Fətəli xan Xoyski - İstiqlalımızı dünyaya, təsdiqini Məclisi-Məbusana bəyan edən dövlət xadimi Featured

 

Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var

 

 

Şərəf Cəlilli, 

filologiya üzrə fəlaəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

“İstiqlal” abidəsinin ucaldılması, Bayraq Meydanının yaradılması, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının işğaldan azad olunmasının 100, Fətəli xan Xoyskinin 150 illik yubileylərinin keçirilməsi ilə bağlı imzalanan sərəncamlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən tarixi qarşısında ali xidmətlərinin göstəricisi, “Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə yoxdan bir Bayraq yapıb, dövlət quran Cümhuriyyət qurucularının ruhuna ehtiramının əlamətidir. 

 

Soyu, soy-kökü, şəcərə dəftəri ilə Dümbili xanlarına, Güney Azərbaycana, Ərk qalasına, Savalan müqəddəsliyinə, Şəki xanı Cəfərqulu xana bağlı olan, Çar Rusiyası Ordusunda xüsusi nüfuza və imtiyaza malik general-leytenant İsgəndər xan Xoyskinin üç dövlət xadimi oğlundan biri Fətəli xan İsgəndər xan oğlu Xoyski 1875-ci il noyabrın 25-də Şəkidə anadan olmuşdu. Öncə Yelizavetpol-Gəncə klassik gimnaziyasında təhsil alan Fətəli xan Xoyski 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdi. Həmin ildən Gəncə dairə məhkəməsində işə başlayan Xoyski sonradan Kutaisi dairə və qəza məhkəmələrində, Zuqdidi barışıq məhkəməsində çalışmış, titulyar müşavir rütbəsinə layiq görülmüşdü. 1904-cü ildə kollej asessoru rütbəsi alan Xoyski Yekaterinodar Krasnodar-dairə məhkəməsi prokurorunun müavini təyin edilmiş, 1907-ci ilədək həmin vəzifədə çalışmışdı. 1907-ci ildə Gəncə quberniyasından II Dövlət dumasına deputat seçilən, Dumanın iclaslarında müsəlman deputatları fraksiyası adından çar hökumətinin ucqarlardakı ayrı-seçkilik və köçürmə siyasətinə qarşı kəskin çıxışlar edən, Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət dumasına təqdim edilən qanun layihəsini imzalayan 173 deputatdan biri kimi söz sahibi olan Fətəli xan Xoyski II Dövlət duması buraxıldıqdan sonra Gəncəyə qayıtmış, əvvəlcə dairə məhkəməsinin, sonra isə Tiflis məhkəmə palatasının andlı iclasçısı seçilmişdi.

 

Müsəlman blokunun deputatı, Dumanın sədri 

 

Milli mənlik və milli kimlik uğrunda mücadilənin ruhlara hakim kəsildiyi, Çar Rusiyasının qüdrətini itirdiyi bir ərəfədə, 1913-cü ildə Bakıya köçən Fətəli xan Xoyski öncə şəhər dairə məhkəməsində andlı iclasçı olmuş, Bakının ictimai-siyasi, mədəni həyatında, xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak etmişdi. 1917-ci ildən, Rusiyada Fevral inqilabından sonra Bakıda yaradılan Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilən Fətəli xan Xoyski həmin ilin aprelində Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayının təşkilatçılarından və fəal iştirakçılarından olmaqla yanaşı, Bakının məşhur əsilzadələri, mesenatları, din xadimləri - Hacı Zeynalabdin Tağıyev,  Murtuza Muxtarov, Şəmsi Əsədullayev, İsa bəy Hacınski, Aşurbəyov qardaşları, Ağa Əlizadə, Hacı Əbu-Turab kimi tarixi şəxsiyyətlərlə birlikdə ölkənin inkişafi, tərəqqisi, istiqlaliyyəti yolunda qərarlar alan qurumların, cəmiyyətlərin, icmaların işinin təşkilinə töhfələr vermiş, idarə heyyətlərində təmsil olunmuşdu.

1917- ci ilin oktyabrında Bakı Şəhər Dumasına keçirilən seçkilər zamanı Müsəlman Blokunda təmsil olunan Fətəli xan Xoyski 10 mindən çox səs alan, Blokun deputatı kimi Dumanın sədri seçilmişdi. Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, onun rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Şəhər Dumasının yeganə rəqibi bolşevik Bakı Soveti olsa da o, dirəniş göstərir, yeni qanunlar toplusunun yaranamasına nail olur, şəhər əhalisinin hüquqlarının müdafiəçisinə çevrilir.

