Arzu Əyyarqızı,
"Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, AYB-nin üzvü, şair-yazıçı. "Ədəbiyyat və incəsənət" üçün
Müəllim - adını fəxrlə dedik,
Qalstuk taxana,pulu olana.
"Müəllim, keç otur " stulda verdik,
Vəzifə adının qulu olana.
Müəllim haqqını necə unutduq,
Hər kostyum geyinən müəllim oldu.
Artıqca hörmətə " məllim" olanlar,
Ziyalı məclisi cahillə doldu.
Bu aydan o aya maaş gözləyən,
Şagirdlə fəxr edən candır müəllim.
Solmuş pencəyini əzmlə geyən,
Beyinlər qidası qandır müəllim.
***
Mən bu gün günün müəllimindən deyil, müəllimlər günündən, bu günü dəyərli edən ziyalılardan söz açacağam.
Bu gün müəllimlər günüdür.
Amma bayram səsi siniflərdən gəlmir. O səs indi daha çox reklamdan, sosial şəbəkələrdən, süni təbriklərdən, qalstuklu, kostyumlu "müəllim" obrazlarından gəlir.
Halbuki müəllim - qalstukla, bahalı maşınla, vəzifə ilə ölçülməz. Müəllim -ayaqqabısı tozlu, pencəyi solğun, amma baxışı işıqlı insandır.
O, sinifə girəndə hava dəyişir. O, bir cümlə deyəndə, şagirdin içində bir fikir doğulur.
Son illər hər kəsə "müəllim" deyilir. Pul verənə, kurs açana, bir video çəkənə, bir status yazana. Amma hər kəsdən müəllim olmur. Müəllim olmaq üçün söz öyrətmək yetmir. Sükutun da mənasını vermək lazımdır. Əsl müəllim - özünü öyməz, tərifləməz. Sadəliyi amma ciddiliyi ilə səni özünə qaytarar.
Sənə "düşün" deməz, sadəcə elə baxar ki, sən düşünmək məcburiyyətində qalarsan.
O, sinifdə dərs deyir, amma evdə dərd daşıyır. O, şagirdin səhvini düzəldir, amma öz dərdini , problemini heç kim bilmir.
O, hər gün bir az daha susur, çünki bu cəmiyyət onun səsini eşitmək istəmir.
Müəllim - tənəffüsə çıxmayan fikirdir. O, dərs bitəndə yox olmur. Şagirdin içində qalır.
İllər keçir, adlar unudulur, amma bir cümlə qalır:
"Bu fikri mənə bir müəllim demişdi…"
Bəli, bu gün həmin o cümlənin qəhramanının günüdür.
Bayram deyil, xatırlatma günüdür. Unudulanları xatırlamaq, susdurulanları dinləmək və əsl müəllimlərə "səni görürəm" demək günüdür.
Pencəyi solğun, ayaqqabısı nimdaş, amma ziyası zəngin olanlara - səssiz qəhrəmanlara, lövhəyə yox, ürəyə yazanlara…
Gününüz, adınız mübarək olsun, deyirəm!
Sizi görənlər az olsa da, sizin işığınız çoxlarının yolunu aydınladır. Bunu hər kəs bilsin və dərk etsin ki, bütün peşələr, vəzifələr müəllim süzgəcindəndən süzülür.
Əziz və dəyəri əvəzsiz olan ziyalılarımız, müəllimlərimiz, sizsiz bir günümüz olmasın!
Şəkildə: Azərbaycanın qabaqcıl qadın müəllimləri. Bakı, 1907-ci il. Mənbə: edu.az
“Ədəbiyyat və incəsənət”
(04.10.2025)