Gülxarə Əhmədova,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. “Ədəbiyyat və incəsənət” üçün
Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçirildi. Atrıq Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi bir ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüş mühüm qərarlarla yadda qalıb. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
Qəbələdəki Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürünü bildirib, təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu bildirib.Ortaq tarixi və etnik köklərimizin, müştərək milli-mənəvi dəyərlərimizin bizi bir ailə kimi birləşdirdiyindən danışıb.
Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir -deyən ölkə başçısı Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizliyin əsas məqsəd və vəzifələr sırasında yer aldığını nəzərə çatdırıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin olduqca vacibliyinə diqqət çəkən Prezident İlham Əliyev ”Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir”.
Gorüşdə 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklif olunub və dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amil olduğu bildirilib.
Görüşdə 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğu bildirilib. İlham Əliyev “Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq”-fikirlərini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir;
Görüş zamanı 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizinin bərpaolunan mənbələr hesabına təmin ediləcəyi, Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləməsi də vurğulanıb. Atılan addımlarsa Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.
Prezident İlham Əliyev 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinə də diqqət çəkib: “Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm.Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir. Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.”
Bəli, atılan hər bir addım Azərbaycanın beynəlxalq səviyyədə imicini daha da formalaşdırır, ölkəmizin uğurlu inkişafına böyük zəmin yaradır.
“Ədəbiyyat və incəsənət”
(09.10.2025)