 

Çar Rusiyasının iflası Qafqazda siyasi mənzərəni dəyişir

 

I Pyotrdan üzü bu yana “Qafqazı parçala, hökm sür, İstanbul fəth et! nidası ilə sərt, sıldırım qayaların, qalaların üzərində, Xəzər hövzəsində hakimi-mütləqə çevrilsə də, 1918-ci ildə Qafqazda dünyanın mizanını,düzənini dəyişir. Brest-Litovskdəki Rusiya-Almaniya danışıqları Rusiyanın iflası ilə nəticələndi. Bu tarixi uğursuzluqdan sonra, 1917-ci ildə dekabrın 6-da alman-türk qoşunları Qağqaza hücum etdilər. 1918-ci ilin yanvarında Osmanlı hərbi birləşmələri Qars və Batum vilayətlərini – Osmanlı sultanlarına aid tarixi torpaqları tutdular, daha doğrusu, Çar Rusiyasındanaldılar. Əldə olunan qələbənin təsdiqi üçün Zaqafqaziya Komissarlığı Qafqaz Cəbhəsinin komandanı Mehmet Vəhib Paşanın iradəsi ilə Osmanlı İmperiyası ilə sülh müqaviləsi imzalamaq üçün Çar Rusiyasına müraciət etdi. 1918-ci il fevralın 6-da təsadüf edən bu hadisə sözün həqiqi və məcazi mənasında Çar Rusiyasının iflası, Qafqazda siyasi mənzərənin dəyişməsi deməkdi. Zaqafqaziya Komissarlığının aldığı tarixi qərar bununla bitmirdi. Komissarlıq həmin tarixdə özünü buraxması haqqında qərarı da elan etmişdi. 1918-ci il yanvarın 5-də daha bir tarixi hadisə də baş vermişdi. “Yanvarın 5-də açılan, elə həmin gün də Bolşevik hökuməti tərəfindən qovulan Müəssislər Məclisinə Zaqafqaziyadan seçilən deputatlar yol bağlı olduğu üçün Rusiyaya gedə bilməmişdilər. Bu səbəbdən də 1918-ci il fevralın 14-də Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Zaqafqaziya Seymini yaratmağı qərara aldılar. Seymdə Rusiyanın Müəssislər Məclisinə seçkilər zamanı partiyanın aldığı səsin sayına müvafiq olaraq Zaqafqaziya Seymindəki nümayəndələrin sayı artırılır. Musavat Partiyası və demokratik bitərəflər qrupundan 30, Müsəlman Sosialist Blokundan 7,İttihad Partiyasından 3, Müsəlman Sosialist-demokrat Partiyası Hümmətdən isə 4 nəfər Zaqafqaziya Seyminə daxil edilir. Seymin üzvü olan 44 azərbaycanlı nümayəndənin iştirakı ilə Odlar Yurdu Azərbaycanın siyasi taleyini həll edən, milli dövlətçilik tariximizdə yeni  səhifə açan, “İstiqlal Bəyannaməsi”nə imza atmaqla, yoxdan bir Bayraq yapıb, dövlət quran, onu vüqarla, qürurla Azərbaycan gəncliyinə əmanət edən, mənsub olduğu millətə, məmləkətə Əbədi İstiqlalın şərbətini içirən Müsəlman fraksiyası yaranır. Zülmətdə nura, əbədiyyət üfüqlərində doğan Günəşə çevrilən, o, tarixi şəxsiyyətlər millətin birlik, bütövlük rəmzinə dönüb “Millət dışında səadətin, İstiqlal dışında hüriyyətin” olmadığını dünyaya sübut edirlər.

 

Zaqafqaziya Federasiyasından çıxıb istiqlaliyyətlərini elan edirlər

 

Beləliklə, 1918-ci il fevralın 23-də Tiflisdə Cənubi Qafqazın qanunvericilik orqanı olan Zaqafqaziya Seymi işə başlayır. Seymin Müsəlman fraksiyasına mənsub 44 deputatın sırasında Fətəli xan Xoyski də vardı. 1918-ci ilin aprelində elan olunan müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətində Xoyski xalq maarifi naziri vəzifəsini tuturdu. Məhz bu vəzifədə olarkən Fətəli xan Xoyski Tiflisdə yaradılması qərarlaşdırılan Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürmüş və sonralar bu işin həyata keçirilməsində mühüm rol oynamış, Milli Hökumətin sədri kimi Şərqin  ilk Avropa tipli elm-təhsil mərkəzinin-Bakı Universitetinin qurulmasına nail olmuşdu.

