Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Professor Mübariz Əliyev alayı adamdır, heç kimə bənzəmir. Onu tanıyanadək, zəruriyyət yaranarkən hansı cərraha müraciət etməkdə həmişə tərəddüt hissi keçirirdim. Qorxurdum ki, təsadüfi, naşı cərrahın əlinə düşüb ömürlük zəlil qalaram. Axı, cərrahiyyə elə bir peşədir ki, adətən cərrahlar xəstələri öldürə-öldürə bu sənəti dərindən öyrənirlər. Arada qanın da batır. Necə deyərlər, sən o dünyalıq olursan, əvəzində yeni cərrah yetişir...
Bəzən mənə elə gəlir ki, professor Mübariz Əliyev məhz cərrah olmaq üçün doğulub. Uğurlu cərrahdır, necə deyərlər, əlləri şəfalıdır, elə bil, Allah onu yer üzünə olümü yubatmaq, ömrü uzatmaq üçün göndərib. Necə deyərlər, o harada göründüsə, ölüm ünvanı dəyişməyə məcbur olur...
Kübardır, əslzadəlik ona qandan gəlir...
Mehribandır- haradan gəlib, harada olduğunu və sonda haraya gedəcəyini bilənlərin adətidir…
Təvazökardır- insanı sevdirən bu ali xüsusiyyətdən onda da var…
Baməzə adamdır, incə zarafatları ilə dodaq qaçırır...
Gözütox həkimdir- əməliyyatları az qala təmənnasız edir. Ödəniş məsələsində xəstəyə yardım etməkdən zövq alır. Necə deyərlər, çalışır ki, peşəsinin zəkatını ödəsin. Bəli, məzəli söhbətləri ilə ürəkləri fəth edən tibb elmləri doktoru, professor Mübariz Əliyev Azərbaycan səhiyyəsində qənimət cərrahlardandır. Elə bil həzrət İsanın keçmişdən bu günə çatan nümunəsidir. Lap elə nağıllardakı kimi. Onun cazibəsinə düşdünsə, sehirlənəcəksən. Onun əlinin şəfasından çox insana pay düşüb. Müxtəlif xəstəliklərdən əziyyət çəkən yüzlərlə soydaşımız məhz onun apardığı cərrahi əməliyyatlar nəticəsində şəfa tapıb, rahat həyata qayıdıb. Ölkəmizdə bir sıra unikal əməliyyatların ilkini o, başlayıb və ənənəyə çevirib…
...Mübariz Əliyev 16 aprel 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində Yaqub kişinin ailəsində dünyaya gəlib. 1976-cı ildə Sumqayıt şəhəri 16 nömrəli orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsinə qəbul olunub. Tibb universitetində cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə təhsilini tamamlayan Mübariz Əliyev, 1986-cı ilə qədər Sumqayıt şəhərində Təcili Tibbi Yardım Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib. 1986-1989-cu illərdə I Moskva Tibb Universitetində məqsədli aspiranturada təhsil alaraq həmin dövrdə Moskva şəhərinin 52 nömrəli xəstəxanasının məsul cərrahı olub. 1989-cu ilin iyun ayında namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi adı alıb. Elmi təhsilini bitirdikdən sonra SSRİ-i Səhiyyə Naziri Y.İ.Çazovun əmri ilə Azərbaycan Dövlət Tibb İnstitutuna göndərilib. 1989-cu ildən etibarən Azərbaycan Tibb Universitetində assistent, dosent və Musa Nağıyev adına xəstəxanada məsul cərrah vəzifələrində çalışıb, eləcə də bir sıra özəl klinikalarda cərrahlıq edib. 2005-ci ildə "Kəskin bağırsaq keçməzliyinin kompleks müalicəsində cərrahi detoksikasiya probleminin həlli yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. O, Azərbaycandan əlavə Amerika Birləşmiş Ştatları, Sinqapur, Almaniya, Rusiya və Belarusiyada da sənəti üzrə təhsil alıb. Hal-hazırda həm Tibb universitetin professoru və həm də Dövlət Sərhəd Xidməti Hospitalında cərrahlıq xidməti rəisidir...
Cərrah səliqəsi deyilən bir anlam var. Bu səliqə əməliyyatdan sonrakı dövürdə daha çox nəzərə çarpır. İnsan əməliyyat olunduğu nahiyəyə baxarkən bu səliqəni tikişdən də görür. Bu kimi xüsusiyyətləri sayəsində professor, cərrah Mübariz Əliyev ölkəmizdə kifayət qədər tanınır, ictimai çəkisi olan həkimlərdəndir…
...Bildiyiniz kimi Beynəlxalq Həkimlər Günü hər il oktyabrın ilk bazar ertəsi qeyd olunur. Bu dəfə bu bayram oktyabrın 6-na düşür. Professor Mübariz Əliyevi və o cümlədən bütün həkimləri bu bayram münasibətilə təbrik edirəm!..
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)