Bir daha Gəzən "Şəhid"in əbədiyyətə qovuşması barədə Featured

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Gəzən "Şəhid" əbədiyən torpağa qovuşdu. Ağdam camaatının əfsanələşdirdiyi “Xanı” – Səyyaf Əhmədov elə Ağdamda, minaya düşərək şəhidlik zirvəsinə ucaldı.

 

Ağdamı görməyənlər, onun taleyini anlamaq istəyənlər “ruhlar şəhəri” haqqında ilk növbədə məhz Səyyafdan soruşardı. O, Ağdamı nə internet məlumatlarının, nə də çəkilmiş videoların öyrətdiyi kimi təqdim etməzdi – onun izahında şəhər tam başqa, daha canlı və daha dərindən duyulurdu. Elə bil bir ensiklopediya idi Səyyaf Əhmədov.

Birinci Qarabağ müharibəsində vuruşmuş, Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılmış bu kəşfiyyatçı həmişə vətən qarşısındakı borcunu mərdliklə yerinə yetirmişdi. O, tez-tez deyirdi: “Mənim yaşımda olanların övladı şəhid olub. Mənim danışmağım, sinəmə döyməyim yersizdir”. Bəlkə də müsahibə istəklərinə “sonra” cavabı verməsi də elə bu təvazökarlığından doğurdu.

Keçmiş neytral zonada minaya düşən “Xanı” ömrü boyu Ağdama və Qarabağa heç vaxt neytral olmamışdı. Onun ürəyinin mərkəzi doğma torpaqlarda döyünürdü. İşğal illərində də tez-tez ərazilərimizi gəzər, sanki sahibləri kimi o yerlərin havasını udardı.

“Xanı” ləqəbinin yaranma hekayəsini isə özü belə xatırlayırdı: “Mənim azca səsim var. Tədbirlərdə Raquf Orucov tez-tez deyirdi: ‘Xanı, bir ‘Ana’ segahı oxu’. Mən sonradan öyrəndim ki, Raqufun anası şəhid olubmuş”.

Elə dostlarının dediyi kimi, onu heç kim Səyyaf adı ilə çağırmırdı – qazandığı ləqəbi bütün varlığı ilə yaşadırdı.

5 aprel 1971-ci ildə Ağdamda dünyaya gəlmişdi. Şəhidlərin xatirəsinə ehtiramından heç vaxt doğum günü keçirməzdi. Əksinə, hər yerdə bir cümləni təkrar edərdi: “Döyüşdə gördüyünüz qəhrəmanlar qardaşdan əziz olur. Onları unutmaq olmaz. Mənim üçün həyatda ən vacibi vətəndir. Vətəni sevin!”

 

Onun ölümü ilə bağlı söhbətləşdiyim Vətən müharibəsi iştirakçısı, veteran futbolçu Asif Məmmədov isə böyük bir itkinin acısını belə ifadə etdi: “Elə bil müdafiə nazirimi itirmişəm”.

Səyyaf Əhmədov yalnız igidliyi ilə yox, həm də səsi ilə tanınırdı. Azadlıqdan sonra Ağdama daxil olunan ilk gecə Cümə məscidinin minarəsinə qalxaraq azan yerinə Qarabağ şikəstəsi oxumuşdu. Bu, onun illərlə ürəyində gəzdirdiyi arzu idi. Və həmin gecə o arzu reallaşdı: şikəstənin misralarında deyilən kimi, “Havalansın Xanı(n) səsi”.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.