Cənubi Qafqazın müstəqilliyinin elanı və yeni hökumətin yaradılması Çar Rusiyasının inzibati, mədəni və siyasi mərkəzinə heç nə gətirmir.Zaqafqaziya komissarlığında, sonra isə nazirliklərində fəaliyyət göstərən hər üç Cənubi Qafqaz millətinin nümayəndələri mövqe, mənafe müxtəlifliyi səbəbindən birləşə bilmirlər. Belə bir vəziyyətdə gürcü nümayəndələri 1918-ci il mayın 26-da Zaqafqaziya Federasiyasından çıxıb öz istiqlaliyyətlərini elan edirlər.

Mayın 27-də isə Seymin azərbaycanlı deputatları fövqəladə iclas keçirərək, Azərbaycan Milli Şurasının təməlini qoyurlar. Məhəmməd Əmin Rəsulzadənin iradəsi ilə Azərbaycanın istiqlaliyyətini öz üzərinə alanMilli Şura mayın 28-də keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən birinci iclasında xüsusi müzakirələrdən sonra, Cənubi Qafqazın cənub-şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və “İstiqlal Bəyannamə”sinin qəbul olunması haqqında qərar qəbul edir. Azərbaycan Milli Şurasının üzvü Fətəli xan Xoyski Azərbaycan Hökumətinin sədri seçilir və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hökumətini təşkil etmək onahəvalə olunur. Xoyski elə həmin anda öz hökumətinin tərkibini elan edir. Xosrov bəy Sultanovun Hərbi nazir, Məmmədhəsən Hacınskinin Xarici işlər naziri, Nəsib bəy Usubbəylinin Maliyyə və xalq maarifi naziri, Xəlil bəy Xasməmmədovun Ədliyyə naziri, Məmməd Yusif Cəfərovun Ticarət və sənaye naziri, Əkbər ağa Şeyxülislamovun Əkinçilik və əmək naziri, Xudadat bəy Məlik-Aslanovun Yollar, poçt və teleqraf naziri, Camo bəy Hacınskinin Dövlət müfəttişi kimi təmsil olunduğu hökumətdə Fətəli xan Xoyski baş nazir-Rəisi-vüzəra vəzifəsi ilə yanaşı, Daxili işlər naziri vəzifəsini də tutur. 

 

Xoyskinin imzaladığı telefonoqramla Azərbaycanın istiqlaliyyəti dünyaya   

bəyan edilir

 

Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə bağlı təşkilati məsələlər başa çatdıqdan, Xoyskinin imzaladığı telefonoqramla Azərbaycanın istiqlaliyyəti 1918-ci il mayın 30-da dünyaya bəyan edildikdən sonra Azərbaycan Milli Şurası və Azərbaycan Hökuməti fəaliyyətini bilavasitə öz ölkəsində davam etdirmək üçün 1918-ci iliyunun 16-da Gəncəyə - ilk paytaxtına köçür. Milli Şura və Azərbaycan Hökuməti burada daxili və xarici qüvvələrin təhdid və təzyiqləri ilə üzləşsə də, fəaliyyətini davam etdirməkdən çəkinmir. Belə bir çətin şəraitdə vəziyyəti nəzərə alanMilli Şura tərkibindəki qüvvələrin bir-birinə qeyri-tolerant münasibətlərindən yorulan, Cümhuriyyət naminə hər bir haqsızlığa tablayan Xoyski istefa vermək məcburiyyətində qalsa da, Milli Şura siyasi durumu nəzərə alaraq Hökumətin təşkilini yenidən ona tapşırır.

 

Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə Hökumətin 

başlıca vəzifəsi olur

 

Məmmədhəsən Hacınskinin Xarici işlər naziri, eyni zamanda, müvəqqəti olaraq Dövlət nəzarəti naziri, Nəsib bəy Usubbəylinin Xalq maarifi və dini etiqad naziri, Behbud xan Cavanşirin Daxili işlər naziri, Xudadat bəy Rəfibəylinin Səhiyyə və sosial təminat naziri, Xudadat bəy Məlik-Aslanovun Yollar naziri, eyni zamanda, poçt və teleqraf naziri, Ağa Aşurovun Ticarət və sənaye naziri, Əbdüləli bəy Əmircanovun Maliyyə naziri, Əlimərdan bəy Topçubaşovun, Musa bəy Rəfiyevin və Xəlil bəy Xasməmmədovun Portfelsiz nazirlər kimi təmsil olunduğu müxtəlif partiyaların nümayəndələrindən təşkil olunan yenihökumətdə Xoyski Baş nazir vəzifəsi ilə yanaşı, Ədliyyə naziri vəzifəsini də tutur. Fətəli xan Xoyski yeni Hökumətin rəsmi proqramı ilə çıxış edərək bildirir ki, Birinci Hökumətdə olduğu kimi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə onun Hökumətinin başlıca vəzifəsi olacaqdır.

