İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də o, Azərbaycanın böyük şairidir. Sovetlərin qılıncının dalı da, qabağı da kəsən dönəmdə “Gülüstan” poemasını yazaraq Azərbaycanın rusların və farsların arasında bölündüyü barədə cəsarətlə var çəkmişdi...
Azərbaycan SSR xalq şairi Bəxtiyar Vahabzadənin bu gün 100 illiyidir. O, 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.
1934-cü ildə 9 yaşı olduğunda onun ailəsi Bakıya köçüb. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında saxlanıb, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O zamandan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur.
"Mənim dostlarım" adlı ilk kitabında toplanan lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxan xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilib. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etməklə yanaşı müntəzəm ədəbi-tənqidi məqalələr yazıb. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan MEA-nın müxbir üzvü, sonra həqiqi üzvü, 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü olub.
Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ordenləri ilə təltif olunub.
1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanan Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.
Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər).
Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib.
70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib. Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikasının Belarusdakı səlahiyyətli və fövqəladə səfiri işləyib. Şairin ən məşhur əsərləri isə "Allah" və Vətəndir".
Kitabları
1. Mənim dostlarım
2. Bahar
3. Dostluq nəğməsi
4. Çinar
5. Sadəlikdə böyüklük
6. Açılan səhərlərə salam
7. Pyeslər
8. Payız düşüncələri
9. Muğam
10. Sadə adamlar
Filmoqrafiya
- Azərbaycan naminə
- Bakı bağları
- Mirzə Babayev
- Bəxtiyar Vahabzadə
- Muğam
- Mətbuat fədaisi
- Qisas
- Qızlar
- Habil Kaman
- İstiqlal şairi
Mükafatları
1. "Azərbaycan SSR xalq şairi" fəxri adı
2. SSRİ Dövlət mükafatı
3. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
4. Azərbaycan SSR Dövlət mükafatı
5. "Oktyabr inqilabı" ordeni
6. "Əmək veteranı" medalı
7. "İstiqlal" ordeni
8. "Qırmızı əmək bayrağı" ordeni
9. "Ləyaqət" ordeninin komandor dərəcəsi (Rumıniya)
10. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Bakı, Şəki, Qobustan və Ağcabədi şəhərlərində mərkəzi küçələrdən biri Bəxtiyar Vahabzadənin adını daşıyır. Bakı, Sumqayıt, Şəki və Yevlax şəhərlərində Bəxtiyar Vahabzadənin adını daşıyan parklar salınıb. 31 avqust 2018-ci ildə Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı olub.
21 fevral 2025-ci ildə Azərbaycan Respublikası Prezidenti Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Türkiyənin Adana şəhərində Sosial Elmlər Liseyi, Elazığ şəhərində bir mərkəzi küçə və Konya şəhərində bir park Bəxtiyar Vahabzadənin adını daşıyır. Serbiyanın Belqrad şəhərində mərkəzi küçələrdən biri Bəxtiyar Vahabzadənin adını daşıyır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.08.2025)