Qadın şairələrin sevgi şeirləri daha çox təsirləndirir Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın tanınmış nəğməkar şairəsi və yazıçı-publisisti Rüzgar Əfəndiyeva. Bu ad bəlkə də bu gün çox az adama tanış gəlir. Amma həqiqətən, poeziya xəzinəmizdə Rüzgar xanıma aid xeyli inci vardır. Yetər ki, hərdən bu xəzinənin qapağını açıb içindəkiləri göstərməyə könlümüz olsun.

 

Tənə də, giley də yersizdir daha,

Qaytar o alışan, yanan eşqimi.

Sənin ki, ürəyin buz bağlayıbdır,

Qaytar o üşüyən, donan eşqimi.

Mənim ürəyimdə dünyaya gəlib,

Sənin ürəyində donan eşqimi.

 

Rüzgar Əfəndiyeva 1947-ci il mayın 9-da Bərdə şəhərində qulluqçu ailəsində anadan olub. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi başlayıb. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib. Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1975-ci ildə "Maarif" nəşriyyatında korrektor, kiçik redaktor, redaktor və "Azərbaycan dili və ədəbiyyatı dərslikləri" redaksiyasının müdiri vəzifələrində işləyib.

Bədii yaradıcılığa orta məktəbdəikən coşqun həvəs göstərib. İlk mətbu şeirləri ("Könül verərsənmi?", "İstərəm"), "Lenin tərbiyəsi uğrunda" çox tirajlı Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxıb. Dövri mətbuatda, ədəbi almanaxlarda müntəzəm çıxış edib. Rüzgar Əfəndiyevanın şeirləri təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində — Türkiyədə, Rusiyada, Əfqanıstanda, Bolqarıstanda və Özbəkistanda müxtəlif mətbu orqanlarında çap olunub, şeirlərinə bir çox mahnılar bəstələnib. "Axtarma məni", "O sənli günlərim", "Dəniz və məhəbbət", "Pıçılda", "Kimsə xoşbəxt oldu", "Niyə tələsdin", "Payız toyları" və sair mahnıları populyarlıq qazanıb.

Bu mahnıları Zeynəb Xanlarova, Niyaməddin Musayev, İlhamə Quliyeva, türk müğənniləri Emel Sayın, Nəşə Qaraböcək ifa ediblər. Oqtay Rəcəbov, Oqtay Kazımi, Bahadur Hüseynov, Həsənağa Qurbanov kimi bəstəkarlar onun yaradıcılığına müraciət ediblər. O, "Unuda bilməzsən" (1981), "Gözlə" (1989), "Ömürdən keçən illər" (1995), "Lalənin ləçəyi" (1996), "Aydınlıqdan gedən yolda" (1997), "Gedən də var, qalan da var" (1999), "Xatirələr çiçəkləyəndə" (1999), "Vətəndir Arifin səsi", "Əbədi günəş" və s. kitabların müəllifidir.

 

Rüzgar Əfəndiyevanın "Lalənin ləçəyi" adlı kitabına (Bakı: Maarif, 1996, 2001) şairin silsilə şeirləri daxil edilib. Türkiyədə dərc olunan "Şeir dəftəri" jurnalında Havva Abdullayevanın Rüzgar Əfəndiyevanın yaradıcılığı haqqında yazısı verilib.Rüzgar Əfəndiyevanın yaradıcılığı təkcə şeirlə tamamlanmır. O, həm də bir sıra nəsr əsərlərinin müəllifidir. Onun "Yol gözləyənlər" povesti əsasında radio-tamaşa hazırlanıb dinləyicilərə təqdim olunub və hazırda Azərbaycan radiosunun qızıl fondundadır. Bundan başqa "Uçuş", "Qorxuram ki...", "Sabah da qar yağacaq" kimi hekayələri mətbuatda dərc olunub. "Rüstəm - Napoleonun uyavəri" adlı roman yazıçının son işlərindən sayılır.

Rüzgar Əfəndiyeva həm də Natəvan operasının ariya və duet mətnlərinin müəllifidir. 1999-2002-ci illərdə bəstəkar Vasif Adıgözəlovla birlikdə bu əsər üzərində işləyib. Əsər 2003-cü il dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub və böyük uğur qazanıb.

Onun yaradıcılığı haqqında xalq şairi Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza Ulutürk, Vəli Nəbiyev, Boris Leonov (Moskva), Akif Əliyev, Sabir Rüstəmxanlı, Sərvaz Hüseynoğlu, Qasım Qasımzadə, Nəriman Həsənzadə və b. öz fikirlərini söyləyiblər. Şeirləri dərsliklərə və dərs vəsaitlərinə salınıb. Rüzgar Əfəndiyeva "Araz" ali ədəbi (1997), "Heyran xanım" ədəbi (1994), "Qızıl qələm" (2005), "Nigar Rəfibəyli" (2006) adına mükafatların laureatıdır. Rüzgar Əfəndiyeva Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Rüzgar Əfəndiyeva 2011-ci ilin 9 avqust günündə qəfil vəfat edib.

Allah rəhmət eləsin.

Az sonra Rüzgar xanım barədə yazılmış bir yazı da təqdim edəcəyik.

 

 “Ədəbiyyat və incəsənət”

(09.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.