 

Yaranmış siyasi durumu nəzərə alan Milli Şura hakimiyyəti Xoyskiyə həvalə edir

 

Cümhuriyyətin ən ağır dönəmində, taleyinin həll olunduğu ərəfədə Azərbaycan Milli Şurası 1918-ci il17 iyun tarixli iclasında özünün buraxılması, bütün qanunvericilik və icra hakimiyyətinin Azərbaycan müvəqqəti hökumətinin əlində cəmləşdirilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq,Milli Şura bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.

Fətəli xan Xoyskinin başçılıq etdiyi Hökumətin hüquq və vəzifələrindən bəhs edən ikinci sənəddə isə qeyd olunurdu ki, Azərbaycan Hökuməti Azərbaycanın istiqlaliyyətini və siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişməyə Hökumətə səlahiyyət verilmir; qalan məsələlərdə Hökumətə bütün hüquqlardan istifadə etmək səlahiyyəti verilirdi. Fətəli xan Xoyski Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalı idi. Beləliklə, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atmağa başladığı son dərəcə ağır daxili və beynəlxalq şəraitdə qanunverici və icra hakimiyyətinin əsas ağırlığı Xoyskinin üzərinə düşdü.

 

Nə zirehli maşın, nə texniki qurğular, nə də hər hansı bir qüvvə təbii gedişini dayandıra bilməz

 

Fətəli xan Xoyskinin ikinci Hökuməti Gəncədə çox çətin və mürəkkəb bir dövrdə fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə Hökumət, ilk növbədə, dövlət aparatının təşkili işini davam etdirdi, əsas diqqəti Nazirlər Şurasının və ayrı-ayrı nazirliklərin idarə aparatlarının yaradılmasına yönəltdi.

Hökumətin Gəncədə ilk rəsmi tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi oldu. Azərbaycanın dövlət müstəqilliyini müdafiə edəcək ordunun yaradılması işinə başlandı. Əliağa Şıxlınskinin Cümhuriyyət qurulmamışdan öncə Çar Rusiyasında xidmət etmiş nüfuzlu hərbçilərdən, generallardan ibarət təməlini qoyduğu Azərbaycan Əlahiddə Korpusunun əsasında ilk Müdafiə Nazirliyi sisteminin konturları müəyyənləşdirildi. Xosrov bəy Sultanov ilk Hərbi nazir kimi fəaliyyətə başladı. Tam Artileriyya generalları Əliağa Şıxlınskinin və Səməd bəy Mehmandarovun diqtəsi, iradəsi ilə avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Qanuna uyğun olaraq, 19 yaşına çatmış vətəndaşlar ordu sıralarına çağırıldı. Hökumət iyunun 27-də, Milli Dövlətçilik tariximizdə Səfəvilərdən 500 il sonra ilk dəfə Ana dilini - Azərbaycan türkcəsini dövlət dili elan etdi. İyulun 15-də daşnakların Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı vəhşiliklərini aşkara çıxarmaq məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Avqustun 30-da Gəncənin və Cəbrayıl qəzasının tarixi adlarının özünə qaytarılması üçün əmr imzaladı. Fətəli xan Xoyskinin imzaladığı sənədlə Yelizavetpol-Gəncə, Qaryagin-Cəbrayıl adlandırıldı. Paytaxt Bakıya köçürülənədək Xoyski Hökuməti üzərinə düşən bütün vəzifələri yerinə yetirməklə yanaşı, rəsmi dövlət qurumlarını-nazirlikləri qurub onların bazasını formalaşdırdı.

 

Mülkümü, malikanəmi ərmağan edirəm…

 

1918- ci il sentyabrın 15-də Bakı türk və Azərbaycan hərbi qüvvələrindən ibarət XI Qafqaz İslam Ordusu tərəfındən azad olundu. Bu münasibətlə sentyabrın 15-də Təzəpir məscidindən Bakı əhlinə gözaydınlığı verildi. İsmailiyyə binasının önündə Zəfər paradı, Hacı Zeynalabdin Tağıyevin malikanəsində Bayram ziyafəti təşkil edildi. Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdü. Bakının daşnaklardan, eser-menşevik qüvvələrindən ibarət olan və ingilislərə arxalanan Sentrokaspi Diktarurasından xilas olunması ilə Cümhuriyyətin, Milli Hökumətin Bakı mərhələsi başladı. 

