu? - Bax, bu, artıq dövləti deyil, ulusun aydınlarını, qələm adamlarını görəvə çağırır: könül-könül, əsər-əsər, kitab-kitab…
-Aydındır.Əkbər bəy, təqvim ilinin son ayının gətirdiyi sualları davam etdirərək soruşmaq istərdim: bəs öz yaradıcılığınız 2025-ci ildə necə göründü, nə yazdınız, nə oxudunuz yaxud oxutdunuz?
-Udmurtiyanın Xalq yazıçısı Vyaçeslav Ar-Serginin, Tatarıstanın Əməkdar incəsənət xadimi, şair-tərcüməçi Lenar Şeyxin, Qazax şairi Sayat Kamşıgerin kitablarını yayına hazırladıq və hər üç kitabın nəşri geniş mətbu reaksiya gördü.
Ədəbi-mədəni bağların gücləndirilməsi, ədəbiyyatımıza, ölkəmizə yeni dostlar qazandırılması, yeri gələndə onların müxtəlif platformlarda bizim haqq sözümüzü deməsi - bax, bunlar bizə özümün yazdığım əsər qədər zövq-səfa verir.
Bu il içində ilin, bəlkə illərin dışına çıxan yeni şeirlər, publisistik yazılar, ədəbi, kulturoloji məqalələr və müsahibələrimiz yayınlandı; aparıcısı olduğum “Türk yurdu” verilişinin Mədəniyyət TV-də 20-ə yaxın buraxılışı efirə getdi, “Qursalı TV”nin “Türk ellərinin izi” proqramının ilk qonağı oldum, verilişin davamlılığı üçün öz töhfələrimi verməyə çalışdım, “Hədəf” milli təhsil brendinin və Qazaxıstandakı Turan Akademiyasının öncüllüyündə yaranan “Balabilgə Akademiyası”nın qurucu-üzvü seçildim və bunların az qala hər biri haqqında sanballı reaksiyalar aldım; belə reaksiyalar ictimai fikrə nə ötürdüyümüz, ictimai fikrin nə götürdüyü və nə tələb etdiyi barədə mənzərəni daha da aydınladır, əlbəttə.
Biz ümumiyyətcə ictimai fikrin düzgün qidalanmasına da, oradan gələn impluslara da diqqətsiz qalmamağa çalışırıq.
Halımız insanlıq halıdır - gah Aşıq Veysəl demiş, “uzun, incə bir yoldayam, yürüyürəm gündüz-gecə”, gah da Nəcib Fazil Qısakürək demiş “su enər yoxuşlardan, hey basamaq-basamaq, mənimsə alın yazım, yoxuşlarda susamaq” olur...
-Qardaş ölkənin başqa bir şairi Can Yücel isə “Mənim halım məmləkətin halı” deyir... Əkbər bəy, növbəti sualımı vermək istərdim. Sizin ən müxtəlif məsələlərə münasibətdə təmkinli, ağayana duruşunuz ədəbi çevrələrdə təqdirlə qarşılanır və bir örnək sayılır; bəs təmkinli davranmaq, məsələn, əslsiz tənqidlərə, qarayaxmalara soyuqqanlı cavablarınız yaxud ümumən cavab verməməyiniz, deyək ki, intriqalardan uzaq durmağınız və s. - bunlar çətin deyilmi?
