Ona xalq sevgisi 44 günlük müharibədə oyandı – Hikmət Hacıyevin doğum günüdür Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yəqin ki hamının yadındadır, 44 günlük müharibə vaxtı Azərbaycan Prezidenti yorulmadan xarici müxbirlərə müsahibələr verir, alınan ərazilər barədə əhalini məlumatlandırırdı, o günlərdə hamı Prezidenti izləməkdəydi. Eləcə də Müdafiə Nazirliyinin, digər dövlət rəsmilərinin xəbərləri diqqətlə izlənilirdi. Onlar içində ən çox seçilən xarici diplomatlar üçün mətbuat konfransları düzənləyən, müxtəlif səpkili bəyanatlar verən, yorğunluğu və yuxusuzluğu üzündə əks olunmasına rəğmən, bir an da dayanmaq bilməyən, geri çəkilməyən Hikmət Hacıyev idi. Həqiqətən də həmin günlərdə ona əsl xalq sevgisi oyandı. Hər məmura bu qədər sevgi qazanmaq əlbət ki, müəssər olan şey deyil.

 

Hikmət  Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıdıb. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləyib.

Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, 26 noyabr 2018-ci ildə isə bu şöbənin müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin olunub.

 

Təltifləri

1. "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı

2. 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.

 

Əlbəttə ki, belə bir gündə Hikmət Hacıyevə səmimi təbriklər çatdırmaq hər bir kəsin arzusudur, biz oxucularımız və öz adımızdan bu təbriki Hikmət müəllimə çatdırırıq. Doğum gününüz mübarək, Hikmət Hacıyev!

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.