Bakı əsilzadələrinin, xüsusən də Hacı Zeynalabdin Tağıyevin və Seyid Mirbabayevin iradəsi ilə maddi və mənəvi qayğılarının çoxu azaldılan Azərbaycan Hökuməti Seyid Mirbabayevin, indi SOCAR-ın binası kimi tanınan malikanəsində fəaliyyətə başladı. Onun da qəribə, qürurverici bir tarixçəsi var. Deyirlər, XI Qafqaz İslam Ordusunun və onun qüdrətli paşalarının, eyni zamanda Cümhuriyyət qurucularının şərəfinə Tağıyevin malikanəsində açılan ziyafətdə malikanəsinin açarını və tapusunu Hökümətin başçısı Fətəli xan Xoyskiyə təqdim edən Seyid Mirbabayev tarixi bir cümlə işlədib: “Mən mülkümü, malikanəmi Azərbaycanın mülkünə-Xalq Cümhuriyyətinə ərmağan edirəm. Bundan sonra ölsəm də, dərdim yoxdur!”

 

Millətin hüququ, istiqlalı, hürriyyəti üzərində qurulan Hökumət

 

Bakıya köçdükdən sonra Daxili işlər naziri Xəlil bəy Xasməmmədovdan, Maliyyə naziri İvan Protasovdan, Yollar naziri Xudadat bəy Məlik-Aslanovdan, Ədliyyə naziri Teymur bəy Makinskidən, Maarif və dini etiqat naziri Nəsib bəy Usubbəylidən, Poçt-teleqraf və əmək naziri Aslan bəy Səfikürdskidən, Hərbi nazir Səməd bəy Mehmandarovdan, Sosial təminat naziri Rüstəm xan Xoyskidən, Xalq səhiyyəsi naziri Yevsey Gindesdən, Ticarət və sənaye naziri Mirzə Əsədullayevdən, Dövlət nəzarəti naziri Məmmədhəsən Hacınskidən, Ərzaq naziri Konstantin Lizqardan, Əkinçilik və dövlət əmlakı naziri Xosrov bəy Sultanovdan ibarət  III Hökuməti quran Fətəli xan Xoyski Baş nazir və Xarici işlər naziri kimi Məclisi-Məbusanın - Parlamanın çağırılması işinin təşkili üçün komissiya yaratdıqdan sonra ölkədə nəzarəti fəaliyyətini yenidən bərpa edən Azərbaycan Milli Şurasına həvalə edən Hökumət 1919-cu il noyabrın 9-da Xoyskinin məruzəsi əsasında Azərbaycanın Əli bəy Hüseynzadənin üç düsturuna - türkləşmək, islamlaşmaq, müasirləşmək nidasına söykənən, hilallı, ulduzlu üçrəngli bayrağını təsdiq edir. Noyabrın 19-da isə Milli Şura Məclisi-Məbusanın yaradılması haqqında Hökumətin qanun layihəsini qəbul edir. Məclisi-Məbusanın ilk iclası 1918-ci il dekabrın 7-də açılır. Xoyski çox mürəkkəb tarixi şəraitdə Hökumətin fəaliyyəti barədə Məclisi-Məbusana hesabat verir. “Millətin Hüququ, İstiqlalı, Hürriyəti!” üzərində qurulan Hökumətin Başçısı altı ayda görülən işlər, alınan taleyüklü qərarlar barədə hesabat verir.  Çıxışının sonunda Xoyski istefasının qəbul edilməsini Məclisi-Məbusandan xahiş edir. Parlaman Hökumətin istefasını qəbul etsə də, onun təşkilini yenidən Fətəli xan Xoyskiyə tapşırır. Xoyski dekabrın 26-da Hökumətin proqramı və tərkibi barədə Parlamanda yenidən çıxış edir. 

 

Hökumət bu az müddətdə, nə mümkündürsə, etmişdir!

 

Geniş müzakirələrdən sonra Parlaman Hökumətin proqramını qəbul etdiyini bildirir və onun yeni üzvlərinə etimad göstərir. Bu Hökumətdə Fətəli xan Xoyski yenə də Baş nazir və Xarici işlər naziri vəzifəsini də tutur. Məclisi – Məbusandakı bir sıra partiya fraksiyaları, xüsusilə Azərbaycanın istiqlalına qarşı çıxan qüvvələr, elə ilk aylardan Xoyski Hökumətinə qarşı kəskin müxalif mövqe tuturlar. “İttihad”, “Əhrar” və sosialistlər Hökuməti fəaliyyətsizlikdə günahlandırırlar. Tiflisdə qurulan, Gəncə dövründəki fəaliyyəti zamanı bütün çətinliklərə sinə gərən Xoyski Hökumətini müdafiə edən Milli Şuranın sədri, Cümhuriyyətin Memarı Məhəmməd Əmin Rəsulzadə “Hökumət bu az müddətdə, nə mümkündürsə, etmişdir!” nidası ilə tarixi ədaləti yerinə qoyur.  