- Yenə bir türk şairinin - bu dəfə “ayrılıq sevdaya daxil” deyən Atilla İlhanın təbirincə söyləsək, çətinlik həyata daxil. Bilirsiz, mən bayaq ictimai fikrdən gələnlər deyəndə konstruktiv, qərəzsiz geridönüşləri nəzərdə tuturdum; yoxsa, hər ufaq-təfək, dərisigödək, qoltuğunda çörək gəzdirən nəfərlərin nə cızma-qara etməsi bizim mövzumuz deyil, əlbəttə. Özəlliklə də dərisigödək, özü plintusdan aşağı olan nəfərlər qadın heylağısa, qadın deyilsə amma uşaq-muşaqsa və ya “saqqallı uşaq”sa onlarla muhatab olmuram. Yaşı yaşıma, başı başıma uyğun olan amma di gəl qərəzdən, qısqanclıqdan, paxıllıqdan partlayan nəfərlərin topasına isə arada-sırada bir-iki cümlə yazaram, onlar o cümlələrlə bir müddət uğraşar, əgər yenidən baş qaldırarlarsa, yenə yığıb-yığıb topasına bir “mərmi” ataram, vəngiltiləri bayırşəhərdən, şəhərətrafından eşidilər. - Mərmini də sözgəlişi demirəm, mən əlahiddə artilleriya briqadasında zabit olmuşam. Rus demiş “malakalibr”li və ordudan yayınmış, ümumən yaxşı, xeyirxah nə varsa onlardan da yayınmış, qalib Azərbaycanda özlərini sanki çox rahatsız hiss edən, fərari “tənqidçi”lərlə bizim məsələlərə baxışımız eyni ola bilməz, təbii. Paranoidlərlə bizim fərqimiz ölçüyəgəlməzdir. Bu, eqo deyil, özünü dartmaq deyil, özündənrazılıq heç deyil; bu, sizin sualınızda, mənim cavabımda təsvir olunanların haqq-ədalət yoluna gəlişinə belə tezliklə ümid olmamasıyla bağlıdır.
Bəli, biz, ikimizin də bir ortaq baxışla nəzərdə tutduğumuz nəfərlərin ağır bir dönəmdən keçdiklərini görürük, bilirik. Əslində, onlara kömək etmək lazımdı.
Doğrusu, mənim onlarla çənə döyməyə vaxtım, həvəsim yoxdur, tərbiyə əziyyətinə isə kim qatlanmalısa qoy onlar qatlansın, mənim işim deyil, ehtiyacım da yoxdur. Şərti qarşı tərəfin, tərəf də yox, tərəfciyin ehtiyacı nəyədir? - özləri üçün aydınlaşdırsınlar, bacarsalar tədbir töksünlər.
-Deyirsiz, vaxtım, həvəsim yoxdur - olsun; bəs Siz daha öncələr qərəzli və dırnaqiçi tənqidlərlə üzləşəndə adətən necə bir texnologiya və ya metod tətbiq edirsiniz?
-Bir ara mənə qarşı kim nə yazırdısa, isti-isti yazılı da cavab verirdim, uyğun bildiklərimə zəng açırdım, söhbət edirdim və s. - Bu, əsasən 25-35 yaşlarımda olurdu. Sonralar önəmsiməyim xeyli azaldı - yalnız seçdiklərimə cavab verməyə başladım yaxud - bayaq da vurğuladığım kimi - bir neçəsinə bir cavabı özümçün yetərli saydım. Hətta, bir ara əleyhimə kim harda nə yazmışsa toplayır, bir növ arxivləşdirirdim; uçot aparırmış kimi bir intiqam iqlimi içində olduğum dönəmlər vardı. Bir dəfə bir könül süfrəsində Vaqif Bayatlı Odər ona ünvanlanan uyğun suala cavab verərkən təqribən belə bir cümlə qurdu, bəs mənim yaddaşım zibil qutusu deyil, mən orada yalnız yaxşı hadisələri, qızıl adamları, urvatlı adları saxlayıram… Doğrusu, bu söz, bu yanaşma çox xoşuma gəldi və düşünüb-daşındıqdan sonra mən də öz halımda müvafiq olaraq zir-zibildən təmizlənmə aksiyası keçirdim; “arxiv”i əməllicə təmizlədim. Sonra ay-il içində baxdım, yeni və yaxud təkrar hərzə-hədyan edənlərin də bir növ “uçot”u gedir, Odərin önərisini də unutmadan öz-özümə daha yeni bir metodla çıxış etdim - yeri gəlmişkən, Vaqif