İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Görkəmli ədib, pedaqoq, tərcüməçi, ictimai xadim...
Onu necə təqdim edim, bilmirəm. Amma bir onu bilirəm ki, o, həqiqətən də böyük ziyalı olub, ömrü boyu xalqına xidmət edib.
Mikayıl Rzaquluzadə 1905-ci il martın 17-də Bakı şəhərində doğulub. İbtidai təhsilini yeni üsullu "Mədrəsəyi-nur" məktəbində və mollaxanada alıb. Yeni üsullu 5 saylı "Rus-müsəlman" məktəbində, həm də xüsusi müəllim yanında hazırlaşıb Bakı ticarət məktəbinə daxil olub. 1917-1918-ci ildə Bakı birinci realni məktəbi milliləşib "Edadi" adını alıb.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqda həmin məktəb II dərəcəli Şura zəhmət məktəbinə, daha sonra Birinci Azərbaycan Ali Pedaqoji İnstitutu nəzdində "A.Şaiq adına nümunə məktəbi"nə çevrilib. O, həmin məktəbin son sinfində ikən ekstern imtahan verib Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olub.
Bütün təhsil müddətində müvazi olaraq: Azərbaycan hərbiyyə-bəhriyyə komissarlığında rabitəçi, Bakı vilayət hərbi komissarlığında jurnalist, Bakıda Sabir adına kitabxanada və fəhlə rayonlarının kitabxanalarında kitabxanaçı, Bakı mərkəzi kitabxanasında kollektor müdiri, pedaqoji institut kitabxanasının müdir müavini, müdiri vəzifələrində işləyib.
İnstitutu bitirdikdən sonra Gəncə pedaqoji texnikumunda, həm də fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi işləyib. Bu dövrdə Gəncə müəllimlər evində ədəbiyyat dərnəyinin rəhbəri, "Qızıl Gəncə" jurnalı redaksiya heyətinin və Azərbaycan Proletar Yazıçıları İttifaqı Gəncə şöbəsinin büro üzvü və s. ictimai işlərdə çalışıb
Moskvada İkinci Dövlət Universiteti yanında olan Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb. Eyni zamanda SSRİ Xalq Komissarları Şurası yanında qanun və qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və stenoqrafiya kurslarında ədəbiyyat müəllimi işləyib.
Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərnəşrdə tərcüməçi və redaktor olub, qısa fasilələrlə "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında məsul katib, "Azərbaycanfilm" kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışıb.
Əsərləri
1. Qaranquş yuvası
2. Xanım Züleyxa
3. El gücü
4. İstək
5. Özbək qızı Tara
6. Sirli saz
7. Qu gölü
8. Ovçu Elişlə qoçaq Aytəkinin nağılları
9. Ölkənin çiçəkləri
Farscadan və ruscadan tərcümələri
1. Nizami Gəncəvi. İsgəndərnamə (iqbalnamə)
2. Y.Lebedinski. Həftə
3. F.Panfyorov Brusski (II kitab)
4. T.Oldriç. Amerika məktəblisinin xatirələri
Mikayıl Rzaquluzadə 1984-cü il noyabrın 10-da Bakıda vəfat edib. Bakı küçələrindən birinə onun adı verilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.11.2025)


