Kəlbəcər gününə doğru Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

 

KƏLBƏCƏRLİ DOSTLARA

 

Bir el var, dağına dəli deyirlər,

Coşğun çayları var – ondan irəli.

Nə varsa – “göylərdən gəlib” – deyirlər,

Gəl, bir ayna tutaq – sondan irəli…

 

Altı qızıl-qızıl, üst ağac-ağac,

Torpağı xas, yurdu nizamlı gördüm;

Yola baxan üzü həsrətdən qaxac,

Gözlərinin dibi saralmış – gördüm…

 

Baxışlar – 30 il o yanda qalıb,

Hər ağac – bir qələm, hər düzən – varaq…

Çiçəyi, meyvəsi canında qalıb –

Gör necə sıxıbmış dişini torpaq…

 

Qışın oğlan çağı İstidir suyu,

Yayına Buz bulaq sərinlik qatar…

Çəməndə bal küpü, dərədə Turşsu

Təbiət bu yerdə tarazlıq tapar...

 

Heç vaxt soyumadı isti umudu,

Umuddan göyərən qürur – Kəlbəcər!

Bir qara saz dinir ağ günlər üçün:

-Toxum ək, dən tulla, bərəkət becər…

 

O elin dağına dəli deyirlər,

Coşğun çayına bax – ondan irəli.

Nə olsa – “göylərdən gəldi” – deyirlər,

İrəlidən sona, sondan irəli…

                                    (2025)

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.