bəyin Odərdən öncəki təxəllüsü Önər idi - bəli, dedim, ölkəmin, ordumun cəbhədəki hər uğuruna bir uğursuzu bağışlayacam. - O illər öncəbhədə qarışıqlıqlar tez-tez olurdu, düşmənin qudurğanlığı, meydan oxumağı sınır tanımırdı; biz də xidmətdə ya ehtiyatda olmağımızdan asılı olmayaraq, zabit kimliyimizin ruhi gücündən uzaqda deyilik, təbii. Üstəlik, sərhəd kəndində böyümüşəm, hələ Qarabağda aktiv savaş başlamamış, Sovet dönəmində, bizim kənddə sərhəd hadisələri olmuşdu və mən 7-ci sinif şagirdiykən, ermənilərin bizim qəbristanlıqdan bir az yuxarıdan çəkdiyi tikanlı məftilli ayrıcı zolağın dağıdılmasında iştirak etmişəm. - Uzun sözün qısası, dedim, şəxsi olaraq qarşıdurmada olduqlarımı bağışlayacam - bunu özüm biləcəm, bir də Tanrım; yaramazlar da qabiliyyətləri çatıb qanar qanar, qanmaz da, el demiş, Vətən sağ olsun. Çün, biz öz taleyimizi Vətənin taleyindən qıraqda sanmayan insanıq. Biz ölkəmizdən qıraqda bir neçə gündən sonra dözülməz dərəcədə darıxan insanlardanıq; getdiyimiz ölkədə üzümüzə nə qədər xoş baxsalar, necə iltifat göstərsələr də, bizimçün Bakıdan başqa Bakı, Azərbaycandan üstün ölkə yoxdur. İdeya baxımından bizə qarşı olanlarsa, ilk imkanda ölkədışına qaçmağa, hazırda dışarıdan nifrin, söyüş yağdıramaqla boğaz otaranlara qoşulmaqçün amadə deyillərmi? Öz ağıllarınca ya “siyasi sığınacaq” almaq ya da qrant, qonorar almaqçün vurnuxurlar.
Uzun sözün qısası, qayıdaq dediyimiz məqama - beləliklə, ordumuz Lələtəpəni azad etdi, haqqında danışdıqlarımızın bəzilərini öz dünyamızda, necə deyərlər, əfv və amnistiyaya salmış olduq; sonra tam və qəti qələbəmiz üçün alxış, niyyət etdik və 2020-ci ildə yerdə qalanlarını da bağışladıq. - Hardasa qarşılaşanda salam verdik, salamlarını aldıq və sair. Bəlkə onlar da təəccüb etdi ki, bu nə dəyişiklikdir belə? (Gülür)
Bax, ola bilər, bəzi tanışlar, o vaxtlarkı davranış dəyişikliyinin motivini, səbəbini sizin bu müsahibəniz əsasında öyrənmiş olacaq.
-Məncə, öyrənilməli, yayılmalı örnək təcrübədir.
Siz intiriqalarda iştirak etmirsiz, bəli; ancaq biz bilirik, bəzən hətta yaxşılığınız keçmiş, yaxud pislik etmədiyiniz adamlar sizin ideya yolunuza, yaradıcılığlnıza dil uzadır…
-Bax, bayaq vurğuladığımız olaylarda mən xeyli savadsız, bəsirətsiz dəvəquşu ilə rastlaşmışam; başını soxub sosial media kolluğuna, “təyin olunmuş” yeri çöldə apaçıq qalıb - xəbəri yoxdu - hər yazdığı cümlə, yazmadıqlarını ələ verir: açıq görünür ki, bu buraxma niyə belə edir, o ipləmə niyə elə yazır. - Hirs-hikkə savada, məntiqə yer qoymur axı; olan-qalan, ağılabənzər nələri vardısa, əsassız, əslsiz nifrət onları da sıfırlayır; belələri öz-özündən məhv olur.
Bunu ona görə deyirik, şəxsi planda nə vaxt, harda və necə zərər verdiyimizi qətiyyən xatırlamadığımız azsaylı “yazarlar”, “gənclər”, “ədəbi tənqidçilər” pırtdaşıb atılır ortaya və dəridən-qabıqdan çıxırlar ki biz onlara adlı cavab verək. Cavab birdir: harda, necə və nə vaxt zərərdidə olublarsa, bizə bildirsinlər, dəqiqləşdirək, fakt öz təsdiqini tapsa, dəymiş ziyanı ödəyərik.
Elə bilirlər “ədəbiyyatətrafı dolan gəl, ay dolan gəl”nən bizim başımızı qata bilərlər.