Müxalif partiya və fraksiyaların Hökumətə qarşı yaratdığı dözülməz vəziyyətlə bağlı 1919 il fevralın 25-də Xoyski Hökuməti yenidən istefa verir. “Parlaman istefasını qəbul edərək, yeni Hökumətin təşkilinə qədər Xoyski Hökumətindən fəaliyyətini davam etdirməsini xahiş edir. Hökumət fəaliyyətini martın 14-ə Nəsib bəy Usubbəylinin təşkil etdiyi V Hökumətə qədər davam etdirir. Təcrübəli və səriştəli dövlət xadimi Fətəli xan Xoyskinin mürəkkəb və ağır şəraitdə istefa verməyə məcbur edilməsi Cümhuriyyətin müqəddəratını həll edir. İstefa etdikdən sonra Xoyski Məclisi-Məbusanın üzvü kimi bir sıra siyasi, iqtisadi və maliyyə məsələlərinin həllində yenə də fəal iştirak edir, Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi məsələlərinin araşdırılması üçün yaradılan Azərbaycan nümayəndə heyətinin sədri kimi üzərinə düşən vəzifəni yerinə yetirir. 1919-cu ilin dekabrında Nəsib bəy Usubbəylinin təşkil etdiyi Hökumətin tərkibində Xarici işlər naziri vəzifəsini tutan Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən tanınması üçün Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq Xarici işlər komissarı Georgi Çiçerinə dəfələrlə notalar göndərir”. Xoyskinin heç bir notasına cavab, daha doğrusu əhəmiyyət verməyən Çiçerin ölkəsi adından Azərbaycan Xalq Cümhuriyyətini Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb etmək istəsə də, Çiçerinə cavabında Xoyski bu məsələnin Sovet Rusiyasının daxili işi olduğunu və bunun heç bir beynəlxalq hüquq norması ilə üst-üstə düşmədiyini bildirir.

 

İstiqlaliyyətimizi elan edən zaman da Hökumətin başında mən idim

 

Bütün həyatını mənsub olduğu millətin cəhalətdən qurtuluşuna, milli mənlik və milli kimlik uğrunda mücadiləsinə həsr edən Fətəli xan Xoyski Xalq Cümhuriyyətinin ilk Hökumət başçısı kimi Azərbaycanın istiqlalının elanı barədə dünya dövlətlərinə ünvanlanan telefonoqramı imzaladı. V Hökumətin Xarici işlər naziri kimi isə həm də İstiqlalın Paris Sülh Konfransı tərəfındən tanınması haqqında Parlamana məlumat verdi. Məclisi – Məbusanın bu məsələyə həsr olunan 14 yanvar 1920-ci il tarixli təntənəli iclasında çıxış edərkən: “...Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bugünki bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zamanda hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm.” nidası ilə  səadət dolu anları yaşayan Fətəli xan Xoyskinin sevinci uzun sürmədi. “1920-ci il aprelin ortalarında XI Qızıl ordu Şimali Qafqazda Denikin qüvvələrini məğlub edərək  Cümhuriyyətin şimal sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də Xoyski Hökumət adından Sovet Rusiyası hökumətinə nota göndərsə də, nota cavabsız qaldı və aprelin 27-də XI Qızıl ordu beynəlxalq hüquq normalarını pozaraq, ölkənin sərhədlərini aşaraq Bakıya doğru hücum əməliyyatına başladı. Dərbənd və Tiflis istiqamətindən gələn bolşevik cəlladlarının iradəsi ilə milli müqavimətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyuldu.”

Cəmi 23 ay fəaliyyət göstərən, milli dövlətçilik tariximizdə yeni səhifə açan Cümhuriyyət qurucularının bir çoxu  - Firudin bəy Köçərli, Xudadat bəy Rəfibəyli kimi yerində güllələndi. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Əlimərdan bəy Topçubaşovun, Şeyxzamanovların, Ceyhun bəy Hacıbəylinin, Məhəmməd Əmin Rəsulzadənin taleyinə mühacirət yazıldı. “Yaşa, yaşa, çox yaşa, Azərbaycan!” nidası ilə mühacirətdə, Vətəndən qıraqda Vətən olan bu mücahidlərdən fərqli olaraq, Həsən bəy Ağayevə, Nəsib bəy Usubbəyliyə, Fətəli xan Xoyskiyə dünyanın o başına gedib çıxmaq, Azərbaycan həqiqətlərini dünyaya yaymaq nəsib olmadı. Tiflisə mühacirət etməkməcburiyyətində qalan Fətəli xan Xoyski iyunun 19-da Həsən bəy Ağayev kimi Daşnaksutyun Partiyasının üzvləri, “Nemezis” təşkilatının qatilləri-Aram Erkanyan və Misak Torlekyan tərəfındən qətlə yetirildi.

