İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Uşaqlıqdan onu Bəxtiyar kimi – “7 oğul istərəm” filminin qəhrəmanı kimi hər birimiz sevmişik, yaşa dolduqca onun digər filmlərini də maraqla izləmiş, harda onu görmüşüksə, Həsən Məmmədov oynayır, əla kino lacaq demişik.
Bəli, Azərbaycan SSR xalq artisti Həsən Məmmədov, unudulmaz aktyor. Bu gün onun anım günüdür, sevə-sevə xatırlayır, Allahdan rəhmət diləyirik.
Həsən Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. Amma marağı kinoya, teatra olduğundan burada çox duruş gətirə bilməyib. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
Sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunub, 1962-ci ildə oranı bitirib. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda işləyib. 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. O, elə həmin ildən kinoda da fəaliyyət göstərib. 50-dən çox filmdə çəkilib.
İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.
Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.
Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində “Qaraş” obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyir ki, Həsən elə əsl “Qaraş”dır, o çəkilsin. Bundan sonra qərar verilir. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.
Lətifə xanım (həyat yoldaşı) bir hadisəni də xatırlayır: "Arif Babayev "Birisi gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib və deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev də ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna gəldi?" Həsən də cavab verir: "Hə, yaxşı idi. Amma bilmirəm, nədənsə bizim xörəyə oxşayır". Arif Babayev də gülərək "elə sizin evin xörəyidir", - deyib.
Yaxın dostu kino adamı Şeyx Əbdül Mahmudov deyib: “Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov hesab olunub. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr, lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni? İşə gəlmişəm, çəkilişim qurtarsa da, çəkiliş boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var, hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi”.
Filmoqrafiya
1. Böyük dayaq
2. Möcüzələr adası
3. Zirvə
4. Arşın mal alan
5. Yenilməz batalyon
6. İstintaq davam edir
7. İnsan məskən salır
8. Bir cənub şəhərində
9. Dəli Kür
10. Sevil
11. Yeddi oğul istərəm...
12. Axırıncı aşırım
13. Qızıl qaz
14. Gün keçdi
15. Nəsimi
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Lenin komsomolu mükafatı
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Əmək igidliyinə görə" medalı
- SSRİ Dövlət mükafatı
- Şöhrət ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkib. Ürəyindən ağır əməliyyat keçirib. 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Nə qədər ki, Qızıl Fondumuzda olan o filmlər var, Həsən Məmmədov da olacaq.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)