Necə ki din tüccarları, məzhəb vəkilləri, nə bilim demokratiya və s. dəllalları, “ana müxalifət”, “əsl müxalifət” “sertifikat”ı verənlər var ha, eləcə də, bir sürü “ədəbiyyat vəkilləri”, “istedad barometrləri” var və öz bədbəxtliklərini, uğursuzluqlarını başqasında görməyi alternativlərin ən yaxşısı sanıb, şiniyib dururlar. Biz “ədəbiyyat vəkilləri”nin, “istedad barometrləri”nin ağabəylərini yaxud bu yolu, daha doğrusu yolsuzluğu daha öncə getmişləri yaxşı tanıyırıq, aqibətlərinə bələdik, etiraflarını, acınacaqlı keçmişlərini, içlərini-çöllərini bilirik. Beş-on manat puldan, hansısa mənfəətdən ötrü ədəbiyyat, mədəniyyət adından sui-istifadə etmək hələ heç kimə başucalığı gətirməyib. Yaşı irəliləsə də, yeniyetmə, daha dəqiqi köhnəyetişməmiş qalanlar və kallar qəti tələsməsinlər, təntiməsinlər, qoltuqlarında çörək dolansınlar, onlara hələ çox “şad xəbərlər”imiz olacaq. Biz onların anatomisinə, TTX-sına, gülünc durumlarına bələdik; bayaq dediyimiz kimi, ağır dönəmdən keçənlərə kömək etməli olanlar öz köməklərini əsirgəməsin.
Açığı, əgər biz təriqət öndəri, partiya başqanı, lap elə ictimai birlik rəhbəri, biznesmen olsaydıq, yaxud yüksək dövlət vəzifəsi daşısaydıq, müxtəlif kateqoriyadan olan və “həftə, səkkiz, mən doqquz” deyib ortalığa düşənləri, əl-ayağa dolaşanları görüşə çağırmağı, onların qarnının ağrısını öyrənməyi özümüzə ar bilməzdik; indi isə buna ehtiyac yoxdur.
-Aydındır.
Bu arada, deyirəm, yaxşı ki, indilər ötən əsrin 37-ci illəri deyil, eləmi?
- 37-ci il olsaydı, indiki “könüllü NKVD-çilər” bizim yaradıcılığımızı hərfbəhərf incələyib “anti-Sovet”, “pantürkçü”, “panturançı” əsasıyla Sibirə sürgünə göndərərdi, troyka məhkəməsiylə güllələdərdi. Müşfiqin, Cavidin başına gələnləri bizim başımıza gətirməyə çalışardılar. İnandırım sizi bir az maraqlansanız görərsiz, Türk dünyası ilə, Azərbaycanımızla, milli ədəbiyyatımız-mədəniyyətimizlə bağlı bizə və ülküdaşlarımıza qarşı olanların böyükləri 30-cu illərdə şərin tərəfində olub, öyyıxan olub, haqsızlıq-ədalətsizlik, ulusa, ölkəyə düşmən kəsilənlər olub, 26-ları atası bilənlər olub; əcdadları şübhəsiz səhli-sumbatların, yezidin zehniyyətindən gəlib.
100 il öncələr “XI Qızıl Ordu”nun yoluna gül-çiçək səpənlərin törəmələri və ya mənəvi övladları əgər “XIl Qızıl Ordu” yolu gözləyirsə, bəri başdan deyək, gözləri yollardan yığılsın: gəlməyəcək!
Bizim nə gözümüzü, nə könlümüzü və nə də beynimizi Qum tutmayıb, Kreml heç tutmayıb, Soros da tutmayıb, ümumən heç bir yabançıya, yadelliyə əl açmırıq, ürək heç açmırıq.