 

Tiflisdə bir bağ var - Nəbatat bağı

 

Tiflisdə bir bağ var - Nəbatat bağı. Orda gül gülü, bülbül bülbülü çağırır. Süsən sümbülə, gül bülbüləqarışıb. Burada dünyanın ən nadir bitkiləri, çiçəkləri, ağacları əkilib. Tiflisin bütün millətlərdən olan sakinləri də, qonaqları - turistlər də ora gəzməyə gəlir. Hun, Səlcuq, Qəznəli, Qaraqoyunlu, Ağqoyunlu, Qarapapaq, Səfəvi, Əfşar, Qacar türklərinə bağlı Borçalılardan, Qaraçöplülərdən savayı hamı ora Ruhların nəğməsini dinləməyə gəlir. 

Qolunun davamını Qılıncda, Ruhunun davamını Sazda görən Sərkərdə-xaqanlarımızın tarixi torpaqlarında Sarayda Sultan olduqları vaxtlarda bura yaddaş yeri olub. Qoç heykəlləri, qəbirüstü abidələri, çopur, iri, imiri sənduqələri, əski çağ mədəniyyətinə,kosmoqonik görüşlərinə, mifoloi dünyagörüşünə bağlı başdaşıları ilə. Sonra Şura hökuməti gəlib. Tiflisin ürəyinin başından bu torpaqların tarixi sahiblərinin daş yaddaşını silmək üçün İosif Stalindən, Lavrenti Beriyadan, Anastas Mikoyandan göstəriş alıb.

“Füzulini dərd əlindən dağa, yaylağa çıxaran” Şura hökuməti Qarapapaqların yaddaş yerində Bağ salıb -Nəbatat bağı! Cümhuriyyəti yarı yolda qoyan, 32 min düşünən beyinimizi Azərbaycanda 2143 ziyalını, din xadimini Borçalıda, 9300 türkü Dəmirqapı Dərbənddə, 16800 türk-müsəlmanı İrəvanda, Zəngəzurda 37-ci ilin dəhşətli repressiyaları zamanı ölümün ağuşuna atanŞura hökuməti indi həm də, Görkəmli Azərbaycanlılar Panteonu adlanan Nəbatat bağını salmaq üçün Hunların, Moğolların, Qəznəlilərin, Əfşarların, Qacarların, bu torpaqların tarixi sahiblərinin,sakinlərinin ruhunu incitsə də, “Fətəli, elmləri öyrənməkdə məqsədin nədir?” sualına “Ruhani olmaq istəyirəm” cavabını eşidəndə “Səndəmi, şarlatan olmaq istəyirsən!? Həyatını onların sırasında zay etmə!” heyrəti, nidası ilə Mirzə Fətəli Axundzadənin gözlərini açan, ona düz, doğru yolu göstərən Mirzə Şəfi Vazehin, “Əfsus, min əfsus ki, nə İran, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xətrinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə iləAvropanın hazırkı bütün elmləri bir neçə ilin ərzindəislam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar!” nidası ilə ilk yeni tipli əlifbanı tərtib edən, dram əsərləri ilə Şərqin gözündəki qara pərdəni qaldıranların, “Vəkili milləti-naməlum” imzası ilə milli mətbuatı milli məfkurənin təməldaşına çevirən Həsən bəy Zərdabini, çiynini Çar çinləri, sinəsini Çar ulduzları bəzəsə də, Azərbaycançılıq ideologiyasının konturlarını müəyyənləşdirən Mirzə Kazım bəy, Abbasqulu Ağa Bakıxanov kimi tarixi şəxsiyyətlərin sırasında yer alan Mirzə Fətəli Axundzadənin, Difai Partiyasının üzvlərindən, Türk Ədəmi - Mərkəziyyət Partiyasının qurucularından biri, parkinson xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, “İstiqlal Bəyannaməsi”nin müəllifi, ona ilk imzanı atan qüdrətli şəxsiyyət kimi titrək əlləri ilə tarix yaradan Həsən bəy Ağayevin, Milli Hökumətin qurucusu kimi “Bizimdəyaşamaq, azad yaşamaq hüququmuz var!” nidası iləana dilini Səfəvilər imperiyasından 500 il sonra dövlət dili elan edən, Milli Ordunun yaradılması, Hərbi Nazirliyin, Məclisi-Məbusanın qurulması, Azərbaycanın üçrəngli, hilallı, ulduzlu Bayrağının Şərqin ilk Avropa tipli təhsil məbədini - Bakı Universitetinin təsis edilməsi, Gəncənin və Cəbrayılın tarixi adlarının bərpa edilməsi, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı vəhşiliklərinin araşdırılması məqsədilə FövqalədəKomissiyanın yaradılması haqqında qərarlar alan, ən əsası Azərbaycanın istiqlaliyyətini dünyayatanınmasını Məclisi-Məbusana bəyan edən Fətəli xan İsgəndər xan oğlu Xoyskinin özü boyda Vətən olan məzarlarının üstünə gələ bilməzdi.

