Gərəksiz “anlaşma”lara, ziyanlı “güzəşt”lərə niyə getmişik?.. Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Tarixən formalaşmış, özünəxas mədəniyyətə, dilə və mənəvi birlik duyğusuna malik, eləcə də, iqtisadi-siyasi birlik nümayiş etdirən sabit insan toplumuna ulus deyirik. Deyirik, bu toplum öz varlığını həm fərdlər səviyyəsində qavrayır, həm də onu qorumağa və gələcəyə daşımağa çalışır - yəni dövlətçilik bilinci var.

 

Hər bir ulusun daha çox üstünlük verdiyi yaxud öncül mövqe qazanmış bir hadisə, kateqoriya ilə özəlliklə fərqləndiyini görə bilərik. Bəzilərində bu, ərazi (coğrafiya), digərlərində tarix (irs), bir başqasında isə iqtisadiyyatdır. Bizim üçün dil və dövlətçilik daha üst qatda dayanır.

Dilimiz – danışmaqla yanaşı, var olmaq, milli yaddaşı daşımaq, mədəni kimliyi ifadə etmək, habelə müstəqil dövlətçilik bilincini üfüqötəsinə yüksəltmək üçündür. Bu dili qorumaq, yaşatmaq – sözlüyə yiyə durmaqla birgə, vicdana, ulusun sorumluluğuna yazılmış borc kimi də qavranıla bilər.

 

Dünənki tarix - 1 Avqust – Azərbaycan Əlifbası və Dili Günü – bir təqvim faktı olmağın yanında, bir ulusun yazılı əhdidir - desək, yerinə düşər.

Yaxşı, bəs əlifba dəyişəndə yalnız əlifbamı dəyişmiş olur? Bəs heç dəyişməyən nə olur?..

Tariximizin acılı-şirinli dönüşlərinə baxaq: ərəb qrafikalı əlifbadan latın qrafikasına, ordan kiril və yenidən latın qrafikalı əlifbaya keçmiş bulunuruq…

Hər biri – bir çağın ideoloji hökmü, amma dilimiz – millətin hökmü olub. Onu da unutmayaq: bizim öz doğma əlifbamız, yazımız-yazılağımız olub - Orhun-Yenisey abidələri bütün inkarçılara, köksüzlərə və özünü lələhüy durumdaymış kimi hiss edənlərə daş kimi sərt, yaddaş kimi isti cavabdır. Kimsə bizi sanki yazıya ərəb əlifbasıyla başlamışıq kimi göstərməyə qalxışmasın.

Latın qrafikalı əlifbaya qayıdışımız texniki məzmunla birgə, mənəvi qayıdış idi. Son illər latın əlifbasının bizim Turan əlifbasından – Orhun-Yenisey əlifbası kimi tanıdığımız yazılaqdan törədiyinə dair fikirlər yayılır. Bunun yalnız qulağa deyil, elmə, tarixə də xoş gələcəyinə inanıram.

“Dildən bir qavramın itməsi, mədəniyyətdən bir layın itməsi deməkdir” (Mehmet Niyazi). – Təqribən 25 il öncə Rumıniyada tanışdığım bu fikri sadə bir aforizm kimi yox, bir növ dövlətçilik fəlsəfəsi, öz mədəniyyətinə yiyə durmaq aktı kimi oxumuşam.

Bəli, dövlət dili – sadəcə mətnlərə yazılmır.

O:

– ana laylasında,

– aşığın sazında,

– uşaq oyuncağında,

– məktəb lövhəsində,

– səfirin çıxışında,

– vətəndaşın müraciətində,

– hətta… ondan ötələrdə – örnəyi, Şuşa dağlarına dırmaşan və zirvədəki Mədəniyyət paytaxtını ağır silahlarsız azad edən əsgərin sarsılmaz iradəsindədir.

 

Bir akademik münasibətdə deyildiyi kimi:

“Dil – mədəni,əxlaqi, dini, estetik normaların saxlanması və gələcək nəsillərə ötürülməsində aparıcı və əsas vasitədir”.

Şuşada, Xankəndidə,  Xocalıda dalğalanan qutsal bayrağımız həm də dilimizin, mədəniyyətimizin, ümid və inamımızın Zəfər bayrağıdır. Biz Dəmir Yumruqla yeni gerçəklik yaratmış, bölgəmizə yeni dönəm gətirmişik. Yeni dönəm – yeni sorumluluq deməkdir.

