Gülxarə Əhmədova,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. “Ədəbiyyat və incəsənət” üçün
Prezident cənab İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfər etdi. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərinə, eləcə də MDB ölkələri arasında əlaqələrin inkişafına işıq saldı.
Qardaş Tacikistan xalqını Prezident Rəhmonun rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə səmimi şəkildə təbrik edən Azərbaycan lideri, həmçinin ölkələr arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair fikirlərini səsləndirdi.
Oktyabrın 10-da keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan lideri regionda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm mesajlar verdi. Çıxış zamanı Azərbaycanın MDB məkanında aparıcı rolunu və regional tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfəni xüsusi vurğuladı. Lider ölkələr arasında iqtisadi, humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliyin vacibliyini diqqətə çatdırdı. Azərbaycanın strategiyası sülhə və tərəfdaşlığa yönəlmiş siyasətin davamlılığını təmin edir və bu yanaşma regionda uzunmüddətli sabitlik və rifah üçün möhkəm zəmin yaradır.
Çıxışının əvvəlində Azərbaycanın dövlət rəhbəri Tacikistan xalqına səmimi təbriklərini çatdıraraq, Prezident Emoməli Rəhmonun rəhbərliyi ilə ölkənin son illərdə əldə etdiyi mühüm uğurları yüksək qiymətləndirdi. Lider qeyd etdi ki, Düşənbəyə hər səfəri zamanı paytaxtın simasının dəyişdiyini, yeni infrastruktur layihələrinin, müasir binaların və abadlıq işlərinin sürətlə həyata keçirildiyini müşahidə edir. O, Tacikistanın şəhərsalma sahəsində qazandığı nailiyyətlərin dost və qardaş Azərbaycan üçün də böyük sevinc mənbəyi olduğunu vurğuladı: “Düşənbənin ildən-ilə gözəlləşməsi və inkişaf etməsi bizi, dost ölkə kimi, səmimi şəkildə məmnun edir.”
Azərbaycanın ali rəhbəri həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişaf etdiyini qeyd etdi. Vurğulandı ki, bu münasibətlərin əsasında sarsılmaz qardaşlıq, səmimi dostluq və qarşılıqlı dəstək dayanır. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq daha da genişlənmiş, qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf etmişdir. Bu dostluq münasibətləri gələcəkdə də əməkdaşlığın bütün istiqamətlərdə dərinləşdirilməsi üçün geniş imkanlar yaradır.
Çıxışında lider humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətinə toxunaraq, MDB dövlət başçılarına Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il “MDB-nin mədəniyyət paytaxtı” kimi namizədliyini dəstəklədiklərinə görə minnətdarlığını bildirdi. Qeyd olundu ki, bu qərar yalnız Azərbaycan üçün deyil, bütövlükdə MDB məkanında mədəniyyətlərarası əlaqələrin inkişafı baxımından da önəmlidir.
Əlavə olaraq vurğulandı ki, cari ilin iyun ayında Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin təntənəli açılış mərasimi keçirilib və tədbirdə Azərbaycanın qədim və zəngin mədəni irsi barədə geniş məlumat təqdim olunub. İştirakçılar Laçının 30 illik erməni işğalından azad edilməsindən sonra sürətli dirçəlişinə, şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə əyani şahid olmuşlar. Laçın bu gün müasir infrastruktura, gözəlliyi və rahat yaşayış şəraiti ilə seçilən şəhərlərdən birinə çevrilmişdir ki, bu da Azərbaycanın yenidənqurma siyasətinin parlaq nümunəsidir.
MDB məkanında keçirilən mühüm idman tədbirlərinə də diqqət çəkildi. III MDB Oyunlarının əhəmiyyəti xüsusi vurğulandı. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində təşkil olunan bu mötəbər yarış Birliyin həyatında mühüm hadisə kimi tarixə düşüb. Oyunların yalnız Gəncədə deyil, Azərbaycanın digər şəhərlərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Şəki və Xankəndidə də keçirildiyi bildirildi. 13 ölkədən, o cümlədən MDB-yə üzv və qonaq dövlətlərdən 1600-dən artıq idmançı bu beynəlxalq yarışlarda iştirak edib. Qeyd edildi ki, bu cür tədbirlər ölkələr arasında dostluğun, qarşılıqlı hörmətin və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Onlar MDB məkanında bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafına, xalqlar arasında humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm töhfə verir.
“Ədəbiyyat və incəsənət”
(16.10.2025)