 

Yaddaşımızın üç müqəddəs ünvanı - “İstiqlal” abidəsi, Bayraq Meydanı, 

Görkəmli Azərbaycanlılar Panteonu!

 

Bakıda, Azərbaycanda Mirzə Şəfi Vazehin də, MirzəFətəli Axundzadənin də, Həsən bəy Ağayevin də, Fətəli xan Xoyskinin də abidələri, büstləri, barelyefləri – xatirə lövhələri var. Adlarına bağlar, küçələr, meydanlar da var. Üç müqəddəs ünvan var ki, onlarbilavasitə milli-mənəvi dəyərlər, milli dövlətçilik tarimizlə bağlı müqəddəsliklərdir. “İstiqlal” abidəsi, Bayraq Meydanı, Tiflisdə - Nəbatat bağında mövcud olan Görkəmli Azərbaycanlılar Panteonu!

Ulu Öndər Heydər Əliyevin də, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəCümhuriyyətə, Cümhuriyyət qurucularına özəl münasibəti, sevgisi olub. “İstiqlal” abidəsinin ucaldılması, Bayraq Meydanının yaradılması, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının işğaldan azad olunmasının 100, Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə imzalanan sərəncamlardediklərimizə əyani sübutdur.

Azərbaycan Xalq Cümhuriyyətinin Əli Mərdan bəy Topçubaşovun iradəsi ilə Versal Sülh Konfransında tanındıqdan sonra Fətəli xan Xoyski onu Məclisi-Məbusana elan edərkən deyirdi: “Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün də bayramdır. Böylə bir günü əldə etmək üçün qeyri millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm!”

 

“İstiqlal Bəyannaməsi”ndən “Konstitusiya və Suverenlik ili”nə

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı imzaladığı sərəncam 44 günlük Vətən müharibəsindəerməni faşizmi üzərində tarixi qələbənin 5-ci ildönümünə, üstəlik ölkəmizdə “Konstitusiya vəSuverenlik ili”nin qeyd olunduğu müqəddəs məqama təsadüf edir. Bu sıradan bir təsadüf deyil, ümumiyyətlədünyada təsadüf adında heç nə yoxdur. Hər şey İlahi düzənə, nizama, mizana bağlıdır. Biz bir millət, məmləkət olaraq “İstiqlal Bəyannaməsi”ndən “Konsitutusiya və Suverenlik ili”nə qədər tarixi bir yol keçib, uzun məsafə qət etmişik. Dəyişən quruluşa, zamana baxmayaraq Milli kimliyimizi, İstiqlaliyyətimizi, Özgürlüyümüzü qorumuş, Suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etmişik.

Fətəli xan Xoyski “İstiqlal Bəyannaməsi”nə imza atan qüdrətli şəxsiyyət, siyasi xadim, Azərbaycanınistiqlaliyyətini dünyaya, təsdiqini Məclisi-Məbusana bəyan edən,  təzyiq və təhdidlərə baxmayaraq Hökumətin Memarı kimi cəmi 23 ayda əsrə, epoxaya bərabər layihələri gerçəkləşdirən, rəsmi dövlət sənədlərinə imza atan, daxili və xarici düşmənlərə qarşı mücadilədə dik, dimdik duruşu ilə sərkərdə-xaqan əzəməti sərgiləyən, 45 yaşında dünyaya vida nəğməsi oxumasına, müdhiş ölümünə, ailə faciəsinə, nakam taleyinə baxmayaraq, əyilməz iradəsi, dönməz xarakteri, həm də Vətənin qıraqda qalan yeri, Tiflisdəki Görkəmli Azərbaycanlılar Panteonundakı əzəmətli abidəsi ilə tarixlə müasirlik arasında körpüyə çevrilənAzərbaycan Respublikasının sütunlarından biridir!

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.