Ümumən dünya dəyişir. Süni intellekt, maşın çevirməçiliyi, sosial media – həm dilin imkanlarını genişləndirir, amma həm də onu çökdürmə yoluna girir. Dili qorusaq dil özü qoruyuculuğunu bütün əməli çalışma sahələri üzrə göstərəcək. Burada, qoruma və qorunma qarşılıqlıdır.

 

Əgər biz öz gəncimizə ana dilində təfəkkür etməyi öyrətməsək – dilimiz təkcə “danışıq” dili olaraq qalacaq; amma dilimiz düşüncə dilidir – Dədə Qorquddan Həsənoğluna, Füzulidən Vaqifə, Əli bəy Hüseynzadədən günümüzün fədakar dilçilərinə qədər bu dil bilinc, yaddaş, irs daşımış ulu dildir. Dilimizin yolu, coğrafiyası zaman-zaman genişlənincə – qarmaşıq dönəmlərdə qılıncımızla birgə yeni ünvanlar qazanınca, istər-istəməz qaynayıb-qarışdığı, hətta fəthlərdən “arxayın düşdüyü” olub; o üzdən gərəksiz “anlaşma”, ziyanlı “güzəşt”lərə də gedib bu dil…

Gündoğardan Günbatara, Güneydən Quzeyə atbelində ildırım kimi qoşan ordularımızdakı igidlərin törəmələri bu gün cənub, cənubi, şimal, şimali deyir. Ehtiyac varmı?.. Əsla, yox!

Yaxud, gül kimi “uğur”, “başarı” varsa, (deyincə, az qala çənəmizin çüyü çıxacaq) “müvəffəqiyyət” “nailiyyət”, “öncə” varkən “əvvəl”, “birincisi” varkən, “əvvalə”, “özkeçmiş” varsa, “tərcümeyi-hal”, “avtobioqrafiya, “CV” neyçün?.. - Bax, bu, sadə örnəklərdən də göründüyü kimi, dilimizin arınıb-durulması, gərəksiz yad sözlərdən silkinməsi gərəkdir, gərəkdir, gərəkdir!

Ayrıca, bugünkü gənc bilinc “bratan”, “qaqulya”, “bro”, “inşallah+like”, “okey” arasında itirilməməlidir. Dilimizin saflığı, sadəliyi və zənginliyi – onun yaşamaq strategiyası, bizim isə var olmaq tərzimizdir.

Sosial media şivəsi, küçə dialekti, korporativ dil – heç biri dövlətin, ulusun dili ola bilməz.

Əgər ortaq türk mədəniyyəti deyiriksə, öncə ortaq əlifba, dilin ortaqlaşma imkanı, sonra ortaq fikir və ortaq gələcəklə bağlı işlərimiz gəlməlidir.

Azərbaycanın 24 il öncə aldığı tarixi qərarı Türküstanlı qardaş dövlətlər - Qazaxıstan, Özbəkistan da atmalı, paralel əlifbadan biranlamlı şəkildə qurtulmalı, kiril qrafikalı əlifbaya əlvida deməlidir. Qırğız qardaşlarımız yubanmadan latın qrafikalı əlifbaya keçməlidir. Ötən il razılaşdırılmış ortaq türk əlifbası uyğun ortamda tətbiqata keçməlidir. Ortaq dil üçün söz alış-verişi mühiti gücləndirilməlidir - KİV-lər, universitetlər, eləcə də, ortaq kino çəkimləri, birgə tamaşa hazırlanımları və s. bu işdə böyük önəm daşımaqdadır. Hətta, ayrı qrafika, xeyli fərqli dil ortamı belə bizi ortaq amal uğrunda çalışmaqdan geri çəkməməlidir. Ortaq gələcəyə doğru irəliləmək özü öz əlifbasını, dilini və hər şeyini doğurmaq kimi bir ruhi gücə sahibdir. Niyyət (ondan irəli amal) – işin yarısıdır – deyiblər.

Kim deyibsə, çox yaxşı deyib: “Dil – bayraq kimidir – açanda görünür, dalğalananda yaşanır”...

Dil bayrağımız, dövlət bayrağımız uca olsun!

Dilimiz də, dövlətimiz də çox zavallar görüb - daha zaval görməsinlər!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.