Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib Featured

7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Regional Sülh və Təhlükəsizlik” mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin sədrliyi ilə baş tutan Şurada Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğan,  Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri cənab Viktor Orban  iştirak ediblər.

Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri: Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova, Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Kubanıçbek Ömüralıyev, TÜRKSOY-un baş katibi cənab Sultan Rayev, TÜRKPA-nın baş katibi cənab Mehmet Süreyya Er, TDT Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırım, Türk Akademiyasının prezidenti cənab Şahin Mustafayev, Türk İnvestisiya Fondunun prezidenti cənab Bağdad Amreyev, eləcə də Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti cənab Məmməd Musayev və hökumət nümayəndələri toplantıda iştirak ediblər.

Sonda Türk Dövlət Başçıları tərəfindən 12-ci Zirvə Görüşünün Bəyannaməsi imzalanıb. Sənəd Türk dünyasının birliyinin möhkəmləndirilməsinə, mədəni əməkdaşlığın təşviqinə və ortaq gələcək üçün strateji baxışın formalaşdırılmasına yönəlib.

TDT-nin 12-ci Zirvə Görüşünün nəticəsi olaraq tarixi qərar qəbul edilib – Türkmənistan Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi ölkə kimi qəbul olunub.

Zirvə Türk dünyası ölkələri arasında qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılması və tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayıb.

(Material Türk Mədəniyyəti və İrsi Fondunun təqdim etdiyi press-reliz əsasında  hazırlanıbdır).

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.