Yəni özünü zorla bizimlə qarşı-qarşıya gətirməyə çalışanlar zatıqırıqlıqdan əziyyət çəkir, türk düşmənçiliyi, ramizmehdiyevçilik onların mandat-missiyasıdır… Və onlar, özəlliklə son illər, təkrar edirəm, çətin dönəmlərdən keçirlər və biz bunu bilirik. Ancaq Türk dünyası güclənəcək, ortaq türk qurumları güclənəcək, artacaq, qalib Azərbaycan Türk dünyasının altun körpünün keçdiyi mərkəzi - ocaqlama ölkə olacaq yenə. Bu işlər belə olacaq, yollu yolunda, yolsuz kolluğunda…
Yadıma düşür, bizim siyasi mövqeyimizə, ideyamıza, ideoloji xəttimizə görə, inanırsız, hətta qalstuk taxmamıza görə orda-burda xısın-xısın danışanlar, sonra o şeyləri ki bizə irad tuturdular, ya beş betərini elədilər, ya da bizim təbliğ-tərənnüm etdiyimiz, xidmət göstərdiyimiz platformların xeyrini indi onlar görür… Bizi müdafiə etdiyimiz liderə görə tənqid edənlər siyasi liderimizin təyin etdiyi nazirlərə, nazirdən də kiçik vəzifəlilərə tapındılar - təsəvvür edirsiz?.. Yaxud Türk dünyası ilə bağlı qurum-quruluşların tədbirlərinə, ölkəmizin humanitar işə məsul bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının ölkəiçi, ölkədışı tədbirlərinə baxın - görün, dövləti, xalqı, mədəni irsimizi öz ağıllarınca kiçik görən, gözdənsalmağa çalışanlar indi necə “ağıllanıblar” və mənəvi, əxlaqi haqları çatmadığı halda necə faydalanırlar. Bax, indi belələrini özünə örnək alanlar da elə sanır, “sərbəst radikal”lıq, “mütəşəkkil dəstə” eyləmləriylə nəyəsə nail ola bilərlər. Yəni mövzu nə ədəbiyyat, nə mədəniyyət deyil, qarınqululuqdur, yıxılmağa yer gəzməkdir, vəssalam.
Biz bacardığımız qədər Türk birliyi yolunda, Turan yolunda xidmətdəyik; hətta lap sıravi olaq, ancaq ideya sıravi, növbətçi deyil və ola da bilməz. Böyük düşünənləri kiçik intriqalara çəkmək mümkünmü?
Özünü ya “sərbəst radikal” kimi ya da “mütəşəkkil dəstə” üzvü kimi aparanlar bizim qabağımıza intellektlə, məntiqlə, ağılla çıxmış olsaydı - əlbəttə, dinlərdik; ağac nazikliyindən sınar, insan yoğunluğundan, təkəbbür təşəkkür pəncərəsi açmaz, iltifat açan qapını iğtişaş aça bilməz - bunları bilirik.
Bax, bəzi TV çıxışlarımızdan, mətbu yazılarımızdan sonra dost-tanışa deyirik, marallarımız hansı daldeydə olsa da, az sonra meydana çıxacaqlar (gülür); bəzən özümüz bilərəkdən bəzi “addamac daşları” düzürük və kimin kim olduğunu da babat bildiyimizə görə, necə deyərlər, duza gələcəklərini hesablamaq çətin olmur.
-Addamac daşları - bunu yazaq qalsın…
Bəs ədəbi mühitin gələcək perspektivlərini necə görürsünüz?
– Ədəbi prosesdə ciddi potensial var, amma bu potensialın gerçəkləşməsi üçün iki şərt vacibdir:
birincisi, oxu mədəniyyətinin güclənməsi;
ikincisi, yazı intizamının formalaşması.
Kimsə bir şeir, bir hekayə yazıb sosial mediada paylaşanda onu “ədəbi hadisə” adlandırmaq ciddi baxış deyil. Ədəbiyyat həm məsuliyyət, həm sənətkarlıq, həm də nəfəs istəyir. Övliyalar demiş, nəfəsi olana buğda vermək, buğda istəyənə nəfəs vermək düzgün deyil…
- Gənc yazarlara tövsiyyəniz?
-Gənc yazarlara sözüm nə ol bilər? - Gəncliklərini yaşasınlar, yazsınlar, yaratsınlar.
Gənclik bir dəfə gəlir, “ikinci bahar” yalandı…
Gənclərdə dinamizim var, istək var – bax, bu, əsas ümiddir.
-Bəs Türk dünyasının gələcəyi haqqında nə düşünürsünüz?
-Türk dünyasının gələcəyi mənim üçün yalnız siyasi və iqtisadi proseslər toplusu deyil, əlbəttə; bu, böyük bir mənəvi coğrafiyanın yenidən öz nəfəsini bərpa etməsi, ruhi gücünü toparlaması deməkdir. Biz ortaq dilin, ortaq tarixin varisləriyik; biz həm də eyni yığvalın, eyni düşüncə kodlarının daşıyıcılarıyıq. Ona görə də Türk dünyasının gələcəyini ümidli yox, əmin görürəm.
