Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Roma şəhərində konsert proqramı təşkil olunacaq

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ərəfəsində İtaliyanın Roma şəhərində konsert proqramı təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə

istinadən xəbər verir ki, sentyabrın 16-da Romanın məşhur musiqi təhsili ocaqlarından olan Santa Çeçiliya Konservatoriyasında keçiriləcək konsert proqramında Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli ilə yanaşı, Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək.

 

Opera müğənnisi Çinarə Şirin və pianoçu Svetlana Kosyatovanın da çıxış edəcəyi gecədə “Ritm” rəqs qrupunun ifasında milli rəqslərimiz, xalq musiqisi və nağara şou təqdim olunacaq.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək keçiriləcək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın fərqli bölgələrində konsert və tədbirlər nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.