İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İranı vaxtı ilə imperiya səviyyəsində gücləndirən azərbaycanlılar olmayıbmı? Əfşarlar, Qacarlar gəlib-gediblər, 3-cü minillikdə isə növbəti azərbaycanlı taxt başına gəlib. Məsud Pezeşkian! Bu gün onun doğum günüdür.
Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Mahabad şəhərində azərbaycanlı ailəsində anadan olub. O, hər fürsətdə türk olması ilə qürur duyduğunu dilə gətirib. Müdhiş ailə faciəsi yaşayan Pezeşkian mərhəmətli və dözümlü şəxsiyyət kimi ölkədə rəğbət qazanıb. Soyadı farscadan tərcümədə "həkimlər" mənasını verən Pezeşkian Təbriz Universitetinin tibb fakültəsini bitirib. O, 1980-1988-ci illər arasında İran-İraq müharibəsi zamanı həm döyüşçü, həm də həkim kimi xidmət edib.
1985-ci ildə ümumi praktika həkimliyi kursunu bitirən Pezeşkian müharibədən sonra Təbriz Səhiyyə Elmləri Universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə Təbriz Səhiyyə Elmləri Universitetində ürək cərrahiyyəsi ixtisasına yiyələnən Pezeşkian 1994-1999-cu illərdə Təbriz Səhiyyə Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.
Pezeşkiyan 1994-cü ildə həyat yoldaşı Fatma Məcidi və bir oğlunu yol qəzasında itirib, qalan iki oğlu və bir qızını tək böyüdüb. O, bu faciədən sonra bir daha ailə qurmayıb. Pezeşkianın itkisi və fədakarlığı ilə bağlı bu hekayə İran cəmiyyətində onu mərhəmətli və möhkəm şəxsiyyət kimi tanıdıb. Bu cəhətləri bir çox insanlar tərəfindən ona rəğbət və hörmət qazandırıb.
Pezeşkianın siyasi həyatı onun 1997-ci ildə, keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə nazirinin müavini təyin edilməsi ilə başlayıb. Daha sonra 2001-ci ildə Hatəmi dövründə səhiyyə naziri təyin edilib və 2005-ci ilə qədər bu vəzifədə qalıb. 2008-ci ildə ölkədə keçirilən seçkilərdə Təbrizdən millət vəkili kimi parlamentə daxil olub. Pezeşkian o vaxtdan bəri deputat kimi beş dəfə Təbrizi təmsil edib.
2013-cü ildə İranda keçiriləcən prezident seçkilərində iştirak üçün namizəd kimi müraciət edən, lakin sonradan namizədliyini geri götürən Pezeşkian 2016-cı ildə 4 il İran parlamentinin sədr müavini vəzifəsində çalışıb. Pezeşkiyanın 2021-ci il seçkiləri üçün namizədlik ərizəsi Konstitusiyanın Mühafizəçilər Şurası tərəfindən rədd edilib. O, martın 1-də keçirilən parlament seçkilərində Təbrizin deputatı kimi yenidən parlamentə daxil olub.
2022-ci ilin sentyabrında İranda Məhsə Əmini adlı gənc qadının polis zorakılığı nəticəsində ölməsindən sonra dövlət televiziyasında iştirak etdiyi proqramda Pezeşkian qadınlar üçün məcburi hicab qanunu ilə bağlı müdaxilələrin vəziyyəti daha da pisləşdirdiyini və buna son qoyulmalı olduğunu bildirib. O, "Uşaqlarımızın iffətli olmasını istəyirik, lakin bu davranışlar onları dindən uzaqlaşdırırsa, bu üsulu davam etdirməməliyik" deyib.
Pezeşkian 2005-ci ildən sonra İranda prezident seçilən ilk islahatçı şəxsdir.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)