Birincisi, artıq bu coğrafiyada birləşmiş türk iradəsinin konturları görünür. Türk Dövlətləri Təşkilatı sırf diplomatik platformdan çıxıb mədəniyyət, elm, təhsil, təhlükəsizlik və informasiya sahələrində gerçək işbirliyi modelinə çevrilir. Bu, gələcəyin həm geosiyasi, həm də geomədəni xəritəsini formalaşdırır. Belə bir formalaşma içində Türk Dövlətləri Birliyinin qurulacağına inanıram.
İkincisi, türk xalqlarının gəncliyi arasında gedən yaxınlaşma bizi özəlliklə sevindirir. Bu gənclər bir-birinin ədəbiyyatını oxuyur, musiqisini dinləyir, elm mühitinə qoşulur, ortaq layihələr qurur. Bizim üçün Türk dünyasının gələcəyi məhz bu yeni nəsildə yaşayır. Onların düşüncəsi sərhəd tanımır; onların dünyagörüşü milli olandan qlobal olana doğru açılır, bununla belə, kökünü də itirmir.
Baxın, az öncə məlumat aldım, Ankarada Dünya Gənc Türk Yazarlar Birliyi ilə Türkiyə Yazarlar Birliyi Anlaşma Bəlgəsi imzalayıb; Dünya Gənc Türk Yazarlar Birliyi bundan öncə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Qırğız Respublikası Milli Yazıçılar Birliyi, Özbəkistan Respublikası Gənc İcadkarlar Birliyi, Başqurdistan Yazıçılar Birliyi ilə də Anlaşma Bəlgələri imzalayıb, eləcə də Tatarıstan Yazıçılar Birliyi ilə də nəzərdə tutulub. - Bunlar, Türk dünyası ədəbi gəncliyi adına önəmli gəlişmələrdir.
Üçüncüsü isə, Türk dünyasının gələcəyi mədəniyyətə söykənəcək. Dünyanın ən böyük gücü yumşaq gücdür — sözün gücü, sənətin gücü, yaddaşın gücü və əlbəttə, ruhi güc. Biz bu sahədə dünyaya model təqdim edə biləcək bir ailəyik. Türk mədəniyyətinin qüdrəti həm qədimdir, həm də çağdaş insanın ehtiyaclarına cavab verə biləcək qədər çevikdir.
Ona görə, hesab edirik, Türk dünyasının gələcəyi artıq uzaq perspektivdən çox daha yaxındır — biz o gələcəyin içində yaşayırıq. Sadəcə bizdən tələb olunan budur: bu sürəci dərinləşdirmək, dəyərlərimizi qorumaq və gənclərə daha böyük meydan açmaq. Çünki sabahın Türk dünyasını məhz onlar quracaqlar.
– Özünüzün toxunmaq istədiyiniz başqa bir mövzu varmı yaxud özünüzə sualınız?
– Bəlkə də belə bir sual çoxumuzda var, onu illərdir özümüzə veririk və hələ də cavabını tam bitmiş saymırıq: biz qazandıqlarımızı qorumağı bacaracağıqmı?
Torpaq azad olunur, şəhərlər bərpa edilir, dövlət möhkəmlənir – bunlar çox ciddi tarixi uğurlardır; bununla belə, söz də, yaddaş da, mədəniyyət də qorunmasa, zamanla səssizcə aşına bilər. Biz istərdik, toplumumuz qələbəni bayram etməklə birgə onu məsuliyyətə çevirən bir toplum olsun. Bayaq dediyimiz, o, “Böyük Qayıdış” bir də ədəbi-mədəni planda öz yüksək ifadəsini tapmalıdır.
Ədəbiyyat adamlarını bu sual da düşündürməlidir: biz sözə layiq yaşayırıqmı? Yazdığımızın arxasında dururuqmu, dediyimizi yaşaya bilirikmi? Çünki söz yazı ilə yanaşı, davranışda da öz təsdiqini tapmalıdır.
Əgər bu və bənzəri suallara vicdanla cavab verə bilsək, məncə, həm ədəbiyyatımızın, həm də bütövlükdə milli düşüncəmizin gələcəyindən nigaran qalmarıq.
-Müsahibə üçün çox sağ olun!
-Ömrün uzun, bayrağın uca olsun!
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)


