İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Stalin repressiyasının bir qurbanı da azərbaycanlı şair, ədəbiyyatşünas Salman Mümtaz olub. Bu gün onun güllələndiyi tarixdir.
Salman Mümtaz 20 may 1884-cü ildə Nuxanın (indiki Şəki şəhəri) Gəncəli məhəlləsində anadan olub. Uşaqlıq illərindən elmə böyük maraq göstərib; fars və ərəb dillərini mükəmməl bilib. O, Aşqabadda təhsil alıb, fars və ərəb dillərini də orada öyrənib. Burada Mirzə Əsədulla adlı müəllimdən fars və ərəbcə yanaşı urdu dilini də mənimsəyib. 1893-cü ildə 9 yaşlı Salmanın Aşqabadda Mirzə Ələkbər Sabir ilə görüşü olub. Bu görüşlə Mümtazda ədəbiyyata həvəs yaranıb.
3 ay molla yanında dərs keçən Salman 22 yaşınadək gecə-gündüz öz üzərində ciddi çalışır, fars, ərəb, rus, urdu dillərinə yiyələnib, hafizəsi ilə Şərq ədəbiyyatının incilərini mənimsəyib. Salmanın qüvvətli zəkası olduğu üçün, o, bir çox şeirləri əzbərləyib. İslam xalqlarının dillərini bilməsi onda Şərq ədəbiyyatına qarşı maraq yaradıb.
Türk ədəbi tənqidçisi Yavuz Akpınarın sözlərinə görə 1908-1909-cu illərdə Tiflisdə "Molla Nəsrəddin jurnalı" çıxdıqdan sonra Salman Mümtaz da bu satirik jurnalın yazıçıları arasında yer alıb. Eyni zamanda klassik tərzdə şeirlər də yazıb. Aşqabadda dostları ilə birlikdə ədəbi məclis qurub. 1908-1909-cu illərdə Mümtaz sonradan başda "Molla Nəsrəddin jurnalı" olmaqla, həmçinin Azərbaycan mətbuatının digər orqanlarında dərc edilən satirik şeirləri və məqalələri ilə oxucuların diqqətini çəkib. Yavuz Akpınarın yazdığına görə, "Mümtaz əsərlərində oxucuya öz ölkəsinə və millətinə sevgisini bildirir, ictimai həyatdakı çatışmazlıqları nümayiş və ifşa edib".
1913-cü ildə Tiflisdə ilk kitabı "Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı" əsərini Mirzə Cəlil Məmmədquluzadəin "Qeyrət" mətbəəsində nəşr etdirib. 3 ay Tiflisdə qalan Salman Əsgərzadə ədəbiyyat, tarix və incəsənəti dərindən bilən Abbas Səhhət ilə tanış olub, 2 il öncə dünyasını dəyişən Mirzə Ələkbər Sabirin "Hophopnamə" kitabını nəşr etdirməsində ona önəmli yardım göstərib. Tiflisdə Mirzə Cəlil ilə dostlaşan Mümtaz "Molla Nəsrəddin" jurnalını hərtərəfli maliyyələşdirib.
Salman Mümtaz 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya qayıdaraq "Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Artıq bu dövrdə o, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanıb. Bu dövrdə Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranan müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb.
Azərbaycanlı aktyor və rejissor Rza Təhmasib Təbriz mehmanxasında Hüseyn Cavidin ədəbi yığıncaqlarını xatırladaraq qeyd edib:
“Salman Mümtaz fars və Azərbaycan dillərində əzbərdən və xoş bir ahənglə şeirlər oxuyardı. Onun çox yaxşı yaddaşı var idi.”
1920-ci ildən 1925-ci ilə qədər Mümtaz, Azərbaycan ədəbiyyat və incəsənət nümayəndələrindən təxminən 200 ədəd kitab, məqalə və müxtəlif yazıçıların əlyazmalarını toplamağı bacarıb. "Kommunist" qəzetində "Unudulmuş yarpaqlar" başlığı altında Azərbaycan ədəbiyyatına dair məqalələr dərc edib.
1920-ci ildə Salman Mümtaz Azərbaycan ədəbiyyatın bərpası üzrə komissiyanın təşkilatçısı və sədri olub. Həmçinin o, Azərbaycan ədəbiyyatının tarixinə dair 15, xalq ədəbiyyatına dair isə 2 əsərin, Məhəmməd Füzuli əsərlərinin üç cildinin, "250 şair" toplusunun, "Xətai" divanının, "Səid Əhməd Hatif", "Əli Bakuvi", "Şəki savları" və digər əsərlərin müəllifidir.
Kitabları
1. Əhməd Hatif İsfahaninin bioqrafiyası.
