Bakıda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək Featured

Oktyabrın 6-dan 12-dək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək.

“Ədəbiyyat və incəsənət” pprtalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi tədbir ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirəcək.

Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.

Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı gözlənilir. Ümumilikdə festival çərçivəsində beş mindən çox iştirakçı bir araya gələcək.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksəksəviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.