Mövlan Məmmədov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Ədəbiyyat və incəsənət” üçün
Dövlət suverenliyi anlayışı dövlətin həm daxili idarəçilikdə, həm də beynəlxalq münasibətlərdə heç bir xarici təsir və müdaxilə olmadan, tam müstəqil qərarvermə imkanına malik olması deməkdir. Azərbaycanın suverenliyinin bütün ərazisində təmin olunması yalnız siyasi və hüquqi baxımdan deyil, həm də geosiyasi və ictimai cəhətdən olduqca mühüm nəticələr doğurmuşdur. Bu nailiyyət Azərbaycan Respublikasının beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin, güclü dövlət idarəetmə modelinin və milli birliyin bariz təzahürüdür.
Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən separatçı qüvvələr 30 ilə yaxın müddətdə Azərbaycanın dövlət suverenliyini pozaraq regionda qeyri-sabitlik, gərginlik və qanunsuzluq mühiti yaratmışdı. 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi bu qeyri-qanuni rejimə sarsıdıcı zərbə vursa da, bölgədə hələ də erməni silahlı dəstələrinin qalması və separatçı ideologiyanın yaşadılması münaqişənin tam həllinə imkan vermirdi. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələri tərəfindənAzərbaycanın Qarabağ iqtisadi rayonunda törədilmiş terror aktı əslində, uzun müddətdir Azərbaycana qarşı aparılan məqsədyönlü və sistemli terror siyasətinin növbəti mərhələsi idi. Həmin gün qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərini möhkəmləndirməsi, hərbi texnikanı cəbhə xəttinə yaxın ərazilərə cəmləşdirməsi və bölmələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən operativ şəkildə müşahidə və təsbit edildi. Mövcud təhlükənin qarşısını almaq və bölgədə yaranmış təhdidlərin qarşısını dərhal və effektiv şəkildə almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Əsas məqsəd Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qanunsuz erməni silahlı dəstələrinin tam tərksilah olunması, onların ərazidən çıxarılması və ölkəmizdə Konstitusiya quruluşunun bərpa edilməsindən ibarət idi. Bu əməliyyat həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm də Azərbaycanın suveren hüquqlarına əsaslanaraq, yüksək peşəkarlıqla və dəqiqliklə planlaşdırılıb qısa müddət ərzində icra olundu. Əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyi əsas prioritetlərdən biri kimi diqqət mərkəzində saxlanıldı. Azərbaycan Ordusunun çevik və dəqiq fəaliyyəti nəticəsində strateji mövqelər nəzarətə götürüldü, qanunsuz silahlı dəstələr döyüş mövqelərindən geri çəkildi və silahlarını yerə qoyaraq təslim oldular. 20 sentyabr 2023-cü il tarixində separatçı silahlı birləşmələr rəsmi şəkildə tərksilah olduqlarını və silahlı müqavimətə son verdiklərini bəyan etdilər.
Ərazinin mürəkkəb və ağır relyef şəraitində, düşmənin uzun illər ərzində həyata keçirdiyi genişmiqyaslı mühəndis-istehkam işləri nəticəsində möhkəmləndirilmiş müdafiə xəttinə, eyni zamanda, onların əlverişli coğrafi mövqelərdə, əsasən də yüksəkliklərdə yerləşdirilmiş döyüş mövqelərinə baxmayaraq Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş ruhu, misilsiz qəhrəmanlıq, peşəkarlıq və dəqiq planlaşdırılmış əməliyyat-taktiki fəaliyyət nəticəsində qısa zaman ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli hərbi üstünlük əldə etmişdir. Göstərilən uğurlu əməliyyatlar nəticəsində ümumilikdə 406 kvadratkilometr ərazi düşmən təxribatlarından və qanunsuz silahlı birləşmələrdən tam təmizlənmiş, həmin ərazilər üzərində tam nəzarət əldə edilmişdir.Bu əməliyyatla Azərbaycanın Qarabağ iqtisadi rayonunda dövlət suverenliyi tam bərpa olundu. Qeyri-qanuni separatçı rejimin fəaliyyətinə son qoyuldu. Həmçinin, ərazidə qanunsuz yerləşdirilmiş Ermənistan Silahlı Qüvvələrinin qalıqları tam şəkildə tərksilah edilərək Azərbaycan ərazisini tərk etdilər. 24 saatdan az müddətdə aparılan bu əməliyyat təkcə hərbi uğur deyil, eyni zamanda Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və siyasi iradəsinin parlaq təcəssümüdür. Bu nəticə bölgədə sabitliyin, hüquqi nizamın və uzunmüddətli sülhün təmin olunması üçün mühüm zəmin yaratdı. Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tam təmin etmiş oldu.
Bu gün artıq tam əminlik və qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın dövlət suverenliyi bütün ölkə ərazisində tam şəkildə bərpa olunub. Uzun illərdir işğal və qeyri-qanuni idarəetmə altında olan ərazilərdə artıq nə separatçı rejimlər, nə də qanunsuz silahlı birləşmələr mövcuddur. Qeyri-legitim strukturlara və hüquqazidd silahlı fəaliyyətlərə son qoyulub. Dövlətimizin suveren hüquqları istisnasız olaraq bütün regionlarda təmin edilir və qanunun aliliyi tam şəkildə tətbiq olunur. Bu nailiyyət Azərbaycan xalqının birliyi, ordumuzun gücü və dövlət rəhbərliyinin prinsipial siyasəti nəticəsində mümkün olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(20.09.2025)