2. Ağa Məsih Şirvani.
3. Molla Pənah Vaqif
4. Nişat Şirvani
5. Məhəmmədhüseyn xan Müştaq
6. Qövsi
7. Nitqi Şirvani
8. Qasım bəy Zakir
9. Mirzə Şəfi Vazeh
10. Seyid İmadəddin Nəsim
Məqalələri
1. Mirzə Şəfi
2. Zövqi
3. Azərbaycan şairi: Naşa
4. Rudəki və Molla Pənah Vaqif
5. Sultanuş-Şüəra Həbibi
6. Nəsimi
7. Azəri Çələbi
8. Xalq şairi Qurbani
1937-ci ilin mart ayında ən yüksək nöqtəsinə çatan Stalin repressiyası Salman Mümtazdan da yan keçməyib. Buna səbəb kimi Hüseyn Cavid, Seyid Hüseyn və Atababa Musaxanlı ilə yanaşı "Bakinski raboçi" qəzetində buraxdıqları "ideoloji səhvləri" göstərilib. Eyni ilin 10 iyun tarixində Salman Mümtaz Azərbaycan Yazıçılar Birliyindən azad edilib. 1937-ci il 10 – 12 iyun tarixlərinddə Salman Mümtaz "xalq düşməni" olaraq adlandırılıb. İyun ayının 19-da Salman Mümtazı burjua milliyətçisi və pantürkist mövqeli şəxs kimi tutduğu vəzifələrdən azad ediblər.
Salman Mümtaz 8 oktyabr 1937-ci il tarixində, axşam saat 11-də Bakıdakı evində – Buynakski küçəsi № 25 ünvanında (indiki – Şeyx Şamil küçəsi) siyasi dustaq kimi həbs olunub. Bir həftə sonra Mümtaz Azərbaycan SSR Cinayət Məcəlləsinin 69, 70, 72, 73 maddələri ilə təqsirli bilinərək ittiham olunub. Salman Mümtaza Sinman, Qalstyan, Avanesyan və Borşşev tərəfindən üç aylıq dəhşətli işgəncələr verilib.
Bəzi mənbələrdə Salman Mümtazın xəstəliyə tutulduğunu və bu xəstəlik səbəbi ilə vəfat etdiyini qeyd ediblər. Lakin, bəzi müəlliflər isə Salman Mümtazın 21 dekabr 1941-ci il tarixində Sol-İletsk həbsxanasında vəfat etdiyini göstəriblər. Mümtazın ailə üzvlərinə təqdim edilən ölümü ilə əlaqədar arayışda Salman Əsgərovun Oryol şəhərində beyin qanaxması səbəbi ilə vəfat etdiyi göstərilib.
Salman Mümtazın ölümü isə bu cür olub. O, 24 fevral 1938-ci il tarixində Sol-İletsk həbsxanasına, daha sonra isə Oryol şəhərinə cəza çəkmək üçün göndərilib. O dövrdə repressiya qurbanı olan tanınmış elm xadimləri ilə birlikdə Mümtaz Oryol şəhərinə sürgün edilib.
1941-ci ilin iyun ayında Böyük Vətən Müharibəsi başlanıb. Daha sonra Lavrenti Beriya və İosif Stalinin ortaq razılığı əsasında şəhəri almanlar ələ keçirməzdən öncə, şəhərdəki bütün siyasi məhbusların güllənməsi qərara alınıb. Dustaqların hamısına özləri üçün məzarlar qazdırılıb və onlar güllələndikdən sonra bu məzarlarda dəfn ediliblər. Rusdilli mənbələrdə bu güllələnmə tarixi 6 sentyabr 1941-ci il kimi göstərilib.
Salman Mümtaza ancaq İosif Stalinin ölümündən və Nikita Xruşşovun hakimiyyətə gəlişindən sonra bəraət verilib. 16 noyabr 1956-cı il tarixində SSRİ Ali Məhkəməsi tərəfindən onun haqqında yazılan ittihamnamə ləğv edilib. SSRİ Ali Məhkəməsinin qərarına əsasən 17 noyabr 1956-cı il tarixində Salman Mümtaza bəraət verilib. Mümtazın ölüm xəbəri ilə bağlı məlumatı isə onun ailəsi 4 mart 1957-ci il tarixində alıb.
17 sentyabr 1996-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Salman Mümtazın adını daşıyır. Şəki şəhərində Salman Mümtazın adını daşıyan küçə var. Türkiyə Respublikası Milli Kitabxanasında Salman Mümtaza həsr olunan bir guşə var.
Bakı şəhərində, – Azərbaycan Yazıçılar Birliyinin binasının daxilindəki fasadında, repressiyyaya məruz qalan iyirmi yeddi Azərbaycan yazıçılarının xatirəsinə bu üzvlərin adlarının həkk olunduğu xatirə lövhəsi inşa edilib. Burada Salman Mümtazın da adı həkk olunub. Lövhə Azərbaycan Xalq Rəssamı, memar Elcan Şamilov tərəfindən işlənilib. Salman Mümtazın bir vaxtlar istifadə etdiyi qələm Azərbaycan Tarix Muzeyinə verilib və hal-hazırda orada sərgilənir. Şair Hüseyn Arif "Alim var" şeirinin bir bəndində Salman Mümtazdan bəhs edib:
Alim tanıyıram, Qoca Qafqazın
Çeşmətək durulub dibindən çıxır.
Alim var, sol əli Salman Mümtazın,
Sağ əli Hümmətin cibindən çıxır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.09.2025)